Əlifba Günü: Azərbaycan dilinin saflığını qorumaq dövlətçilik məsələsidir - ÖZƏL
14:39 Siyasət"Əlifba və dil Azərbaycanın milli kimliyini, dövlətçiliyini və özünəməxsusluğunu müəyyən edən ən mühüm rəmzlərdəndir. Bu gün Azərbaycan dünyada təkcə öz inkişaf modeli və müstəqil siyasəti ilə deyil, həm də öz əlifbası və daim qorunub inkişaf etdirilməli olan dövlət dili ilə tanınır."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycan dili ölkədə yaşayan müxtəlif millətləri və etnik qrupları birləşdirən əsas ünsiyyət vasitəsinə çevrilib. Milli əlifbanın qəbul edilməsi Azərbaycanın dünya yazı mədəniyyətinə inteqrasiyasını sürətləndirdiyi kimi, Azərbaycan dili də həm ölkə daxilində müxtəlif xalqlar arasında, həm də beynəlxalq müstəvidə əlaqələrin inkişafına mühüm töhfə verir.
Dilimizin saflığının və özünəməxsusluğunun qorunması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş əsas dövlət siyasəti istiqamətlərindən biridir. Millətin ana dilinin qorunması təkcə mənəvi məsələ deyil, həm də dövlət səviyyəsində müəyyənləşdirilmiş konstitusion vəzifədir.
Bu istiqamətdə indiyədək mühüm addımlar atılıb. Dövlət başçısı Azərbaycan dilinin qorunması ilə bağlı dəfələrlə mühüm sənədlər imzalayıb, dövlət proqramları qəbul edilib, dilin saflığına qəsd edən hallarla bağlı inzibati məsuliyyət tədbirləri müəyyənləşdirilib. Lakin etiraf etmək lazımdır ki, görülən işlərə baxmayaraq, əldə olunan nəticələr hələ də tam qənaətbəxş deyil.
Mətbuatdan tutmuş gündəlik ünsiyyətə qədər müxtəlif sahələrdə Azərbaycan dilinin saflığının qorunması istiqamətində görüləsi işlər kifayət qədərdir. Üstəlik, nəzərə almaq lazımdır ki, dilimizə yad təsirlərin bir qismi təsadüfi deyil, məqsədyönlü xarakter daşıyır. Xarici dillərin Azərbaycan dilinə həddindən artıq müdaxiləsi bəzi hallarda milli dilin özünəməxsus xüsusiyyətlərini zəiflətməyə yönəlmiş cəhd kimi də qiymətləndirilə bilər.
Azərbaycan dilinin saflığının qorunmasını yalnız dövlətin və ya yalnız ictimaiyyətin vəzifəsi kimi təqdim etmək düzgün deyil. Bu, həm dövlətin, həm də cəmiyyətin ortaq məsuliyyətidir. Xüsusilə qloballaşma dövründə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı dilə xarici təsirləri artırır və bu prosesə tam nəzarət etməyi çətinləşdirir.
Məhz buna görə də hüquqi və inzibati tədbirlərlə yanaşı, cəmiyyət daxilində də dilimizin saflığını qorumağa yönəlmiş ictimai məsuliyyət və həssaslıq formalaşdırılmalıdır. Dilə qarşı yanlış münasibət və ya onun normalarının pozulması hallarında təkcə dövlət qurumlarının deyil, cəmiyyətin də vahid mövqe nümayiş etdirməsi vacibdir. Hazırda belə hallara etirazlar əsasən fərdi səviyyədə müşahidə olunur. Halbuki bu məsələdə ictimai həmrəylik və kütləvi yanaşma daha təsirli nəticələr verə bilər.
Əgər cəmiyyət Azərbaycan dilinin saflığının qorunmasını ümummilli məsələ kimi qəbul edib bu istiqamətdə daha fəal iştirak etsə, görülən işlərin səmərəsi də xeyli artar. Çünki ana dilinin qorunması təkcə dil məsələsi deyil, dövlətçilik, milli kimlik və gələcək nəsillərə ötürəcəyimiz mənəvi irsin qorunması məsələsidir."
İbrahim Məmmədli