Neftdən əldə edilmiş gəlirlər sosial məsələlərin həlli üçün şərait yaratdı -Təhlil

Neftdən əldə edilmiş gəlirlər sosial məsələlərin həlli üçün şərait yaratdı- TƏHLİL

Tarixə "Əsrin müqaviləsi" kimi düşən neft kontraktının imzalanmasının 25 ili tamam oldu. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində Qərbin nüfuzlu neft şirkətləri ilə imzalanan bu müqavilə müstəqil Azərbaycanda yeni dövrün başlanğıcı kimi xarakterizə edilirdi. ""Əsrin müqaviləsi" həm neft sektorunun, həm də Azərbaycan iqtisadiyyatının təməl daşı idi.

"Əsrin müqaviləsi" neft sektoru və iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, digər mühüm istiqamətlər üzrə də atılmış tarixi addım, imzalanmış saziş idi. Bu müqavilə hər şeydən öncə Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, onun dünya birliyi, ölkələri arasında mövqelərinin möhkəmləndirilməsi, etibarlı tərəfdaş imici qazanması demək idi. Heç kimə sirr deyil ki, o illərdə Azərbaycanda ictimai-siyasi vəziyyət ürəkaçan deyildi. Bir-birinin ardınca baş verən dövlət çevrilişinə cəhdlər, qeyri-qanuni silahlı birləşmələrin istər paytaxt, istərsə də əyalətlərdəki özbaşınalıqları hansısa bir xarici investoru Azərbaycana sərmayə yatırmaq fikrindən tamamilə uzaqlaşdırırdı. Çünki heç kim ictimai-siyasi vəziyyətin gərgin olduğu bir ölkəyə, dövlətə sərmayə yatırmaz. Ancaq ümummilli lider Heydər Əliyev bu mifi, xarici investorlar, dünyanın nüfuzlu neft şirkətləri arasında mövcud olan qorxunu öz qətiyyəti, siyasi iradəsi ilə aradan qaldıra bildi. Nəticə etibarilə 1994-cü ilin sentyabr ayının 20-də "Əsrin müqaviləsi" imzalandı. Həmin dövrdə qiymət verən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi ilə bağlı keçirilən mərasimdə bunları qeyd edir: "Əsrin kontraktı" ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. "Əsrin kontraktı"nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradıldı. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, "Əsrin kontraktı"nın çox böyük faydası var". Dövlət başçısı o illərdə ölkədəki ictimai-siyasi vəziyyətə toxunaraq haqlı olaraq qeyd edib ki, o vaxt Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı: "Ermənistanın ölkəmizin torpaqlarını işğal etməsi, gedən vətəndaş müharibəsi, iqtisadi çətinliklər, bir daha demək istəyirəm ki, Azərbaycanı investisiya üçün əlverişli ölkə kimi təqdim edə bilməzdi. O vaxt ulu öndər Heydər Əliyevin xidmətlərindən biri də o olmuşdu ki, investorları inandıra bilmişdi və Dövlət Neft Şirkətinin rəhbərliyi - bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar çalışırdıq investorları inandıraq ki, Azərbaycana sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. Belə də oldu. "Əsrin kontraktı"nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti yüz milyard dollardan çox gəlir əldə etdi".

"Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi. İqtisadiyyatımızın inkişaf etdirilməsinin bəhrəsini isə Azərbaycan xalqı gördü. Neftdən gələn gəlirlərin səmərəli şəkildə istifadə edilmıəsi qısa müddətdə dövlət büdcəmizin artmasına, büdcəyə toplanan vəsaitlərin sosial infrastruktur layihələrinin icrasına yönəldiməsinə yol açdı. Ən əsası neft gəlirlərinin qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəldilməsi əyalətlərdə yeni emal və istehsal müəssisələrinin açılmasına imkan yaratdı ki, bu da həmçinin yüzlərlə, minlərlə yeni iş yerinin yaradılması, əhalinin sosial rifah halının yüksəldilməsi demək idi. Ümumi şəkildə desək "Əsrin müqaviləsi" hər şeydən öncə xalqın maraqlarına xidmət edirdi. Bu fikirləri dövlət başçısı İlham Əliyev də çıxışında qeyd edib: "Neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olundu. Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə bundan söhbət gedə bilməzdi. Bu gün Azərbaycanda qazlaşdırma 96 faizdir. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir. Mən Dövlət Neft Şirkətinə tapşırıq vermişəm ki, bu işlər dayanmasın. Düzdür, 96 faiz çox böyük rəqəmdir. Nadir hallarda ölkələrdə bu dərəcədə qazlaşdırma aparılır. Amma biz bunu davam etdirməliyik. O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Çünki elektrik çatışmırdı. Artıq 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb və biz nəinki özümüzü təmin edirik, ixrac da edirik. Yollar bərbad vəziyyətdə idi. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. İçməli su böyük problem idi. Bu gün əhalinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir".

"Əsrin müqaviləsi"nin ən müsbət tərəflərindən biri də erməni təcavüzündən əziyyət çəkən, öz ev-eşiklərindən didərgin düşən qaçqın və məcburi köçkünlərin sosial- mənzil şəraitinin yaxşılaşdırılması oldu. Elə dövlət başçısı İlham Əlıyev də bu fakta diqqət çəkərək deyib ki,  məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salındı: "Çadır şəhərciklərini biz hələ 2007-ci ildə ləğv etdik. Nəyin hesabına? Neft Fondunun hesabına. Neft Fonduna vəsait haradan gəlir? "Əsrin kontraktı"nın icrasından. Biz yüz minlərlə köçkünə yeni evlər verdik, yeni mənzillər təqdim etdik. Şəhid ailələrinə, müharibə veteranlarına edilən güzəştlər, verilən müavinətlər, mənzillər, minik avtomobilləri. Yəni, "Əsrin kontraktı"nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik. Neft Fondunun gəlirlərindən yalnız büdcə çərçivəsində istifadə etmək mümkündür. Yəni, Azərbaycan vətəndaşları Milli Məclisdə öz təmsilçiləri vasitəsilə bu vəsaitin bölgüsündə iştirak edirlər. Sosial infrastruktur tamamilə yenidən quruldu, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikildi və təmir olundu, idman qurğuları inşa edildi. Azərbaycan kosmik dövlətə çevrildi. Bizim 3 peykimiz var. Biz gəlirlərdən istifadə edərək dövlət borcumuzu aşağı səviyyədə saxlayırıq. Bu, ümumi daxili məhsulun cəmi 19 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Bu, hansı ölkələrdə ola bilər? Var, amma bu ölkələrin sayı o qədər də çox deyil".

Bir neçə il əvvəl bu müqavilənin ikinci fazasının imzalanması onu deməyə əsas verir ki, bu tarixi müqavilə 2050-ci ilə qədər keçərli olacaq. Və indiyə qədər olduğu kimi, bundan sonra da qarşıda duran başlıca məqsəd və vəzifə neftdən əldə edilən gəlirlərin social sahəyə yönəldiməsi olacaq. Təsadüfi deyil ki, Cənab İlham Əliyev də bunu açıq şəkildə qeyd edib: "Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin".

S.İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31