Vaşinqton–Təl-Əviv xəttində fikir ayrılığı: Böhran, yoxsa taktiki ziddiyyət?- ÖZƏL

İsrailin Baş naziri Benyamin Netanyahu kabinet üzvlərinə ABŞ-ın İsrail qoşunlarının Suriya, Livan və Qəzza zolağından geri çəkilməsində israr etdiyini bildirib. Məlumata görə, Netanyahu bu tələbə etiraz edib və buna qarşı müqavimət göstərəcəyini deyib.

ABŞ-ın İsrail qoşunlarının geri çəkilməsi ilə bağlı tələbi regiondakı siyasi və təhlükəsizlik balansına necə təsir göstərə bilər? Netanyahu administrasiyasının bu tələbə qarşı çıxması ABŞ-İsrail münasibətlərində hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:

" ABŞ-ın İsrail qoşunlarının Suriya, Livan və Qəzza zolağından geri çəkilməsi ilə bağlı israrının doğru olduğu təsdiqlənərsə, bu, Vaşinqtonun regionda hərbi eskalasiyanın idarə olunmasına və diplomatik proseslərin önə çəkilməsinə üstünlük vermək istədiyini göstərə bilər. Belə bir yanaşma Yaxın Şərqdə gərginliyin müəyyən qədər azaldılması üçün siyasi siqnal sayılsa da, eyni zamanda təhlükəsizlik boşluqlarının yaranması, müxtəlif silahlı qrupların aktivləşməsi və təsir uğrunda rəqabətin güclənməsi kimi riskləri də gündəmə gətirə bilər. Buna görə də mümkün geriçəkilmənin nəticələri yalnız hərbi deyil, həm də siyasi və regional aktorların davranışından asılı olacaq.

Netanyahu hökumətinin bu tələbə etiraz etməsi isə İsrail rəhbərliyinin təhlükəsizlik prioritetlərini fərqli qiymətləndirdiyini göstərir. İsrail uzun müddətdir sərhədyanı ərazilərdə hərbi mövcudluğunu milli təhlükəsizlik strategiyasının əsas elementlərindən biri kimi təqdim edir. Bu baxımdan hökumətin geri çəkilməyə müqavimət göstərməsi daxili siyasi gündəm və təhlükəsizlik yanaşması ilə də əlaqələndirilə bilər.

ABŞ-İsrail münasibətlərinə gəlincə, tərəflər arasında zaman-zaman taktiki və operativ məsələlər üzrə fikir ayrılıqları müşahidə olunsa da, bu, avtomatik olaraq strateji tərəfdaşlığın zəifləyəcəyi anlamına gəlmir. Bununla belə, əgər fikir ayrılıqları dərinləşərsə, hərbi koordinasiya, diplomatik mövqelərin uzlaşdırılması və regional siyasətin həyata keçirilməsi prosesində müəyyən gərginlik yarana bilər. Yenə də iki ölkə arasında təhlükəsizlik, müdafiə və kəşfiyyat sahəsində formalaşmış institusional əməkdaşlıq belə fikir ayrılıqlarının tammiqyaslı siyasi böhrana çevrilməsi ehtimalını nisbətən aşağı saxlayan əsas amillərdən hesab olunur".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31