"Cem Küçük hadisəsi və Azərbaycan üçün nəticələr: ekspert məsuliyyəti və informasiya etikası - ÖZƏL

"Türkiyədə tanınmış jurnalist və siyasi şərhçi Cem Küçükün "ictimaiyyəti qəsdən yanlış məlumatla aldatma" və "şantaj" ittihamları ilə saxlanılması media və ekspert məsuliyyəti məsələsini yenidən gündəmə gətirib. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilib". Olaylar xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Rusiya  iqtisad elmləri doktoru Zahid Fərrux Məmmədov deyib: "Hazırda iş üzrə araşdırma davam edir və yekun məhkəmə qərarı verilməyib. Bu hadisə bir daha göstərir ki, cəmiyyətə təqdim olunan məlumatın doğruluğu, ekspert rəyinin obyektivliyi və media etikası demokratik institutların fəaliyyətində mühüm əhəmiyyət daşıyır. Xüsusilə ictimai rəyə təsir edən şəxslər üçün peşəkar məsuliyyət hüquqi və etik baxımdan daha yüksəkdir.
Azərbaycan üçün bu hadisədən çıxarılan əsas dərslərdən biri ekspert institutunun məsuliyyətinin gücləndirilməsidir. Son illər müxtəlif televiziya proqramlarında, internet platformalarında və sosial şəbəkələrdə bəzi şəxslərin ali təhsil müəssisələri barədə kifayət qədər fakt və elmi təhlilə əsaslanmayan müsbət və ya mənfi fikirlər səsləndirdiyi müşahidə olunur. Universitetlərin fəaliyyəti onların beynəlxalq reytinqləri, akkreditasiya nəticələri, elmi məhsuldarlığı, məzun məşğulluğu, maliyyə şəffaflığı və digər obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Subyektiv rəylər və ya sifariş xarakterli çıxışlar cəmiyyətin ali təhsil haqqında yanlış təsəvvür formalaşdırmasına səbəb ola bilər. Əgər hər hansı ekspert müəyyən universiteti əsaslandırılmış faktlar olmadan ardıcıl şəkildə tənqid edir, digərini isə həddindən artıq tərifləyirsə, bu, həmin mövqenin obyektivliyi barədə suallar yarada bilər. Belə hallarda ictimaiyyət ekspert rəylərinin hansı məlumatlara, metodologiyaya və sübutlara əsaslandığını tələb etməlidir. Eyni zamanda, bu şəxsin maliyyə maraqları ilə hərəkət etdiyini səlahiyyətli orqanların araşdırmasını xahiş edə bilər.  İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ali təhsil üzrə ekspert rəyləri şəffaf məlumatlara, müqayisəli statistikaya və beynəlxalq meyarlara əsaslandıqda həm universitetlərin inkişafına, həm də cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət edir. Cem Küçük ətrafında baş verən hadisə göstərir ki, ictimai nüfuza malik şəxslər üçün informasiya məsuliyyəti yalnız etik deyil, eyni zamanda hüquqi məsuliyyət də yarada bilər. Azərbaycan üçün əsas nəticə ondan ibarətdir ki, ali təhsil və elm sahəsində ekspert rəyləri şəxsi münasibətlərə deyil, faktlara, elmi təhlilə və şəffaflığa söykənməlidir. Bu yanaşma həm universitetlərin sağlam rəqabətinə, həm də cəmiyyətin etibarlı informasiya əldə etməsinə xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31