Kimlər sosial evlərdən qazanc əldə etməyə çalışır? - İqtisadçı ekspert
Kimlər sosial evlərdən qazanc əldə etməyə çalışır?- İqtisadçı ekspert
18 Sentyabr 2019 13:23 İqtisadiyyatVüqar Bayramov: "Sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir"
Azərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyətində vətəndaşların mənafeinin dayanması fikri təsadüfi səslənməyib. Sözügedən siyasətin tərkib hissəsi olaraq ölkədə aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırlması istiqamətində atılan addımlar dediklərimiz bir daha təsdiq etmiş olur. Belə ki, artıq Azərbaycanda evə ehtiyacı olan vətəndaşa kirayə qaldığı mənzilə sahibi olmaq üçün imkan yaradılıb. Daha dəqiq, ölkə başçısının imzaladığı fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək. Yeni qaydalara görə, vətəndaşlar kirayə yaşadıqları mənzilləri ala biləcəklər, lakin kirayə pulunu ödəyə bilməyib evi qaytarsalar, o zaman ödədikləri pulu geri ala bilməyəcəklər. Məlumata görə, bu mexanizm ilk növbədə, həm ilkin ödəniş etmək imkanı olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsinə yetməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradır. Bununla da ödəmə qabiliyyətli və hər hansı bank kreditləri-borc öhdəliyi olmayan istənilən vətəndaş kirayə mənzillərə sahib olmaq üçün müraciət edə bilir. Lakin, bir neçə ildən sonra kirayəni ödəyə bilməyən şəxs evi geri qaytarmaq istəsə onun ödədiyi pul Fond tərəfindən vətəndaşa qaytarılmayacaq. Yalnız yaşadığı evlə bağlı sığorta hadisəsi baş verərsə, bu zaman sığorta hadisəsi üçün ödədiyi vəsait kirayəçiyə qaytarılacaq.Təsdiqlənmiş mexanizm çərçivəsində müəyyən müddət kirayədə qalıb, sonradan yaşayış yerini dəyişən vətəndaşların hüquqlarının müdafiəsi də nəzərdə tutulub. Qaydalara əsasən, Fondun yazılı razılığı ilə kirayədə olan vətəndaş evi başqa şəxsə ötürə biləcək. Lakin vətəndaş evi yalnız kirayə götürdükdən üç il sonra başqa bir kirayəçiyə verə bilər. Kirayə müddəti ərzində kirayəçi vəfat etdikdə isə kirayə müqaviləsi üzrə hüquqlar vətəndaşın vərəsələrinə keçir.
Mənzillər hansı şərtlərlə kirayələnəcək?
Kirayəyə mənzil götürmək üçün isə bir neçə əsas şərt müəyyənləşdirilib. Belə ki, mənzil kirayəyə götürən vətəndaş aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yalnız bu məbləğ ödəndikdən sonra vətəndaşla fond arasında müqavilə bağlanmış hesab oluna bilər. Müvafiq qanunda deyilir ki, kirayə müqaviləsi 3 ildən 25 ilədək bağlanıla bilər. Kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçə bilər.Müqavilə bağlandıqdan ən azı 3 il sonra kirayəçi mənzilə sahib olmaq hüququna malikdir. Üç ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər. Digər şərt isə kirayəyə verilən mənzilin sığortalanmasıdır. Mənzillərin sığortalanması isə Fondun xərclərinə daxildir. İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermək üçün yaşayış sahələrini satın alacaq. Prezident fərmanında göstərilir ki, kirayəyə yalnız 2013-cü ildən - Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilərək üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələri verilə bilər. Kirayə mənzillər vətəndaşlara tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə təhvil veriləcək. Sənədə əsasən, müraciətlər növbəlilik əsasında elektron sistemlə qəbul olunacaq. Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək. 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək. Elektron sistem fəaliyyətə başlayanadək, nəzərdə tutulmuş əməliyyatların yazılı formada həyata keçirilməsi nəzərdə tutulur. Qaydalara əsasən, yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir.
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb: "Sosial evi güzəştli şərtlər ilə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə kimi təklif edərək qazanc əldə etməyə çalışır. Nəticədə, sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir. Təbii ki, burada Mənzil İnşaatı Dövlət Agentliyini (MİDA) günahlandırmaq doğru olmaz. MİDA mənzilləri inşa edir və sosial ipoteka krediti ilə satışını həyata keçirir. Aydındir ki, agentlik mənzilə sahib olan şəxsdən evi kirayə verməməyi tələb edə bilməz. Sosial ipoteka kreditlərinə əldə etmək üçün başqa mənzilə sahib olmaq məhdudiyyət yaratmadığı üçün bəzi hallarda bir neçə evi olanlar da sosial evləri alıb əlavə qazanc əldə etməyə çalışırlar. Amma sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzil ilə təmin etmək olduğundan bu evlərin kommersiya məqsədi ilə istifadə olunması nəinki arzuolunan deyil, həmçinin yolverilməz olmalıdır. Nəticədə, belə hallarda evsiz vətəndaş mənzil sahib olmaqda çətinlik çəkir, başqası isə "ev kolleksiyası" yardır: evlərinin sayını artıraraq kirayədən gəlir əldə edir. Belə halların qarşısının alınması üçün nələrin edilməsinə ehtiyac var? Əvvəlla, evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır. Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalıdır. Burada müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır. İkincisi, qanunvericiliklə agentliyə mənzilləri təyinatı üzrə istıfadəyə nəzarət hüququ verilməlidir. Doğrudur, iddia oluna bilər ki, mənzildən necə istifadə etmək ev sahibinin hüququdur. Amma nəzərə almaq lazımdır ki, sosial evlər dövlər vəsaiti hesabina inşa edilir və evlərə sahiblik sosial ədalət əsas prioritet olaraq qalmalıdır. Belə mexanizm isə sosial evlərin gəlir mənbəyinə çevrilməsinin minimumlaşdırar. Bütün bunlar isə, gələcəkdə sosial evlərin kirayə təklif edən internet səhifələrini "bəzəməsinin" qarşısını ala bilər".
Alim
Olaylar.az