Rusiyadakı zərbələr dünya bazarına təsir edir: Dizel bahalaşması qaçılmazdır- ÖZƏL
15:51 SiyasətUkrayna PUA-larının Rusiya neft emalı zavodlarına zərbələri qlobal dizel bazarında ciddi gərginliyə səbəb olub. Rusiyanın daxili bazarı qorumaq üçün dizel ixracına qadağa qoyması və idxala başlamaq məcburiyyətində qalması ardınca ABŞ-da dizelin qiymətinin 5 dolları keçməsinə, Avropada isə marjaların rekord həddə çatmasına gətirib çıxarıb. Əvvəllər Rusiya yanacağını alan Braziliya və Türkiyə kimi ölkələrin alternativ mənbələrə yönəlməsi qlobal tədarük zəncirini çətinləşdirir. Ekspertlər xəbərdarlıq edirlər ki, hücumların davam etməsi və zədələnmiş zavodların bərpa oluna bilməməsi daxili çatışmazlığı dərinləşdirə və qlobal qiymət artımını uzunmüddətli edə bilər.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Rusiya dünyada dizel yanacağının əsas istehsalçı və ixracatçılarından biridir. Buna görə də neft emalı zavodlarının fəaliyyətinin pozulması və dizel ixracının azalması qlobal enerji bazarına təsirsiz ötüşmür. Bazarda təklif azaldıqda qiymətlər yüksəlir, nəticədə nəqliyyat, logistika, kənd təsərrüfatı və sənaye kimi dizeldən geniş istifadə edən sahələrdə xərclər artır. Bu da bir çox ölkədə inflyasiya təzyiqlərinin güclənməsinə səbəb ola bilər.
Rusiyanın dizel ixracını məhdudlaşdırması əvvəllər bu ölkədən yanacaq alan dövlətləri alternativ təchizatçılar axtarmağa məcbur edir. Bu isə qlobal tədarük zəncirini yenidən formalaşdırır, logistika məsafələrini uzadır və nəqliyyat xərclərini artırır. Nəticədə dizelin qiymətindəki artım digər məhsul və xidmətlərin maya dəyərinə də təsir göstərir.
Rusiya iqtisadiyyatı baxımından isə neft emalı zavodlarının sıradan çıxması həm ixrac gəlirlərinin azalmasına, həm də daxili bazarda yanacaq təminatı ilə bağlı əlavə problemlərə səbəb ola bilər. Zavodların bərpası üçün əlavə investisiya tələb olunur, istehsalın azalması isə dövlət büdcəsinin enerji gəlirlərinə mənfi təsir göstərə bilər. Əgər daxili bazarda çatışmazlıq yaranarsa, hökumət ixracı məhdudlaşdırmaq və ya idxala müraciət etmək məcburiyyətində qala bilər ki, bu da əlavə maliyyə yükü yaradır.
Bununla yanaşı, qlobal enerji bazarı zamanla müəyyən uyğunlaşma qabiliyyətinə malikdir. Digər istehsalçı ölkələr istehsalı artırarsa və alternativ tədarük marşrutları formalaşarsa, bazardakı gərginlik müəyyən qədər azala bilər. Lakin hücumlar davam edər və Rusiyanın emal güclərinin bərpası ləngiyərsə, dizel bazarında qiymətlərin yüksək səviyyədə qalması və bunun dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini artırması ehtimalı yüksələcək".
Zeynəb Mustafazadə