Rusiya bazarının itirilməsi Ermənistan üçün ağır sosial nəticələr vəd edir-Politoloqdan açıqlama- ÖZƏL
15:34 Siyasət" Ermənistanın Avropaya inteqrasiya ilə bağlı qərarı onun müstəqil dövlət kimi suveren hüququ olsa da, bu siyasətin onun Rusiya ilə münasibətlərinə təsirsiz ötüşməyəcəyini baş nazir olaraq Paşinyan bilməmiş deyildi. Rusiya hakimiyyətinin bir sıra rəsmiləri, o cümlədən baş nazirin müavini Overçuk dəfələrlə bildirmişdilər ki, rəsmi İrəvanın Avropaya inteqrasiya ilə bağlı mövqeyi onun suveren hüququdur. Bununla belə, o, həm Aİ ilə, həm də Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri paralel şəkildə, özü də eyni qaydada davam etdirə bilməyəcək".
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
"Aİ geosiyasi anlamda Rusiya ilə münasibətlərə fərqli prizmadan yanaşır, onunla müharibə edən Ukrayna hakimiyyətinə hər cür dəstək verir və Ermənistanın da Rusiyanın hərbi müttəfiqi, habelə strateji tərəfdaşı olaraq Aİ ilə eyni mövqedə durması, əlbəttə, Rusiyanı məmnun etmir. Elə bu səbəbdəndir ki, Rusiya son vaxtlar Ermənistanla münasibətlərdə "yumşaq güc" tətbiqinə tez-tez müraciət edir. Nəticə etibarilə Ermənistanın Rusiya ilə iqtisadi-ticari münasibətlərinin dövriyyə həcmi getdikcə azalır.
Bu ilin əvvəli üçün ticari-iqtisadi münasibətlərin dövriyyəsi 7,66 milyard dollara yaxın olmuşdur. Hazırda Rusiyanın fitosanitar nəzarəti gücləndirməsi, habelə logistika siyasətinə dəyişikliklər etməsi nəticəsində Ermənistanın Rusiya ixracatında payı 28,4 faizə qədər aşağı düşmüşdür. Bundan əlavə, Rusiyanın Ermənistandan daxil olan kənd təsərrüfatı məhsullarına fitosanitar tətbiqləri nəticəsində ilin sonuna qədər onun itkiləri 270 milyon dollara qədər yüksələ bilər. Rusiya nəinki Ermənistanın kənd təsərrüfatı məhsullarının, o cümlədən yüngül və yeyinti sənayesi məhsullarının, ilk növbədə isə konyak və şərabın Rusiyaya ixracatında süni maneələr yaratmaqla Ermənistan sahibkarlarını və fermerlərini Paşinyan hökumətindən narazı sala, bu ölkədə etirazçı elektoratın iqtidara sosial və siyasi təzyiqlərini gücləndirə bilər. Zira Rusiya kimi nəhəng bazarın itirilməsi Ermənistan üçün ciddi sosial kataklizmlər vəd edir.
Aİ-nin Ermənistana Rusiyanın təzyiqləri ilə bağlı dəyə biləcək ziyanı kompensasiya edəcəyi ilə bağlı açıqlamalarına gəlincə isə, hələlik bu istiqamətdə ciddi işlərin getdiyi müşahidə edilmir. Aİ-nin sözdən əmələ keçməsi, təbii ki, zaman axarında baş tuta bilər. Bu kimi vədlərin Ukraynanı Rusiya ilə qarşıdurma halına gətirdiyi isə məlumdur.
Ermənistanın kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına gömrüksüz keçməyəcəyi şəksizdir. Halbuki, Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü olaraq Ermənistan bu birliyin üzvü olan dövlətlərlə iqtisadi-ticari münasibətlərini gömrüksüz həyata keçirir və böyük mənfəət götürürdü.
Bütün bunlarla yanaşı, Ermənistan Aİİ-nin üzvü olaraq Rusiya qazını da Avropa ölkələri ilə müqayisədə kifayət qədər ucuz qiymətlərlə alır, hər min kubmetr üçün 176 dollar ödəyirdi. Halbuki, Rusiya Avropa Birliyinin məlum dövlətlərinə qazın hər min kubmetrini 570-620 dollara satır. Ermənistan isə idxal etdiyi qazın 86 faizini məhz Rusiyadan, qalan 14 faizini isə İrandan alır. Rusiyanın qaz tədarükü üçün tarif qiymətlərini qaldıracağı halda isə Ermənistanın itkiləri milyard dollarlarla ölçüləcək.
Rusiyanın "yumşaq güc" tətbiqi ilə bağlı siyasətinin Ermənistanda sosial narazılığı gücləndirəcəyi bəllidir. Üstəlik, Rusiyanın Ermənistandan olan və sayı 1 milyonu keçən erməni qastarbayterlərə qarşı miqrasiya siyasətini gücləndirmək imkanları da var. Onların isə il ərzində Rusiyadan Ermənistana köçürdükləri pulun həcmi Ermənistan büdcəsinin üçdə birinə bərabərdir. Belə sosial kontrastların fonunda Paşinyanın referenduma gedəcəyi şübhə doğurur. Digər tərəfdən, son parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, qanunvericilik hakim partiyaya referendumun keçirilməsi üçün səlahiyyət vermir".
Zeynəb Mustafazadə