Rəqabət mühitinin olmaması süni qiymət artımına yol açır

İnhisarçılar rəqabəti boğmaqla iqtisadiyyatın şaxələnməsinə maneə olurlar

Azərbaycanın sürətli iqtisadi inkişafı bütün sahələrdə olduğu kimi, istehlak bazarındakı bolluqla da özünü göstərir. Lakin ölkədə kifayə qədər ticarət obyekti və çoxçeşidli yerli məhsul istehsalı olmasına baxmayaraq bir sıra mallarda qyimət artımı müşahidə olunur. Məlumata görə,  təkcə paytaxt Bakıda 15 mindən çox ticarət obyekti fəaliyyət göstərir. Bu isə o deməkdir ki, istehlak bazarındakı bolluq, çoxsaylı ticarət obyektlərinin mövcudluğu qiymətlərin stabilləşməsini təmin etməlidir. Çox təəsüf ki, reallıqda bunun əksini müşahidə edirik. Prezident İlham Əliyev dəfələrlə "süni qiymət artımının" baş verdiyinə görə narazılığını ifadə edib. Bildirib ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər. Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, olmamalıdır. Mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır".

Millət vəkili Əli Məsimli qeyd edib ki, bazar iqtisadiyyatı inhisarçılıqla rəqabətin sintezindən ibarət olsa da, amma dünyada elə ölkə yoxdur ki, rəqabət üçün şərait yaratmadan sözün həqiqi mənasında yüksək səviyyədə hərtərəfli inkişaf edə bilsin. Çünki inhisarçılar öz mövqelərindən sui-istifadə edərək, qanunvericiliklə yolverilməz vasitə və üsullardan istifadə etməklə, yüksək mənfəət götürmək məqsədi ilə ayrı-ayrı fəaliyyət sahələrini, məhsul növlərinin idxal-ixracını və bazarların xeyli hissəsini nəzarətə alıb, azad rəqabəti boğmaqla inkişafımızın ləngidilməsi  amilinə çevriliblər. Deputat qeyd edib ki, son vaxtlar inhisarçılığın zəiflədilməsi istiqamətində müəyyən addımlar atılsa da, bu, hələlik ölkədə inhisarçılığın aradan qaldırıldığını deməyə əsas vermir. İnhisarçılar rəqabəti boğmaqla eyni zamanda həm də, iqtisadiyyatın şaxələnməsinə və səmərəliliyinin yüksəldilməsinə, elmi-texniki tərəqqinin inkişafına, əmək məhsuldarlığının və məhsulun keyyfiyyətinin yüksəlməsinə, onun rəqabət qabiliyyətinin artmasına mənfi təsir göstərirlər. Millət vəkili bildirib ki, ölkədə süni qiymət artımının tüğyan etməsi də xeyli dərəcədə monopoliyaların əməlidir: "Çünki bu deyilənlərlə yanaşı, inhisarçılıq həm də, qiymətin süni surətdə artırılmasına və məhsulun tələb və təklifin təsiri altında yaranan bazar qiymətləri ilə deyil, inhisar qiyməti ilə satılmasına, istehsal həcminin azaldılmasına səbəb olur. Monopoloya istehlakçıların hüquqlarını pozur, süni qiymət artəmı hesabına hər il ölkə əhalisinə milyard manatlarla əlavə ziyan vurur.İnhisarçılıq hər şeyi xaricdən gətirib birə-üç,bəzən də birə-beş qiymətə satmaq prinsipini öndə saxladığından, iqtisadiyyatımızın qeyri-neft sektorunun potensial imkanlarımıza layiq səviyyədə inkişafının, şaxələnməsinin ləngidilməsi ilə ölkəyə sarsıdıcı zərbə vururlar. Bu, həm də, istehsalla məşğul olan kiçik və orta sahibkarlığın da inkişafına mane olur, hətta, ciddi zərbə vurur.Bütün bu neqativlərin qarşısını almaqdan ötrü dövlətin işlək mexanizmli və təsirli anti-inhisar siyasəti olmalıdır". Ə. Məsimlinin fikrincə, dövlətin antiinhisar siyasəti çoxşaxəli və uzunmüddətli bir proses olduğundan, antiinhisar və rəqabətə meydan vermə siyasəti müasir tələblərə cavab verən qanunvericilik aktları ilə möhkəmləndirilməlidir: "Ona görə də biz Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsini, işlək mexanizm hazırlayıb həyata keçirilməsini, Azərbaycanda inhisarçılığın sındırılmasının və rəqabətin inkişafınin mühüm şərti hesab edirik. Məlum olduğu kimi, Rəqabət Məcəlləsi 2006-cı ildə Milli Məclisə təqdim olunub, iki oxunuşdan keçsə də, artıq 12-ci ildir ki, bu qanun qəbul olunmur. Rəqabət Məcəlləsinin indiyədək qəbul edilmməsininə dair indiyədək müxtəlif səbəblər gətirilsə də,onların heç biri həqiqətə uyğun deyil. Əslində əsas səbəb odur ki,Azərbaycanda sahibkarlıq sistemində məmur sahibkarlığı əsas yer tutur.Onlar birbaşa və dolayısı ilə idarə etdikləri iqtisadi fəaliyyət sahəsini inhisarda saxlamaqda davam etməkdən ötrü 12 ildir ki, müxtəlif bəhanələrlə Rəqabət Məcəlləsinin qəbulunu gecikdirirlər.Çünki bilirlər ki,onlar sivil prinsiplərin bərqarar olduğu şəraitdə, rəqabət mühitində fəaliyyət göstərməyə qadir deyillər və yalnız monopol vəziyyətdə çalıb-çapa və qanundankənar yüksək mənfəət götürə bilərlər. Nəticədə Azərbaycanda hələ də bazar iqtisadiyyatının 3 fundamental prinsipinin effektiv kombinasiyasına nail olmaq mümkün olmayıb: azad sahibkarlıq,azad rəqabət və ədalətli azad qiymətlər. Azərbaycan hökumətinin bazar iqtisadiyyatının həmin 3 fundamental prinsipinin effektiv kombinasiyasına nail olmaması yuxarıda sadaladığımız mənfiliklərə, ölkə iqtisadiyyatına, onun səmərəlilik göstəricilərinə, iqtisadiyyatın şaxələndirilməsinin səviyyəsinə və sürətinə, kiçik və orta sahibkarlığın potensial imkanlar səviyyəsində inkişadına mənfi təsir göstərir. Ona görə də 12 ildir ki, biz deputat həmkarım Vahid Əhmədovla birlikdə Rəqabət Məcəlləsinin qəbulunun tezləşdirilməsi məsələsini israrla qaldırırıq."Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə 2017-2020-ci illər arasında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsi də öz əksini tapıb. Məlumdur ki, əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun gücləndirilməsi sahəsində bir sıra ölkənin qanunvericiliyi araşdırılıb Rəqabət Agentliyinin yaradılması haqqında prezidentin fərman layihəsi hazırlanıb. Əgər həmin ideya gerçəkləşəcəksə, Rəqabət Agentliyinin səmərəli fəliyyət göstərməsi üçün digər şərtlərlə yanaşı, həm də fəaliyyət dairəsinə dair müasir tələblərə cavab verən və işlək mexanizmə malik hüquqi baza olmalıdır. Bu baxımdan, yeni Rəqabət Məcəlləsi qəbul edilmədən Rəqabət Agentliyi normal fəaliyyət göstərə bilməz. Deməli, bütün bu deyilənlər bir daha göstərir və yeni situasiya obyektiv surətdə tələb edir ki, Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilsin".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31