Azərbaycan dünya miqyasında güclü nəqliyyat mərkəzinə çevrilib

"Azərbaycanın enerji, nəqliyyat, infrastruktur layihələri ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır"

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Bu baxımdan nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Son illər həm Bakı şəhərində, həm də respublikamızın digər iri şəhərlərində respublika səviyyəsində yolların yenidən qurulması, bərpası və genişləndirilməsi, körpülərin, yol ötürücülərinin, yeraltı keçidlərin, habelə çoxmərtəbəli və yeraltı avtomobil dayanacaqlarının tikilməsi müvəffəqiyyətlə həyata keçirilir. Nəqliyyat sektirunun formalaşdırılması ölkənin beynəlxalq alımə çıxışını təmin etməklə yanaşı, Azərbaycan məhsullarının  xarici baxarlara çıxışını reallaşdırır.Artıq Azərbaycan beynəlxalq nəqliyyat sistemində əhəmiyyətli rol oynayan ölkəyə çevrilib. Buna ölkəmizin yerləşdiyi coğrafi mövqe və iqtisadi potensialı zəmin yaradır. Prezident İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib ki, Azərbaycanın coğrafi vəziyyəti əlverişlidir, ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyətin heç bir əhəmiyyəti yoxdur. Digər tərəfdən, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Ona görə bizim bütün nəqliyyat, enerji, kommunikasiya xətlərimiz başqa ölkələrin ərazisindən keçməlidir. Dövlət başçısı bildirib ki, buna nail olmaq üçün mütləq, ilk növbədə, qonşu dövlətlərlə və daha böyük coğrafiyanı əhatə edən ölkələrlə çox sıx dostluq münasibətləri olmalıdır: "Biz bir neçə il bundan əvvəl nəqliyyat sahəsində qarşıya vəzifə qoymuşduq ki, Azərbaycan nəinki bu bölgədə, dünya miqyasında güclü nəqliyyat mərkəzinə çevrilsin. Bu məqsədə doğru ardıcıl olaraq getməyə başlanmışdır və bu gün tam əminliklə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Ölkəmizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb, 6 beynəlxalq hava limanı, Azərbaycanı bütün qonşu ölkələrlə bağlayan və ölkəmizin əsas hissəsini əhatə edən dəmir yolları, son 15 ildə salınmış 15 min kilometrdən çox avtomobil yolları, Xəzər hövzəsində 200-dən çox gəmisi olan ən böyük ticarət donanması. Yəni, bütün bunlar böyük vəsait tələb edən layihələrdir və onlar həll olunub. Nəhayət, Xəzər dənizinin önəmli, yeni ticarət limanının bu il istifadəyə verilməsi bu işləri tamamlayıb". Bu gün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçdiyini deyən İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin daha da genişləndiyini qeyd edib: "Keçən illə müqayisədə bu il bu dəhliz vasitəsilə 100 dəfədən çox həcmdə yük daşınıbdır. Bu, hələ başlanğıcdır. Bu gün bu önəmli iki istiqamətə digər istiqamətlərdən qoşulma halları müşahidə olunur. Biz bu gün artıq Cənub-Qərb nəqliyyat dəhlizini təmin edirik və Şərq-Qərb nəqliyyat dəhlizi də Azərbaycan ərazisindən keçir. Bütün bu nəqliyyat, infrastruktur layihələrində iştirak edən yeganə ölkə Azərbaycandır. Bu nəqliyyat bağlılığı, eyni zamanda, mehriban qonşuluğa da gözəl şərait yaradır. Heç bir ölkə, əgər qonşularla yaxşı münasibətləri yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə çevrilə bilməz. Ona görə, bizim enerji, nəqliyyat, infrastruktur layihələrimiz ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır. Ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək üçün xüsusilə qonşu ölkələrlə, ənənəvi dost ölkələrlə münasibətlərdə mütləq humanitar sahəyə böyük önəm verilməlidir. Bu olmasa, bütün başqa sahələrdə də problemlər yaşana bilər. Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, biz humanitar əməkdaşlığa çox böyük diqqət göstəririk, bir çox təşəbbüslər irəli sürmüşük. Onlardan biri Bakı Beynəlxalq Humanitar Forumudur ki, bu gün öz işinə başlayır. Əminəm ki, aparılacaq diskussiyalar, müzakirələr bizim ümumi işimizə gözəl töhfə verəcəkdir".

Məlumat üçün qeyd edək ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında aparıcı qurumlardan olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) öz fəaliyyətini uğurla davam etdirməkdədir. Açılışı cari ilin may ayına təsadüf edən Bakı Limanında 2018-ci ilin birinci yarımilində yükaşırmanın həcmi 2 milyon tona çatıb. Ümumi yükaşırmanın 86%-i tranzit yüklərin payına düşüb. Hesabat dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb. Belə ki, 2018-ci ilin birinci yarımilində TEU ekvivalentində 10746 ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% artım deməkdir. Sərnişin daşımasında isə 37 faiz artım müşayiət olunub. Cari ilin birinci 6 ayında neft terminalında xam neft və neft məhsullarının aşırılması 30 faiz artaraq 280 min tona çatıb. Həmçinin, Rəşt-Astara dəmir yolunun yekunlaşması və istismara verilməsi regionda ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) regionunda əmtəə dövriyyəsinin artım potensialı 2020-ci il üçün 646-922 milyard dollar təşkil edir ki, bu da yük potensialında 300 min konteynerə bərabərdir. Marşruta istiqamətlənən yük bazasını Avropa, Çin və Türkiyə ticarət tərəfdaşlarının bazarları təmsil edir. Marşrutun səmərəliliyi yük axınının artması, həmçinin gələcəkdə Marmaray yük tunelinin istifadə edilməsi və Avropanın Pan-Avropa dəhlizləri sisteminə qoşulmaqla artacaq. Dəmir yolu qatarlarının İstanbula birbaşa çıxışını təmin etmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra Mersin limanına gələn ilk qatar Qazaxıstan taxılını gətirib. 2018-ci ilin yanvarından iyununadək sözügedən marşrutla Qazaxıstanın 1073 konteynerlik taxıl yükləri daşınıb. Qeyd edək ki, Transxəzər marşrutu tarixi Böyük İpək Yolu ticarət marşrutunun varisi hesab olunur. Məlumata görə, ölkələr arasında mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutunun  yaradılması nəzərdə tutulur. Bu marşrutun "Şimal-Cənub" layihəsi çərçivəsində fəaliyyət göstərəcəyi planlaşdırılır. Xatırladaq ki, Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir - Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi regionunu birləşdirən "Şimal-Cənub" dəhlizi, həmçinin Yeni İpək Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji əlaqə yaradan TRACECA - Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. Bu faktlar deməyə əsas verir ki, Azərbaycanın yükdaşımanın inkişafı baxımından gözəl perspektivləri var. Belə ki, İranla dəmir yolu xəttinin inkişafı "Şimal-Cənub" dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq-Qərb istiqamətini inkişaf etdirəcək. Mütəxəssislərin qənaətinə görə, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasına müsbət təsir göstərəcək. Qeyd edək ki, ölkəmizin beynəlxalq tranzit mərkəzinə çevrilməsi eyni zamanda, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. Azərbaycan artıq dünyada etibarlı və strateji bir tərəfdaşa çevrilib, Azərbaycanın həyata keçirdiyi iri layihələr dünya ölkələri tərəfindən dəstəklənir və getdikcə bu layihələrə qoşulmaq istəyən ölkələrin sayı artır. Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasətinin, diplomatik səylərinin, siyasi qətiyyətinin, eləcə də Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya etməsi istiqamətində böyük fəaliyyətinin nəticəsidir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31