Bank sistemində nə baş verir? - Təhlil

Vətəndaşlar hansı banka etibar edə bilərlər?

Azərbaycanda həyata keçirilən islahatlar bank sektoruna da sirayət edib. Hazırda ölkədə bankların sağlamlaşdırılması prosesi aparılır. Belə ki, Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "Amrahbank" ASC-yə müvəqqəti inzibatçılar təyin olunub. Bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə həmin banklardan ikisinin - "Atabank" ASC-nin və "Amrahbank" ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib. Bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilib "AGBank" ASC və "NBCBank" ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilərək müvafiq qiymətləndirmələr aparılıb.

"NBCBank" ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələrlə bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğu, kapitalın tam itirildiyi, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunmuş, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olub. "NBCBank" ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilib ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib."AGBank" ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələrlə həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilib və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən "NBCBank" ASC-nin lisenziyaları ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Rəsmi məlumata görə, hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və itirilməsi təhlükəsinin qarşısının alınması, onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır. Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.

Maraqlıdır, əgər banklar müştəriləri qarşısında öz öhdəliklərini yerinə yetirə bilmirlərsə, onların banklarda olan əmanətlərinin qorunmasına təminat vermirlərsə Azərbaycan vətəndaşı hansı banka etibar edə bilər? Yeri gəlmişkən qeyd edək ki, Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuata açılamasında vətəndaşların bank seçərkən diqqətli olmadığını deyib. Baş bankir bildirib ki, vətəndaşlar çox vaxt "dostunun-tanışının çalışdığı bank"a üstünlük verirlər". Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov  bildirib ki, vətəndaş bank seçən və əmanətlərini yerləşdirən zaman bankın rəsmi internet səhifəsindəki maliyyə hesabatları ilə tanış olmalıdır: "Xüsusilə maliyyə hesabatlarında gəlir və xərclərə, mənfəət və zərərlə işləyib-işləməməsinə diqqət yetirsinlər. Mərkəzi Bank sədri qeyd etdi ki, maliyyə hesabatlarında olan rəqəmlərin bir qismi reallığı əks etdirmir. Söhbət müvəqqəti inzibatçıların təyin edildiyi banklardan gedir. Sual yarana bilər ki, əgər bu banklarda maliyyə hesabatları doğru deyilsə, vətəndaşlar maliyyə hesabatlarına baxmaqla, qərar verə bilərlərmi? Güman olunur ki, bu halda vətəndaşın Mərkəzi Bank tərəfindən hesabatlılığa nəzarəti güclənəcək. Amma eyni zamanda, vətəndaşlar maliyyə hesabatları ilə yanaşı, həmin bankın auditinin hansı şirkət tərəfindən aparılmasına da diqqət yetirməlidir. Əgər banka audit xüsusilə böyük dördlüyə daxil olan şirkətlər tərəfindən aparılıbsa, bu həmin bankın maliyyə hesabtlılığına inamı xeyli dərəcədə artımış olur". Deputatın sözlərinə görə, Mərkəzi Bank tərəfindən bankların hesabatlılığına nəzarətin gücləndirilməsi vacibdir: "Güman olunur ki, əslində 4 bankla müvəqqəti inzibatçı müəyyənləşdirildikdən sonra bu istiqamətdə nəzarət gücləndiriləcək. Həmçinin, əmanət yerləşdirən vətəndaşlar çalışmalıdırlar ki, öz əmanətlərini qorunan əmanətlər paketində yerləşdirsinlər. Çünki bu, nəticə etibarilə həmin əmanətlərin qorunmasını təmin edir. Bank müflis olacağı halda əmanətlərin dövlət tərəfindən qaytarılmasına zəmanət vermiş olacaq. Bank seçimi çox önəmlidir. Audit hesabı ilə yanaşı, bankın digər göstəriciləri, faizlərində də diqqətli olmaq lazımdır. Amma düşünürəm ki, indiki halda audit hesabatı və həmin auditin hansı şirkət tərəfindən aparılmasına xüsusi diqqət yetirilməlidir ki, vətəndaş seçdiyi bankla bağlı əməkdaşlığını davam etdirə bilsin və bu tip çətinliklərlə rastlaşmasın".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31