Azərbaycan dünyanın enerji bazarının mühüm iştirakçısına çevrilib
29 Yanvar 2019 13:09 İqtisadiyyatZiyad Səmədzadə: "Ölkə iqtisadiyyatının tərəqqisində uğurlu neft strategiyası mühüm rol oynayır"
Müstəqilliyin əsas təminat sütunlarından biri iqtisadi güc və tərəqqidir. Dövlətin iqtisadi potensialı onun müstəqilliyini möhkəmləndirirsə, müstəqillik də öz növbəsində iqtisadi inkişaf və yüksəliş üçün münbit zəmin yaradır. Sirr deyil ki, Azərbaycan iqtisadiyyatının tərəqqisində, müstəqil dövlətçilik siyasətimizin həyata keçirilməsində ölkədə həyata keçirilən neft strategiyası əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan Respublikası müxtəlif ölkələrdə genişmiqyaslı layihələr və əməliyyatlar həyata keçirməklə enerji bazarlarının mühüm iştirakçısına çevrilməsi dövlətimizin müstəqil xarici və daxili siyasəti nəticəsində mümkün olub. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, ölkəmiz hələ keçən əsrin 90-cı illərinin əvvəllərində "Əsrin müqaviləsi"nin imzalanmasından ötən 25 il ərzində öz inkişafının növbəti tarixi mərhələsinin astanasına çatmışdır. Son illər Azərbaycan daxilində və xaricdə başladılan bir çox nəhəng layihələr tamamlanaraq istismara verilib. Məsələn, "Cümhuriyyət İli" kimi tarixə düşən 2018-ci ildə dünyanın ən böyük sənaye layihələrindən olan "Cənub qaz dəhlizi"nin, bunun ardınca TANAP-ın rəsmi açılışı, "STAR" neft emalı zavodunun işə salınması, bunların Azərbaycan və Türkiyədə təntənəli tədbirlərlə qeyd olunması tarixi nailiyyətlərimiz sırasındadır. Heç təsadüfi deyil ki, "Cənub Qaz Dəhlizi", eləcə də, TANAP "ikinci qn damarı" adlandırılır. Bununla yanaşı, "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində qazanılmış nailiyyətlər, xarici tərəfdaşlarla qurulan qarşılıqlı faydalı istehsalat münasibətləri elə güclü iqtisadi səmərə verdi ki, 2017-ci ildə layihənin 2050-ci ilədək uzadılması təşəbbüsü ilə çıxış edildi və Azərbaycan üçün daha əlverişli şərtlərlə yeni müqavilə imzalandı: "Ümumiyyətlə, 20-ci əsrdə, yəni, 1991-ci ilin avqustunda əldə etdiyimiz ikinci müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə SOCAR-ın qarşısında duran əsas vəzifə ölkə iqtisadiyyatının dirçəlməsi, bu məqsədlə neft hasilatını artırmaq və dənizin dərinsulu hissəsində yeni yataqların işlənməsi üçün xaricdən investisiya və texnologiyalar cəlb etmək idisə, bu gün onun artıq hədəfləri dəyişib. İndi SOCAR daxili imkanları hesabına müasir dərin dəniz özülləri inşa edir, onları quraşdırır, istismar edir, dənizin böyük dərinliklərində qazma işləri aparır, ən müasir standartlar səviyyəsində sənaye müəssisələri qurur, böyük transmilli layihələrdə operator qismində iştirak edir, xarici bazarlara sərmayə yatırır. Kəşfiyyat və hasilat sahələrində əldə edilən uğurlar SOCAR-ın beynəlxalq investisiyalarının, qlobal əməliyyatlarının genişlənməsi üçün geniş şərait yaratmışdır. Bu gün şirkət dünyanın müxtəlif ölkələrində neft və qaz məhsullarının nəqli üçün zəruri olan infrastruktur obyektlərinə, magistral boru kəmərlərinə, gəmilərə, liman və terminallara, digər nəqliyyat-logistika vasitələrinə malikdir. Müasir qlobal infrastrukturun qurulması şirkətin dünya brendinə çevrilməsinin əsas şərtlərindən biri kimi çıxış edir. Hazırda SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 24 şirkətlə imzalanmış 19 Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) və 2 Risk Xidməti Sazişinin (RXS) tərəfdaşıdır. Ötən il həmçinin "SOCAR Polymer" kompleksinə daxil olan Polipropilen zavodunun açılış mərasimi keçirildi ki, bunun özü də böyük hadisədir və SOCAR-ın ölkə iqtisadiyyatında hansı rola və çəkiyə malik olduğunun daha bir göstəricidir. Beləliklə, Azərbaycanın müstəqilliyinin, müstəqil inkişafımızın təmin edilməsində, Azərbaycanın dünyadakı yerinin və rolunun artmasında neft faktorunun və SOCAR-ın rolu böyükdür, danılmazdır. Bu ötən 28 illik müstəqillik dövrümüzün nailiyyətləri, uğurları özü bir daha əyani şəkildə təsdiqləyir. Bu mühüm qurum hələ uzun illər Azərbaycan iqtisadiyyatının inkişafında, neft strategiyasının uğurlu təminatında, o cümlədən, hər birimizin həyatı, yaşayışı ilə bağlı olan dövlət büdcəsinin maliyyə təminatında öz mühüm rolunu oynayacaq və bu funksiyasını da uğurlu şəkildə davam etdirməyə müvəffəq olacaq. Bəzən belə fikirlər də səslənir ki, SOCAR özəlləşdirilməlidir və sairə. Bilirsiniz, ümummilli lider Heydər Əliyevin böyüklüyü və uzaqgörənliyi onda idi ki, o, özəlləşdirməyə məqsəd kimi deyil, ölkəni inkişaf etdirmək üçün qabaqcıl dünya dövlətlərinin təcrübəsinə istinad edilməklə, bir vasitə kimi baxdı. Ölkənin təbii-strateji resurslarını, Dövlət Neft Şirkətini (ARDNŞ) özəlləşdirmədi. Çünki Heydər Əliyev bilirdi ki, bu, Azərbaycanın iqtisadi-siyasi müstəqilliyinə, inkişafımıza ağır bir zərbə olardı. Dünyanın da əksər ölkələri heç zaman özlərinin təbii-strateji resurslarını özəlləşdirməyiblər. Odur ki, Azərbaycan dövlətinin müstəqillik dövründə ən mühüm nailiyyətlərindən biri məhz Dövlət Neft Şirkətinin qorunub, saxlanılmasıdır, inkişafıdır. Zamanında, məhz ulu öndərimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində Dövlət Neft Şirkətin qorunub, saxlanılması mümkün oldu. Əgər zamanında belə bir müdrik və tarixi qərar verilməsəydi, tam əminliklə deyirəm ki, nə müstəqil neft siyasətindən, nə də ümumən, müstəqil siyasi-iqtisadi inkişafımızdan danışmaq çətin olardı. Ona görə indi belə fikirləri səsləndirilənlər bir daha ötən dövrlərdə baş verənləri, yaşananları göz önünə gətirsələr, yaxşı olar. Bu baxımdan, adıçəkilən qurum hələ uzun illər qalmalı, öz işlərini və ölkəmizin inkişafına töhfələrini verməkdə davam etməlidir". Onun sözlərinə görə, bu gün dünyada qaza olan tələbatın getdikcə artdığı bir dövrdə - 1999-cu ildə kəşf olunmuş və 1 trilyon kubmetr həcmində qaz, 2 milyard barel kondensat ehtiyatına malik "Şahdəniz" yatağının işlənilməsi özü təkcə Azərbaycan üçün deyil, bütün region və Avropa ölkələri üçün böyük əhəmiyyət daşıyır. Ekspertlərin rəyinə görə, "Şahdəniz"də hasil edilməmiş təxminən 625 milyard kubmetr qaz və 117,5 milyon ton kondensat ehtiyatı mövcuddur. Bu layihənin həyata keçirilməsi həm də Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçının təbii qaza olan ehtiyaclarını təmin etməyə hesablanıb. Bunun özü də məhz beynəlxal əlaqələrin, beynəlxalq əməkdaşlığın təzahürüdür. Belə bir əməkdaşlıq olmasaydı, bu məsələ də ortaya çıxmazdı. Həmçinin,TANAP SOCAR üçün böyük önəm daşıyan layihədir. Şirkət bu beynəlxalq layihədə ən böyük iştirak payına malik olmuş və lider rolunu inamla öz üzərinə götürmüş, işin öhdəsindən layiqincə gəlmişdir. Kəmərin inşası prosesində qazanılmış nailiyyətlər göstərdi ki, SOCAR artıq xaricdə də böyük və məsul layihələri vaxtında və yüksək səmərə ilə həyata keçirməyə qadirdir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ilkin qiymətləndirmə zamanı layihənin dəyəri 11 milyard dollardan çox hesablanmışdırsa, sonradan görülən səmərələşdirmə tədbirləri nəticəsində bu rəqəmi 8 milyarddan aşağı salmaq mümkün olmuşdur. TANAP layihəsinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu: "Bildiyiniz kimi, ilk mərhələdə təbii qazın Türkiyə ərazisinə çatdırılması və ölkə bazarına daxil edilməsi, ikinci mərhələdə isə Avropa Birliyi sərhədinə qədər nəqli hədəf götürülürdü ki, artıq dediyim kimi, ötən il il birinci mərhələni uğurla başa vura bildik. İyunun 12-də Eskişehirde Azərbaycan və Türkiyə dövlət başçılarının, eləcə də Ukrayna, Serbiya və Şimali Kipr Türk Cümhuriyyəti prezidentlərinin iştirakı ilə TANAP-ın açılış mərasimi qeyd edildi. İyunun 30-dan "Şahdəniz-2" çərçivəsində hasil olunan təbii qazın bu kəmər vasitəsilə kommersiya məqsədilə Türkiyəyə nəql edilməsinə başlandı. Bu ilin sonunadək boru kəmərinin həm də Avropa Birliyi sərhədinə qədər olan hissəsi tamamlanacaq. 2020-ci ilin əvvəlində TAP kəməri TANAP-a birləşdiriləcək və ildə 10 milyard kubmetr həcmində Azərbaycan təbii qazının Avropa bazarına daşınması reallaşdırılacaq. Artıq TAP layihəsi üzrə ümumi işlərin 75 faizdən çoxu icra edilib. Əminliklə demək olar ki, TAP layihəsi də tezliklə tamamlanacaq və Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi - "Cənub qaz dəhlizi" tam şəkildə icra ediləcək. Yəni, sərmayə qoyuluşlarını şaxələndirməklə, investisiyaları müxtəlif sahələrə yatırmaqla şirkətin bu və ya digər bir məhsul növündən asılılığını azaltmaq qarşımızda duran başlıca məqsədlərdəndir. Bu məqsədə addım-addım yaxınlaşmaqla Azərbaycanın sənaye qüdrətinin və ixrac potensialının artırılmasına töhfələr verilir. Xam neftin qiymətinin kəskin düşdüyü son illərdə neft-kimya məhsullarının qiymətlərində daha yüksək sabitlik müşahidə olunur ki, bu da tutduğumuz yolun düzgünlüyünü bir daha sübut edir. Yeni əməliyyat sahələrində əldə edilən müsbət təcrübə və nəticələr həmin sahələrdə fəaliyyətlərin genişləndirilməsi üçün zəmin yaradır. Heç təsadüfi deyil ki, SOCAR-ın gələcək hədəfləri sırasında Türkiyədə daha bir neft-kimya kompleksinin inşası nəzərdə tutulur. Yeni layihənin texniki-iqtisadi əsaslandırmasının bu ilin aprel ayında yekunlaşdırılması, həmin ilin iyun ayında tikinti işlərinə başlanılması planlaşdırılır. Yeni neft-kimya kompleksində ilkin istehsalın 2022-ci ilin sonu, 2023-cü ilin əvvəlində başlanılması nəzərdə tutulur. Bütün bunlar bir daha onu göstərir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyası və onun ötən illər ərzində uğurlu icrası, ölkə prezidenti İlham Əliyevin bu istiqamətdəki çoxşaxəli fəaliyyəti ölkəmizin beynəlxalq əməkdaşlığının həyata keçirilməsində böyük önəmə və əhəmiyyətə malikdir. Bundan udan və qazanan isə ilk növbədə xalqımız, müstəqil dövlətimiz və dövlətçiliyimizdir. Fikirlərimi ölkə prezidentinin Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" mövzusunda sessiya zamanı səsləndirdiyi bu fikirlərlə tamamlamaq istəyirəm: "Biz qonşularımız olmadan tranzit ölkə ola bilmərik. Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq..."
Nurlan