Azərbaycan neft-qaz sənayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri

Azərbaycan neft-qaz sənayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri

Bakı nefti uğrunda ölkələrin savaşı:tarixə baxış

Azərbaycanın əldə etdiyi müstəqillik dövründən sonraki mənzərə bizdə həmişə xaos, qeyri-müəyyənlik, anarxiya sözləri ilə sinonimləşir. Xalq bu çətin, ağrılı günlərdə belə heç vaxt hiss edə bilmədiyi ümidi cücərdirdi, çünki bilirdi ki, çətinliklərin son çırpınışıdır və sanki, hiss edirdi ki, onun xilaskari heç də uzaqda deyil...Bu haqda bir qədər sonra.

İstər XIX əsrdə, istər sovet dönəmində, istərsə də müstəqillik dönəmində Azərbaycan iqtisadiyyatının şah damarı hər zaman neft və mədən sənayesi olub. Azərbaycan zəngin mədən yataqlarına sahib olsa da, ölkə daha çox karbohigrogen yataqları ilə tanınır.Xəzər dənizində kəşf edilən karbohidrogen yataqlarının  yüz milyard ton civarında olduğu təxmin edilməkdədir.

Azərbaycan neft sənayesinin inkişafı illərində ümumilikdə altmış yeddi neft və qaz yatağı kəşf edilib. Hazırda ölkənin quruda 37, Xəzərin Azərbaycan hissəsində isə 17 yataq fəaliyyət göstərir.

Azərbaycan nefti haqqında ilk yazılı məlumatı VII əsrdə ərəb səyyahı Əl Bəlazuri verib. Daha sonra X əsrdə ərəb tarixçisi Əbdülhüseyn Məsudi Abşeronda iki qara və bir ağ neft istehsal edən quyuların mövcudluğundan bəhs edib.

1739-cu ildə rus alimi V.İ.Veytbrext tərəfindən Abşeronun neft və qaz yataqlarının xəritəsi tərtib olunur və nəhayət,  dünyada ilk neft quyusunun 1848-ci ildə rus mühəndisi Semyonov tərəfindən məhz Azərbaycanda qazılması dünyada neft sənayəsinin inkişafına böyük təkan verdi və təsəvvür edin ki, ABŞ kimi hegemon dövlət bu inqilabi yeniliyə 11 il sonra nail oldu.

1873-cü il neft quyularının qazılmasının artdığı bir ildir. Lakin ölkənin sərvəti çoxaldıqca başımıza qara bulud kimi çökən imperialist dövlətlərin məkrli planlarından və millətin başına gələcəkdə açılacaq oyunlarından xəbərsiz idik...

1873-ci ildə Bakı 1,5 miyon pud neft verdiyi halda,1900-cü ildə 661 milyon pud neft verir və bu ölkədə çıxarılan neftin 95 faizi, bütün dünyada hasil olunan neftin yarısından çox idi. Güclü fontanla çıxan neft, çay kimi axıb, yaxınlıqdaki evlərə,qəsəbələrə dolurdu. Buruqlar isə neft selinin altında qalırdı. Bununla da, milyardlarla kubmetr qaz havaya uçub, zay olurdu. Hətta rus kimyagəri D.Mendeleyev Bakıda olarkən havaya sovrulan qazı gələcəyin yanacağı adlandırır. Bu cür vəhşicəsinə istismardan geoloqlar çox narahat olurdular, çünki neft təbəqəsi hədər yerə gücünü, sərvətini itirib, zay olur, çıxan neftin çoxu torpağa hoparaq "ölürdü.

Neftin bütün üstünlüklərini və gələcəkdəki əhəmiyyətini yaxşı bilən imprerialist dövlətlərin başçıları bu misilsiz yanacağa yiyələnmək üçün planetin bütün guşələrində olan neft yataqlarını ələ keçirməyə can atırdılar. Amerikalı Con Rokfellerin "Standard oil", İngiltərədən Henri Deterdinqin "Royal Dutch Shell", yəhudi Rotşildin "Xəzər-Qara dəniz" və "Mazut", isveçli "Nobel qardaşları"nın sindikatları Bakı neftinin iyini duymuşdular. Bu yadelli kapitalistlər neft sərvətinin gələcəyini geoloji əsaslar üzrə öyrənərək, neft çıxarma qaydalarını o qədər də yaxşı bilməyən millətimizdən torpaqları ucuz qiymətə alır, Abşeron yarımadasının tükənməz sərvətinə həyasızcasına yiyələnirdilər...

Beləliklə, Bakı və Bakı ətrafı ərazilər yadelli yatırımçılarla aşdı-daşdı...Rus yatırımçıların nəzarəti ələalma cəhdi hər dəfə uğursuzluqla nəticələnirdi və səssizcə davam edən ilk neft savaşının qalibi Qərb şirkətləri oldu.

Birinci Dünya Müharibəsində Bakı nefti, İngilis-Alman neft savaşının tam ortasında idi.Savaşdan qalib çıxan İngiltərə Bakını işğal etdi.İngilisin bu savaşdan qalib çıxacağından qorxan rus şirkətləri, öz paylarını SHELL şirkətinə dəyər-dəyməzinə satdı və 1918-ci ildə Bakı neftinin 90 faizindən  məhrum oldu.

1920-ci ildə daxildə baş verən mücadilələrə qismən son qoyduqdan sonra Sovet Rusiyası Bakını işğal edərək Azərbaycan Xalq Cumhuriyyətini dağıtdı və Sovet rejimini qurdu...

Sovet hakimiyyətinin etdiyi ilk işlərdən biri SHELL şirkətini vurmaq və bir qəpik təzminat   ödəmədən Bakının bütün neft quyularına və torpaqlara əl qoymaq oldu. Beləliklə, Azərbaycana qarşı olan digər talançılıq siyasəti başladı. Bu talançılıq İkinci Dünya müharibəsində və ondan sonraki illərdə özünü daha çox hiss etdirirdi. Bütün SSRİ-də hasil edilən neftin təxminən dörddə üçü Azərbaycan paytaxtının payına düşürdü.Müstəqillik əldə olunana qədər, SSRİ-in nəzarəti altında elə onlar üçün də istehsal olunurdu. Azərbaycanın Rusiyaya güya xam mal adı altında satdığı neft, işlənib Azərbaycana geri göndərilirdi. Ölkəmiz hər il Rusiyaya verdiyi neft pulunu ala bilmirdi, hələ üstəlik də ona borclanırdı... 

Əsrin müqaviləsi:Heydər Əliyev dünyaya qarşı...

Az əvvəl qeyd etdiyim kimi, xilaskar öz gününü və vaxtını gözləyirdi...

1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi" imzalanarkən bu uğurun gerçəkləşməsinə bəzi nəhəng ölkələr inanmırdı və hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq.Əslində bir çox dövlətlərə bu nəhəng proektin reallaşması sərf etmirdi, çünki onlar çox gözəl anlayırdılar ki, talançılar tərəfindən iqtisadi cəhətdən çökdürülmüş, sərvəti həyasızcasına dağıdılmış bir ölkənin  yenidən dirçəlməsi, sabah onlara meydan oxumaq demək idi.Digər tərəfdən isə layihənin həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda da, siyasi və coğrafi-siyasi məsələlər öz həllini tapmalı idi.Təsəvvür edin ki, Qarabağ müharibəsindən yenicə çıxmış və hələ də müharibə şəraitində yaşayan bir ölkə üçün bu inqilabi addımı həyata keçirmək necə də çətin idi...

Heydər Əliyev dünyada gedən siyasi və iqtisadi proseslərə uzaqgörən baxışları ilə 1993-cü ilin sonları, 1994-cü ilin əvvəllərindən etibarən Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu. Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinflyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi. Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən "Əsrin müqaviləsi"nin imzalanması isə inqilabi bir dönüşün başlanğıcı idi. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı hesab olunmalıdır. Məhz 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açıldı. Bu müqavilə ciddi iqtisadi tənəzzül yaşayan bir ölkənin iqtisadiyyatına xarici yatırımların cəlb edilməsinin ən uğurlu bir vasitəsinə çevrildi. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici investisiya qoyulmamışdısa, artıq 1994-2000-ci illər ərzində bu yatırımların ümumi həcmi 5,5 milyard dollara bərabər idi. Ən maraqlısı isə bu idi ki bu yatırımların 2,2 milyard dolları neftdən kənar sahələrə yönəldilmişdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan islahatlar 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya axını hesabına Azərbaycanda sənaye, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə başladı. Artıq 1996-cı ildən etibarən ümumi daxili məhsul istehsalı hər il sürətlə artmağa başladı.

Rusiyaya gəldikdə isə, bir faktı qeyd etmək lazımdır ki, Rusiya Cənubi Qafqazın  mövcud reallıqlarını,bütün dünya tərəfindən dəstəklənən Azərbaycan transmillli enerji layihələrinin qarşı-sıalınmazlığını dərk edərək 2001-ci ildən bölgənin alternativ nəqliyyat-dəhliz və neft-qaz ixracı marşrutlarına nəzarət etmək iddialarından faktiki olaraq əl çəkdi. Bundan başqa, mütəxəssislərin fikrinə görə Rusiyanın malik olduğu mövcud neft-qaz marşrutları və kəmərlər hövzənin  zəngin potensialına nə cavab vermir,nə etibarlı və təhlükəsiz deyil,nə də ki iqtisadi cəhətdən səmərəsi yoxdur. Məsələn bir ton Bakı neftinin Rusiya marşrutu üzrə Aralıq dənizinə ixracı, Bakı-Tbilisi-Ceyhan xətti ilə ixrac edilən məhsuldan təxminən 70% baha başa gəlir.

Əsrin müqaviləsi imzalandıqdan illər sonra

"Əsrin müqaviləsi"nin ötən dövrdə Azərbaycana verdiyi dividendlər kifayət qədər böyükdür. Azərbaycan bu dönəmdə dəyəri milyardlarla manat olan iri infrastruktur layihələrinə imza atmaqla, ölkənin ən vacib problemlərinin yüksək səviyyədə həllinə nail ola bildi. Bu gün Azərbaycanın bütün bölgələrində işıq, qaz, su problemi demək olar ki, yox dərəcəsindədir. Minlərlə kilometr yeni, müasir yolların salınması, Bakı şəhərində yol infrastrukturunun yenidən qurulması, ölkənin bölgələrində və paytaxtda nəqliyyatın hərəkəti sahəsindəki çətinliklərin tamamilə aradan qaldırılması mühüm hadisədir. Aqrar sektorun su təchizatının təmin edilməsi məqsədilə tikilən yeni su anbarları on min hektarlarla torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə şərait yaratdı. Bu müddət ərzində Azərbaycan həm də bölgənin ən böyük tranzit yükdaşımalar ölkəsinə çevrildi. Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən nəhəng layihələr reallaşdırıldı. Ölkədə turizmin inkişafına göstərilən dövlət dəstəyi onu bütün dünyada ən cəlbedici turizm zonalarından birinə çevirə bildi.

Bu gün Azərbaycan qeyri-neft sənayesinin inkişafında əsaslı dönüşün ərəfəsindədir. Artıq biz tək xam neft və xam qaz ixcatçısı deyilik, biz bu xammallardan son məhsullar hazırlayırıq. Aqrar sektorumuz uğurlu islahatlar yolu keçərək bu gün ölkəyə xarici valyuta axınını təmin edə biləcək ənənəvi strateji məhsulların istehsalını on dəfələrlə artıra bilib. Qeyri-neft sektorunun sadaladığımız əsas sahələrində əldə edilmiş bu uğurlar məhz dövlətin dəstəyi nəticəsində mümkün ola bildi.

Bu gün Azərbaycanda azad sahibkarlıq, biznes üçün çox münbit bir mühit yaradılıb. Bunu ilk növbədə böyük neft pullarının hesabına reallaşdırılan iri infrastruktur layihələri hesabına etmək mümkün oldu. Növbəti mərhələdə isə neft pullarının köməyi ilə real sektorun sürətli inkişafı təmin ediləcək və bununla da yaxın illər ərzində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı optimal həddə endiriləcək. Bu isə ölkədə aparılan iqtisadi islahatların baş hədəfidir.

2017-ci ilin sentyabr ayının 14-də "Əsrin müqaviləsi" Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü üzrə düzəlişlər edilərək yenidən imzalandı. "Əsrin müqaviləsi"nin müddətinin başa çatmasına 7 il qalmış onun 2050-ci ilə qədər uzadılması hökumətin neft strategiyasında yeni bir səhifənin açılması demək idi. Yeni şərtlər Azərbaycan üçün daha da əlverişlidir. Belə ki, kontraktın imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək ki, bu da xarici kompaniyaların 2004-cü ildə imzalanmış "Əsrin Müqaviləsi" üzrə o zaman ödədikləri bonusdan müqayisə edilməyəcək dərəcədə çoxdur. Digər tərəfdən yeni imzalanmış kontraktda SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın gələcək inkişafında bu müqavilənin çox böyük əhəmiyyəti olacaqdır. Onun 23 il ərzində icrası "Azəri-Çıraq-Günəşli"dən 436 milyon ton neft hasil edilməsinə imkan verdi ki, bu da proqnozlaşdırılan rəqəmə yaxın bir göstəricidir. Aparılan araşdırmalar onu göstərir ki, hələ də "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var və ehtimal olunur ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq.

Son olaraq,kim nə deyirsə desin,gerçəyin sahibi olan tarix,hər şeyi zamanı yetişdikdə ortaya çıxarır. BTC kimi, yüz ilin ən böyük layihəsini millətinə ərmağan edən və bu uğurda inanılmaz bir iradə və qətiyyət göstərən Heydər Əliyəvə nəinki öz xalqı, hətta vaxtilə ona bu yolda mane olmuş ölkələr hələ çox minnətdarlıq hissini bildirəcək.

Aysel Oğuz

"SOCAR - AQŞ" MMC və Azərbaycan Mətbuat Şurasının "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31