Azərbaycan və Qırğızıstanın yaxınlaşması Türk dünyasının inteqrasiyasına impuls verir- ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfərin əsas nəticəsi isə heç şübhəsiz ki, Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. İki ölkə arasında strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəldilməsi təbii ki, bir günün nəticəsi deyil. Son illərdə bu istiqamətdə yürüdülən gərgin əməyin və fəaliyyətin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib: "Qırğızıstan Azərbaycanın Mərkəzi Asiyaya açılan qapılarından birinə çevrilir. "Bu səfərin ən mühüm geosiyasi tərəflərindən biri onun Azərbaycan-Qırğızıstan münasibətləri çərçivəsindən kənara çıxmasıdır. Çünki Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini strateji səviyyəyə yüksəldib. Bakı artıq yalnız Cənubi Qafqazın deyil, Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropanı birləşdirən daha geniş geoiqtisadi məkanın fəal iştirakçısıdır. Prezident İlham Əliyev də dəfələrlə Mərkəzi Asiya ilə Cənubi Qafqazın daha sıx inteqrasiyasının vacibliyini vurğulayıb". 
Deputat hesab edir ki, təbii olaraq Qırğızıstanın bu prosesdə xüsusi yeri var: "Bu baxımdan Azərbaycan-Qırğızıstan müttəfiqliyinə yalnız Bakı-Bişkek xətti kimi baxmaq düzgün olmaz. Burada daha böyük Çin-Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Türkiyə-Avropa coğrafi xəritəsi formalaşır. Beləliklə, Qırğızıstanla müttəfiqlik Azərbaycanın Orta Dəhliz strategiyasına siyasi dayaq yaradan amillərdən birinə çevriləcək".
 Deputat onu da qeyd edib ki, bu səfər həm də Türk dünyasının birliyinin daha da dərinləşməsi, inteqrasiyası baxımdan mühüm tarixi əhəmiyyət kəsb edir:  "Səfərin tarixi əhəmiyyəti yalnız ikitərəfli münasibətlərdə axtarılmamalıdır. Azərbaycan və Qırğızıstanın yaxınlaşması bütövlükdə Türk dünyasında inteqrasiya prosesinə yeni impuls verir.
Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı fəallığı, Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıqların genişlənməsi və nəqliyyat-kommunikasiya layihələrinin bir-biri ilə əlaqələndirilməsi Türk dünyasının artıq yalnız mədəni-humanitar platforma olmadığını nümayiş etdirir. Bu gün söhbət ticarətdən, investisiyalardan, nəqliyyatdan, enerji təhlükəsizliyindən və rəqəmsal əlaqələrdən gedir. Yəni Türk dünyasında mənəvi birlik ideyası tədricən praktik geoiqtisadi əməkdaşlıq modelinə çevrilir.
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın inkişafını və regional rolunu xüsusi qeyd etməsi, İlham Əliyevin isə Qırğızıstanın nailiyyətlərini qardaş ölkənin uğuru kimi qiymətləndirməsi bu siyasi yaxınlığın yalnız protokol xarakteri daşımadığını göstərir.
Bu prosesin mühüm simvolik tərəfi də var. İlham Əliyev Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi xüsusi vurğulayaraq Ağdamda Manas adına məktəbin yaradılmasını iki xalqın qardaşlığının rəmzi adlandırıb. Beləliklə, Türk dünyasının həmrəyliyi siyasi bəyanatdan çıxaraq Qarabağın bərpası kimi real layihələrdə də öz ifadəsini tapir".
Səfərin geosiyasi əhəmiyyətinə gəldikdə F. İbrahimlinin fikrincə, bunun ən mühüm nəticəsi isə ondan ibarətdir ki, Bakı ilə Bişkek arasındakı müttəfiqlik potensial olaraq Avropa ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq zəncirinin bir hissəsinə çevrilir.
"Avropa üçün əsas məsələ alternativ və etibarlı nəqliyyat və enerji bağlantılarının inkişafıdır. Orta Dəhliz artıq Asiya ilə Avropanı Cənubi Qafqaz üzərindən birləşdirən multimodal marşrut kimi inkişaf etdirilir. Burada Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, Bakı həm Xəzərdən keçən nəqliyyat marşrutlarının, həm də Cənubi Qafqaz üzərindən Türkiyəyə və Avropaya uzanan bağlantıların əsas qovşaqlarından biridir.
Qırğızıstan isə bu sistemin Mərkəzi Asiya hissəsində yerləşir. Deməli, iki ölkə arasında nəqliyyat, enerji və investisiya əməkdaşlığının gücləndirilməsi təkcə ikitərəfli ticarətin artmasına deyil, daha geniş Avrasiya logistika sisteminin dərinləşməsinə xidmət edəcək", - o vurğulayıb.
Millət vəkili yekun olaraq deyib ki, "Bakı-Bişkek" xəttinin əsas mesajı budur: "Azərbaycan və Qırğızıstan münasibətləri artıq sadəcə dostluq və qardaşlıq anlayışları ilə məhdudlaşmır. Bu münasibətlər siyasi müttəfiqlik, iqtisadi investisiya, nəqliyyat, enerji və təhlükəsizlik mexanizmləri ilə tamamlanan kompleks strateji modelə çevrilir. Prezident İlham Əliyevin "müttəfiqlik ... qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir" fikri məhz bu transformasiyanın mahiyyətini ifadə edir. Sadır Japarovun isə münasibətlərdə "tam etimad və açıqlıq mühiti"nin formalaşdığını vurğulaması iki ölkənin gələcək əməkdaşlığının siyasi bazasının kifayət qədər möhkəm olduğunu göstərir. Əsas məsələ isə səfər zamanı imzalanan sənədlər Bakı-Bişkek müttəfiqliyi yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının geoiqtisadi çəkisini artıran amilə çevriləcək.
Bu baxımdan İlham Əliyevin Qırğızıstana dövlət səfərinin tarixi əhəmiyyəti bir cümlə ilə belə ifadə oluna bilər: Bakı ilə Bişkek arasında imzalanan müttəfiqlik müqaviləsi iki paytaxtı deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqazı, Xəzəri və Avropanı birləşdirən daha geniş geosiyasi xətti möhkəmləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31