Gələn ilin dövlət büdcəsi nə vəd edir?

Hansı risklərlə üz-üzə qala bilərik?  

Milli Məclisin komitələrində 2019-ci il üçün ölkənin əsas maliyyə sənədinin müzakirəsinə start verilib. Məlumat üçün qeyd edək ki, dünya bazarında neftin qiymətinin qeyri-stabil olduğu bir məqamda Azərbaycanda gələn ilin dövlət büdcəsi ən böyük büdcə olaraq tərtib edilib. Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən bildirilib ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri hazırlanarkən qlobal iqtisadiyyatda gedən son meyillərin təhlili aparılıb, onların ölkənin makroiqtisadi göstəricilərinə, o cümlədən icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri qiymətləndirilib. Belə ki, makroiqtisadi sabitliyin qorunması və iqtisadi artımın müsbət meyilləri növbəti illərdə də davam edəcək. 2019-cu ilin icmal və dövlət büdcəsi yeni büdcə qaydasının tələbləri gözlənilməklə tərtib olunub. Yeni büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması mexanizmini müəyyən edir. Xatırladaq ki, növbəti ildə icmal büdcənin gəlirləri isə 29 milyrad 724,6 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilə nisbətən 5,7 faiz çoxdur. Eyni zamanda, dövlət büdcəsinin gəlirləri 22 milyard 917,5 milyon manat proqnozlaşdırılır. Bu, ÜDM-in 28 faizi həcmindədir. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 11 milyard 553,2 milyon manat təşkil edəcək. Bu isə 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3 faiz, 2017-ci ilin icrası ilə müqayisədə 10,9 faiz çoxdur. 2019-cu il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 59,8 faizi və ya 13700,3 milyon manatı neft sektorunun, 40,2 faizi və ya 9217,2 milyon manatı qeyri-neft sektorunun payına düşür. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan 2019-cu il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına və proqnoz göstəricilərinə əsasən 2019-cu ildə ölkədə ÜDM-in real iqtisadi artımı 3,6 faiz olmaqla, 81,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9 faiz olmaqla 50,5 milyard manat təşkil edəcək. Qeyri-neft sektorunun inkişafının təmin edilməsi növbəti illərdə də iqtisadi prioritetlərdən biri olacaq. Ölkə iqtisadiyyatının inkişafına yönəlmiş investisiya qoyuluşlarının artımı növbəti illərdə də davam edəcək. 2019-cu ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 2,2 faiz artaraq 17,9 milyard manat proqnozlaşdırılır ki, bunun da 58,1 faizi daxili investisiyaların, 41,9 faizi isə xarici investisiyaların payına düşəcək. 2019-cu ildə qeyri-dövlət investisiyalarının həcmi 8,9 milyard manat olmaqla, ümumi investisiyaların 50,0 faizini təşkil edəcək.

Məzənnə sabitliyinin qorunması, devalvasiyanın ilkin təsirlərinin aradan qalxması, habelə gəlir vergisinin optimallaşdırılması üzrə həyata keçiriləcək tədbirlər əhalinin sosial rifah göstəricilərində müsbət meyillərə səbəb olacaq. Növbəti üç ildə yerli valyutanın ABŞ dolları ilə dəyərinin 1,70 manat səviyyəsində qalacağı və istehlak qiymətləri indeksinin cari ilədək rəqəmli səviyyəyə enməsi trendinin davam edəcəyi gözlənilir. Nəticə etibarilə əhalinin gəlir səviyyəsinin 2019-cu ildə 59,2 milyard manata qədər artacağı və orta aylıq əməkhaqqının ötən illə müqayisədə real ifadədə 10,7 faiz artaraq 641,7 manat olacağı proqnozlaşdırılır. 2019-cu ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 milyard 316 milyon manatı və ya 31,9 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşəcək. Növbəti ildə büdcə-vergi siyasətində bir sıra mühüm dəyişikliklər baş verəcək. Növbəti ildə Dövlət Neft Fondundan büdcəyə transfertin məbləği 11 milyard 364 milyon 300 min manat müəyyən edilib.

2019-cu ilin dövlət büdcəsinin layihəsi müstəqillik dövrünün manat ifadəsində ən böyük büdcə olaraq tərtib olunub və ilk dəfə olaraq yeni büdcə qaydaları nəzərə alınıb. Ümumilikdə ölkənin müdafiə və təhlükəsizlik məsələlərinə ayrılan vəsaitin həcmi artırılıb. Daha dəqiq, müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquqmühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2019-cu il dövlət büdcəsi xərclərinin 18,5 faizi həcmində və ya 4 milyard 589,6 milyon manat vəsait nəzərdə tutulub. Sənədlə bağlı Hesablama Palatası da rəy verib.

Lakin bütün sadalananlara baxmayaraq dövlət büdcəsi gözlənilən risklərdən də xali deyil. Maliyyə naziri Samir Şərifov bildirib ki, yeni büdcə qaydası neftdən asılılığın azaldılmasına yönəlib. Yəni, neft qiymətləri aşağı düşdükdə, biz dərhal xərcləri azaltmamalıyıq. Çünki, bu, ikinci zərbə kimi endirilmiş olacaq: "Yeni büdcə qaydasına riayət etsək, özümüzü təhdidlərdən qorumuş olacağıq. İqtisadi siyasətimizi həyata keçirərkən diqqətli olmalıyıq". Nazir əlavə edib ki, Dövlət Neft Fondundan büdcəyə transfert tədiyyə balansı və valyuta bazarının tənzimlənməsində böyük rola malikdir: "Fond valyuta bazarına müyyən səviyyədə vəsait çıxarmalıdır ki, bazarda xarici valyutaya tələbat tam və dolğun təmin olunsun. Bu məsələni də nəzərdən qaçırmamalıyıq. Belə ki, transfert dövlətin xərclərinin orta və uzunmüddətli həyata keçirilməsinə xidmət edirsə, digər tərəfdən böyük həcmdə xarici valyutanın bazara çıxarılmasının qaşısını almalı və həmin optimal səviyyəni qarşılamalıdır". S.Şərifov gəlirlərlə bağlı risk faktorlarına da toxunub: "Yeganə risk faktoru digər neft gəlirlərindən əldə ediləcək daxilomalarımızla bağlı ola bilər. Burada söhbət mənfəət vergisindən gedir. Bunun da ödəyisi SOCAR-dır. SOCAR-ın isə xarici valyutada daxilolmaları o qədər yüksək deyil. Əvvəl daha çox neft məhsullarını xarici bazarlara yönəldirdisə, hazırda daxili istehlakımız kifayət qədər yüksək sürətlə atrır. Nəticə etibari ilə məhsullarını daxili bazarda satır. Daxili bazarda isə vergilərimiz Vergilər Nazirliyi tərəfindən müvafiq qaydada yığılacaq". Nazir bildirib ki, digər risk neftin qiymətinin azalacağı təqdirdə beynəlxalq konsorsiumlar tərəfindən ödənilən mənfəət vergisinin azalması ola bilər: "Biz bunu da əhəmiyyətli risk kimi qiymətləndirmirik".

Elspertlər isə hesab edirlər ki,  2019-cu il dövlət büdcəsinin xərclərinin tərtibi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən kənd təsərrüfatının stimullaşdırılması, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının, ölkədə məşğulluğun səviyyəsinin yüksəldilməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin maliyyə təminatı nəzərə alınıb. Millət vəkili Jalə Əliyeva deyib ki, büdcə layihəsi həm düşünülmüş siyasətin, həm güclü iradənin, həm də eyni zamanda güclü iqtisadiyyatın aynası kimi qiymətləndirilməlidir: "Cənab prezidentin rəhbərliyi ilə 9 iyul 2018-ci ildə keçirilmiş Nazirlər Kabinetinin iclasında ölkə başçısı qeyd edib ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda güclü iqtisadiyyat dayanır. "Biz güclü iqtisadiyyat qura bilmişik. Bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik". Komitələrdəki müzakirələrdən gəlinən nəticə budur ki, büdcə layihəsi real proqnozlara əsaslanaraq hazırlanmış, əhəmiyyətli bir sənəddir. Büdcə layihəsində bütün sahələrə ötən illərlə müqayisədə daha çox vəsait ayrılması, əlbəttə ki, sevindiricidir və bu göstərici ümumilikdə ölkənin iqtisadi gücünün sübutudur".

Onun sözlərinə görə, eləcə də, ölkədə hökm sürən ictimai, iqtisadi, siyasi sabitliyin, eyni zamanda, maliyyə sabitliyinin göstəricisidir: "Mədəniyyət sahəsinə də digər sahələrdə olduğu kimi, ötən ilə nəzərən daha çox vəsait ayrılmasına baxmayaraq, düşünürük ki, bu vəsait dövlət mədəniyyət siyasətinin tam gücü ilə həyata keçirilməsi üçün kifayət deyil. Xüsusilə, film yaradıcılığında keyfiyyətin artırılması, dünya səviyyəli filmlərin istehsal edilməsi üçün büdcədən daha samballı vəsait ayrılmasına ehtiyac var. Tibb sashəsi ilə bağlı icbari-tibbi sığortanın bütün ölkədə tətbiq edilməsi işinin sürətləndirilməsinə ehtiyac var. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə güzəştli ipotekaların sadəcə dövlət qulluqçularına deyil, eyni zamanda, müəllimlərə, həkimlərə, mədəniyyət, incəsənət xadimlərinə, yaradıcı şəxslərə də şamil edilməsi yaxşı olardı. İnternat məktəblərindən məzun olan gənclərin ev və işlə təmin olunmasını nəzər tutan layihələrə vəsait ayrılması əhəmiyyətli, cəmiyyətin saflaşması, bütövləşməsi baxımından çox əhəmiyyətlidir. Ailə münaqişələrinin, məişət zorakılığı ucbatından evini tərk etmiş, taleyi qırılmış insanlarla qarşılaşırıq və sözün əsl mənasında küçələrdə qalmağa məcbur olan qadınlar və onların azyaşlı uşaqları üçün dövlət cığınacaqlarının tikilməsi üçün də vəsaitin nəzərdə tutulması əhəmiyyətlidir. Bununyanaşı, biz yalnız dövlətdən yardım, dəstək gözləməməliyik: "Özəl sektor, iş adamları da bu proseslərəə fəal şəkildə qoşulmalıdırlar. Bu, ümumi işin xeyrinə olardı".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31