Dövlət büdcəsində neftin qiymətinin 55 dollar götürülməsi ölkə iqtisadiyyatına nə vəd edir? - RƏY

Dövlət büdcəsində neftin qiymətinin 55 dollar götürülməsi ölkə iqtisadiyyatına nə vəd edir?

Vüqar Bayramov: "Neftin qiymətinin aşağı götürülməsinə baxmayaraq gələn il dövlət büdcəsinin gəlir və xərclərində artım proqnozlaşdırılır"

Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların mühüm istiqaməti ölkə iqtisadiyyatının fiskal siyasətinin prioritetlərinin müəyyənləşdirilməsindən ibarətdir. Keçid iqtisadiyyatlı ölkələrdə dövlət büdcəsi sosial problemlərin həllinə və nəticə etibarı ilə sosial ədalətin bərpasına yönəldiyi üçün ölkədə aparılan büdcə (o cümlədən, vergi) siyasətini və onun son illərdə aparılan islahatlarda rolunu öyrənmək müasir dövrdə obyektiv zərurətdən irəli gəlir. Hüquqşünas Alim Hüseynli qeyd edib ki, dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlət büdcəsinin xüsusi rolu var. Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir. Büdcə anlayışı müxtəlif mənalarda işlədilir, dövlət, ailə, yerli, şəxsi və s. ümumiyyətlə, büdcə pul gəlirləri hesabına formalaşır. Büdcə müəyyən dövr ərzində dövlətin, müəssisə və təşkilatın, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərcləri balansıdır (planıdır). Yaradılan hər bir büdcənin öz həcmi, mənbələri, məqsədi və yerinə yetirdiyi funksiyası vardır. Bunlar içərisində formalaşma mənbələrinə, həcminə və xərc istiqamətlərinin səviyyəsinə görə dövlət büdcəsi mühüm əhəmiyyət kəsb edir. Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin başlıca mərkəzləşmiş pul vəsaitləri fondudur. Yəni, dövlət büdcəsi müəyyən dövr ərzində (məsələn, bir il ərzində) ölkədə geniş təkrar istehsalı təmin etmək, insanların maddi və mənəvi tələbatlarını, dövlətin zəruri ehtiyaclarını ödəmək üçün yaranan mərkəzləşdirilmiş pul vəsaitləri fondudur. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdır. Dövlət büdcəsinin geniş məzmunu onun yerinə yetirdiyi funksiyalarda öz əksini tapır. Onlara aşağıdakılar daxildir: Ümumi milli məhsulun və milli gəlirin yenidən bölgüsünü həyata keçirir; Ölkə miqyasında pul vəsaitləri toplanır və cəmiyyətin ən zəruri ehtiyaclarını ödəmək üçün istifadə olunur; Iqtisadiyyatın dövlət tənzimlənməsinə və stimullaşdırılmasına xidmət edir; Sosial siyasətli maliyyə təminatını yerinə yetirir; Investisiya qoyuluşları üçün vəsait mənbəyi rolunu oynayır; Mərkəzləşdirilmiş pul vəsaitləri fondunun yaranmasını təmin edir və istifadəsinə nəzarət edir. Onun sözlərinə görə, Azərbaycanda keçid dövrü iqtisadiyyatı şəraitində dövlət büdcəsinin əsasən aşağıdakı istiqamətlərə yönəldilməsinə üstünlük verilir: Iqtisadiyyatda əsaslı islahatların və struktur dəyişikliklərin maliyyələşdirilməsinə; Uzunmüddətli proqram və proqnozların maliyyələşdirilməsinə; Elmi-texniki və kadr potensialının maliyyələşməsinə; Sosial-iqtisadi inkişafa; Ölkənin müdafiə sisteminin möhkəmləndirilməsinə və sair. Dövlət büdcəsi öz təşkilati strukturuna görə Respublika dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən və yerli (bələdiyyə, şəhər, rayon) büdcəsindən ibarətdir. Həmin büdcələr öz hüquqlarına, maliyyələşmə mənbələrinə və istifadə mexanizmlərinə görə bir-birindən əsaslı surətdə fərqlənirlər. Göstərilən büdcələr birlikdə büdcə sistemi adlanır.Respublika dövlət büdcəsi funksional quruluşuna görə gəlir (mədaxil) və xərc (məxaric) hissələrdən ibarətdir. Respublika dövlət büdcəsinin gəlirləri dövlət və qeyri-dövlət bölməsində yaranır. Dövlət büdcəsinin gəlirlərinə (mədaxilinə) aşağıdakılar daxildir: Fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi; torpaq vergisi; aksizlər; mədən vergisi; gömrük rüsumları; yol vergisi; birdəfəlik və dövlət rüsumları; dövlət əmlakının satışı və icarəsindən gəlirlər; vergi olmayan gəlirlər; xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan alınan kreditlər və qrantlar; pul-şey lotereyaları üzrə daxilolmalar; kreditlər üzrə faizlər; məqsədli büdcə fondlarının gəlirləri, neft fondlarından ayırmalar və sair.

Məlumat üçün qeyd edək ki, artıq Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsininin xülasəsini ictimaiyyətə təqdim edib. Nazirliyin yaydığı məlumata görə, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur. Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur. Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır. İcmal büdcənin kəsiri 586 milyon 700 min manat təşkil etməlidir. Gələn il icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri isə 480 milyon 300 min manat məbləğində nəzərdə tutulub. Bu, 2019-cu illə müqayisədə 96,6 milyon manat çoxdur. Sənədə əsasən, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Xatırladaq ki, bu göstərici ötən ilin dövlət büdcəsində 60 dollar nəzərdə tutulurdu. Maraqlıdır, neftin qiymətinin aşağı götürülməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir?  İqtisadçı alim Vüqar Bayramov qeyd edəb ki, bu 2019-cu il ilə müqayisədə hər bareldə 5 dollar az olsa da belə neft bazarındakı volatilliyi nəzərə alsaq qiymətin daha aşağı götürülməsi məqsədə uyğun idi. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) neftin büdcədəki qiymətini 50 dollar təklif edirdi. Hətta Səudiyyə Ərəbistandakı neft quyularına hucumdan sonra bu gün neftin qiymətində müşahidə edilən 20 faizlik artım da bazarda nikbinlik yaratmır. Aydındır ki, belə qiymət artımları texniki səbəblər ilə bağlıdır və bazardakı kəskin volatilliyi azaltmır: "Neftin qiymətinin aşağı götürülməsinə baxmayaraq gələn il dövlət büdəcinin gəlir və xərclərində bu il ilə müqayisədə artım proqnozlaşdırılır. Gələn il büdcə xərcləri 25.6 milyard manat olacaq. Bu isə 2019-ci il ilə müqayisədə 427 milyon manat çoxdur. Büdcə xərclərinin yüksəlməsinin əsas səbəbi sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə bağlıdır. Bununla belə, bu artımın maliyyələşmə mənbəyi yenə də əsasən neft sektoru olacaq. Gələn il büdcə gəlirləri 25 milyard 484 milyon manat proqnozlaşdırılır. Belə ki, büdcə gəlirlərinin 57 faizi neft sektorunun payına düşəcək. Dövlət Neft Fondundan 11 milyard 767 milyon manat vəsait dövlət büdcəsinə transfer ediləcək. Qeyd edək ki, Neft Fondundan bu il büdcəyə11 milyard 364 milyon manat ödənilməlidir. Əslində, Maliyyə Nazirliyi fonddan transferləri artırılmasına deyil, azaldılmasına çalışmalı idi. Çünki, büdcənin neftdən və xüsusən də neftin dünya bazarından asıllığının aradan qaldırılması əsas prioritet olaraq qalır. Doğrudur, gələn il qeyri-neft sektorunun budcə gəlirlərində payı 2019-cu ilə nisbətən 11.3 faiz artacaq. Bu müsbət tendensiya olsa da belə, hökumət büdcə gəlirlərinin ən azı yarıdan çoxunun qeyri-neft sektoru hesabına formalaşmasına çalışmalıdır".

Onun sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsinin pozitiv tərəfi sosial istiqamətlərə ayrılan birbaşa vəsaitin həcminin ümumi büdcə xərclərində son illər ilk dəfə olaraq 40 faizdən çox olmasıdır: "Bu illə müqayisədə gələn il sosial xərclərə 2 milyard 664 milyon manat daha çox vəsait ayırlacaq. 6 milyard 723 milyon manat əməyin ödənilməsi, 3 milyard 213 milyon manat isə pensiya və təqaüdlər üçün xərclənəcək. Bununla yanaşı, dövlət borclarının qaytarılması üçün 2 milyard 458 milyon manat vəsait ayrılacaq ki, bunun da 775 milyon manatını yalnız faiz ödənişləri təşkil edəcək. Əslində, bu rəqəm xarici borclanmanın minimumlaşdırmağın vacibliyini bir daha təsdiq edir. Maliyyə Nazirliyi gələn il manatın dollara məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırır. Bununla belə, manatın kursunun 2020-ci ildə necə dəyişməsi daha çox neftin dünya bazar qiymətindən və qeyri-neft xarici ticarət tərəfdaşlarımızda və xüsusən də Rusiyada milli valyutaların məzənnəsindən birbaşa asılı olacaq".

Nurlan

Olaylar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31