Gələn ilin dövlət büdcəsi ikinci oxunuşda qəbul edildi

Gələn ilin dövlət büdcəsi ikinci oxunuşda qəbul edildi

Bahar Muradova: "Məcburi köçkün statusu ilə bağlı məsələlər var ki, özündən sonra bir sıra problemlər yaradır"

Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib ki, Azərbaycanda Deputat  bildirib ki, yaşlı insanların sosial yükünü dövlət öz üzərinə götürməyi bacarmalıdır: "Hesab edirəm ki, pensiya yaşı ilə əlaqədar müəyyən ümumi məxrəcə gəlmək lazımdır". Onun sözlərinə görə, "uşaqpulu"nun verilməsi millətin tələbidir:"Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev deyir ki, müəyyən təbəqədən olan insanlara təxminən "uşaqpulu" verilir. Amma biz hamımız faktiki olaraq "uşaqpulu" ilə böyüyən adamlarıq. "Bu gün "uşaqpulu"nun ödənilməsini təmin edə bilmərik" deməyi düzgün hesab etmirəm. "Uşaqpulu" verilməlidir. Demirik ki, bunu 18 yaşa kimi vermək lazımdır. Bununla bağlı da ümumi məxrəcə gəlmək lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir. Hesab edirəm ki, "uşaqpulu" məsələsinə birbaşa "yox" demək düzgün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bununla əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir".

Deputat Elman Məmmədov isə məcburi köçkünlərlə bağlı məsələ qaldırıb. Bildirib ki, ölkə başçısı bütün çıxışlarında qeyd edir ki, məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə diqqətlə yanaşmaq lazımdır. Hökumət də bu sahədə dövlət başçısının qarşıya qoyduğu vəzifələri icra edir və etməyə çalışır. Amma bəzən kimlərinsə mövqeyi nəticəsində elə qərarlar verilir ki, bu qərarlar məcburi köçkün statusuna malik olan bir qrup insanın yolunun bağlanmasına gətirib çıxarır. O, Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarını tənqid edib: "Bu qərarda müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb. İstəyirəm ki, hökumət üzvləri məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinət verilməməsini nəzərdə tutan qərara diqqət yetirsinlər. Bu, ziddiyyət təşkil edir axı. Digər bir bənddə isə qeyd edilib ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə, onlardan olan uşağa müavinət verilməsin. Bu, hansı məntiqə sığır?".

Milli Məclisin sədr müavini Bahar Muradova deputat Elman Məmmədovun fikirlərinə dəstək olub. Qeyd edib ki, mütəmadi şəkildə məcburi köçkünlərlə ünsiyyətdə olur: "Problemlər ölkə başçısının qayğısı ilə azalmaqdadır. Məcburi köçkün statusu ilə bağlı məsələlər var ki, özündən sonra bir sıra problemlər yaradır. Statusun bu və ya digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər yaradır. İnsanlar da zaman-zaman bu narazılıqlarını ifadə edirlər. Hər vətəndaş qəbulunda onlarla belə şəxs bizə müraciət edir. Bununla da bir növ qapalı dairə yaranır. Onlar bizə müraciət edir, biz də rayon icra hakimiyyətlərinə və "Dövlətqaçqınkom"a... Onlar da bizə cavab məktubu yazırlar ki, filan nömrəli sərəncamın filan bəndinə görə, bu problemləri həll etmək mümkün deyil. Biz də özlüyümüzdə bu cavabı almaq üçün müraciət etmirik. Müraciət edirik ki, mövcud problemlər həll olunsun. Problem də həll olunmadıqca, üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur". Bahar Muradova vurğulayıb ki, son vaxtlar belə müraciətlərin sayı artıb: "Təhlilim nəticəsində məlum olub ki, bu problem təkcə Fizuli rayonu ərazisində 12 min nəfərədək əhalini əhatə edir. Çünki məlum sərəncamla köçkün statusu alan şəxslər təminatlardan məhrum oldular. Müəyyən məntiqlə bu qərarı qəbul ediblər, hər kəs də bunu qəbul edə bilmir və anlaşılmır. Misal olaraq, daxili işlər orqanlarında, dövlət qulluğunda çalışan və hərbi xidmətdə olan soydaşlarımıza dövlət tərəfindən verilən müavinətlər dayandırılır. Həmçinin, bu və ya digər güzəştlərdən istifadə edə bilmirlər. Dostu, yaxın qohumu tərəfindən onlara bağışlanan birotaqlı mənzili varsa, həmin şəxslər bu təminatlardan məhrum olunur. Burada bərabərsizlik yaranır. Hüquqları, güzəştləri müəyyən etmişiksə, onda hər kəs bundan bərabər istifadə etməlidir. Problem həllini tapmayıb, həmin şəxslər işğal olunan evlərinə qayıtmayıb. Ona görə də status hələ də onun üzərindədir. Lakin statusun onlara verdiyi imkanlar məhdudlaşıb. Anlayıram ki, bu, müəyyən qədər çətinliklər olan dövrdə qəbul edilən qərar idi. Hesab edirəm ki, getdikcə ölkə başçısı tərəfindən sosial sahəyə yönələn diqqət və qayğı hər cür problemlərlə üz-üzə olan insanlardan yan keçməməlidir. Bir çətinlik də odur ki, eyni kənddən olan eyni statuslu şəxslərin bir qismi güzəştdən istifadə edir, digər qismi isə hansısa yanaşmalara görə istifadə etmir". Milli Məclisin sədr müavini əlavə edib ki, hərbi xidmətdən qayıdan gənclərin yenidən həmin statusu bərpa etməsi məsələsində də problemlər yaranır: "Bu şəxs halbuki, başqa ölkəyə getməyib, vətəndaşlığını dəyişməyib, hərbi xidmətə gedib-qayıdıbsa, necə ola bilər ki, statusunu bərpa edib lazımi yerdə qeydiyyata düşə bilməsin? Ailəsindən boşanıb yenidən məcburi köçkün yataqxanasında yaşayan, ailəsinin yanına qayıdan qadınların yenidən orada qeydiyyata düşməsi qeyri-mümkündür. Halbuki, onun şəxsiyyət vəsiqəsində illərlə burada qeydiyyatda olduğu yazılıb. Bununla bağlı heç kimi qınamıram. Çünki aidiyyəti qurumlar bu məsələdə səlahiyyətə malik deyillər. Ona görə də həmin sərəncama yenidən baxılması bu məsələlərə yeni yanaşmaların olmasına gətirib çıxarardı. Hökumətdən xahiş edirəm ki, məsələni diqqətdə saxlasın və getdikcə artan problemlərin qarşısını birlikdə alaq".

Qanun layihəsində ediləcək dəyişikliklər barədə danışan maliyyə naziri Samir Şərifov bildirib ki, müzakirələr zamanı səsləndirilən bəzi təkliflərin qəbul edilməsi ilə bağlı ölkə Prezidentinə müraciət edilib. Onun sözlərinə görə, dövlət başçısı bir sıra məsələlərin 2020-ci ilin büdcə layihəsində nəzərə alınmasını mümkün hesab edib: "Gələn ilin dövlət büdcəsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin 1 milyon manat artırılaraq 4 milyon manata, ictimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin isə 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması təklif olunub: "Bununla yanaşı, ölkə prezidentinin sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonu ərazisinlə Qədim Ağsu şəhər Dövlət Tarix-Mədənyiyət Qoruğu yaradılması ilə bağlı xərclər üçün də 600 min manat vəsaitin ayrılmasının büdcə layihəsində nəzərə alınması təklif edilib". Müzakirələrdən sonra 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Alim  

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31