Moskvanın İrəvana iqtisadi xəbərdarlığı: Paşinyanın ikili oyunu iflas edir? – ÖZƏL

"Paşinyan hakimiyyətə təsadüfi gətirilməyib. Amerika Birləşmiş Ştatlarının Paşinyanın hakimiyyətə gətirilməsi ilə bağlı müəyyən planları olub və bu planlar üzərində iş aparılıb. Paşinyan Soros Fondunun dəstəyi və ABŞ diplomatik korpusunun himayəsi ilə hakimiyyətə gəlib. Məqsəd Paşinyan vasitəsilə Ermənistanda yeni siyasi kurs formalaşdırmaq idi və bu illər ərzində o, həmin siyasəti həyata keçirməkdədir. Daha doğrusu, Paşinyan ABŞ-dən gələn təlimatlar əsasında fəaliyyət göstərir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, məqsəd Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək, Ermənistanın siyasi kursunu Qərbə yönəltmək və ölkəni Rusiyanın himayəsində olan platformalardan uzaqlaşdırmaqdır. Paşinyan da bu illər ərzində bu siyasəti uğurla həyata keçirməkdədir. İndiyədək Paşinyanın siyasətinə əsasən Rusiyanın müstəqil ekspertləri və ictimai-siyasi xadimləri münasibət bildirirdilərsə, indi artıq Rusiya rəsmiləri, o cümlədən prezident və xarici işlər naziri səviyyəsində Paşinyanın fəaliyyəti açıq şəkildə tənqid olunur. Kreml yaxşı bilir ki, Paşinyan Qərbin diktəsi ilə idarə olunur və Rusiyanın himayəsində olan platformalardan uzaqlaşma siyasəti yürüdür. Bu isə Rusiyanın maraqlarına uyğun deyil. Çünki Paşinyan Rusiyanın regiondakı maraqlarını nəzərə almır və onun siyasəti qlobal güclərin maraqlarını toqquşduraraq regionda gərginlik yaradır. Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüş zamanı da Rusiya prezidenti açıq şəkildə bildirdi ki, seçim etmək lazımdır: ya Avropa İttifaqına inteqrasiya etmək, ya da Avrasiya İqtisadi Birliyində qalmaq. Paşinyanın məqsədi isə aydındır. O, Ermənistanı Avropa İttifaqına inteqrasiya etdirmək, gələcəkdə isə NATO-ya yaxınlaşdırmaq niyyətindədir. Təbii ki, Rusiyada bu siyasətdən narazıdır. Ermənistan mallarının Rusiya bazarlarına çıxışına məhdudiyyətlərin tətbiqi də Ermənistan rəhbərliyinə, xüsusilə baş nazirə verilən bir mesajdır. Bu mesaj ondan ibarətdir ki, əgər Ermənistan Rusiyanın siyasi maraqlarını nəzərə almadan Qərbyönlü siyasət həyata keçirəcəksə, Rusiyanın strateji maraqlarına zidd fəaliyyət göstərəcəksə və Qərbin əlində alətə çevrilərək Rusiya ilə düşmənçilik həddinə çatacaqsa, Moskva buna cavab verəcək. Bu proseslər Ukrayna ssenarisində də müşahidə olunmuşdu. Zelenski açıq şəkildə Qərbyönlü siyasi kurs həyata keçirdi, Rusiyanın strateji maraqlarını nəzərə almadı və münasibətləri düşmənçilik həddinə gətirdi. Nəticə isə bu gün Ukraynada göz qabağındadır. Paşinyan da eyni ssenari üzrə, eyni təlimatlar əsasında siyasət aparır. Necə ki, Qərb Zelenskiyə belə təlimatlar verirdi, indi də Ermənistan rəhbərliyinə eyni istiqamətdə təsir göstərir ki, Ermənistanı Rusiya ilə qarşıdurma həddinə gətirsin.

Ekspertin sözlərinə görə, Qərbin məqsədi Cənubi Qafqaz ölkələri ilə Rusiya arasında qarşıdurma yaratmaqdır. Gürcüstanın baş naziri də açıq şəkildə bəyan etmişdi ki, Avropa İttifaqı Gürcüstana Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün təzyiq göstərir. Bu isə onu göstərir ki, Qərbin məqsədi Cənubi Qafqaz respublikaları ilə Rusiya arasında düşmənçilik toxumu səpməkdir. Ermənistan rəhbəri Paşinyan erməni xalqının maraqlarından deyil, Qərbin maraqlarından çıxış edərək fəaliyyət göstərir. Bu baxımdan onun mətbuat konfranslarında verdiyi mesajlar və bəyanatlar da ikili xarakter daşıyır. Çünki Paşinyan yaxşı anlayır ki, hazırkı mərhələdə Rusiya ilə açıq qarşıdurmaya getmək Ermənistan xalqının maraqlarına uyğun deyil. Buna görə də o, ikili bəyanatlar verməklə mövqeyini nümayiş etdirir. Bir tərəfdən Avropa İttifaqının təlimatları var və ona uyğun davranmalıdır, digər tərəfdən isə Rusiyanın təsir rıçaqları mövcuddur. Bu baxımdan Paşinyan dilemma qarşısında qalıb. Onun mövqeyindən belə nəticə çıxarmaq olar ki, Ermənistanın gələcək məqsədi Avrasiya İqtisadi Birliyindən çıxmaq və Avropa İttifaqına inteqrasiya etməkdir. Bu, Paşinyana verilən təlimatdır və o da həmin təlimatı həyata keçirir. Sadəcə reallıqlar onu müəyyən qədər çətin vəziyyətə salır. Çünki Ermənistanın idxal-ixrac əməliyyatları böyük ölçüdə Rusiya bazarlarına bağlıdır. Ermənistan güzəştli şərtlərlə Rusiyadan qaz alır. Bundan başqa, Avrasiya İqtisadi Birliyinin qaydalarına əsasən Ermənistan məhsulları Gömrük İttifaqı çərçivəsində sərbəst şəkildə Rusiya bazarlarına daxil olurdu. Buna görə də Rusiyanın Ermənistan məhsullarına məhdudiyyət qoyması siyasi mesaj xarakteri daşıyır və Ermənistanı Rusiyanın maraqlarına uyğun davranmağa çağırır. Paşinyan da bunu yaxşı anlayır və reallıqlara uyğun davranaraq vaxt qazanmağa çalışır. Necə ki, Almaniyanın keçmiş kansleri Angela Merkel 2015-ci ildə demişdi ki, Minsk razılaşmaları vaxt qazanmağa xidmət edib. Həmin müddətdə Ukrayna Qərb tərəfindən silahlandırıldı və dəstəkləndi. Paşinyan da indi vaxt qazanmağa çalışır ki, Ermənistan həm siyasi, həm də iqtisadi baxımdan Avropa İttifaqına inteqrasiya prosesini sürətləndirə bilsin. Bu müddətdə isə Rusiya və Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığı tam dayandırmadan davam etdirmək istəyir. Məqsəd artıq aydındır və hər şey göz qabağındadır. Rusiya rəsmiləri də bilir ki, Paşinyan açıq şəkildə Rusiyadan uzaqlaşma siyasəti həyata keçirir və Qərbin təlimatları əsasında fəaliyyət göstərir. Ona görə də Rusiya öz təsir rıçaqlarından istifadə etməyə çalışır. Bu rıçaqlardan biri də Ermənistan məhsullarına məhdudiyyətlərin tətbiq edilməsidir. Əgər proseslər bu şəkildə davam edərsə və Paşinyan Rusiyanın göndərdiyi mesajları nəzərə almazsa, Moskva daha sərt təsir vasitələrindən istifadə edə bilər. Bunun necə olacağını isə zaman göstərəcək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31