Azərbaycanın hərtərəfli inkişafında regional proqramların xüsusi yeri var
Azərbaycan tarixində ikinci dəfə, XX əsrin 90-cı illərində öz müstəqilliyini əldə etdikdən sonra dövlətin qarşısında bir sıra həlli vacib məsələlər dayanırdı. Bunların sırasında iqtisadiyyatı inkişaf etdirmək ön planda dayanırdı.
21 İyun 2018 15:37 İqtisadiyyatAzərbaycan tarixində ikinci dəfə, XX əsrin 90-cı illərində öz müstəqilliyini əldə etdikdən sonra dövlətin qarşısında bir sıra həlli vacib məsələlər dayanırdı. Bunların sırasında iqtisadiyyatı inkişaf etdirmək ön planda dayanırdı. Lakin müstəqilliyin ilk illəri kifayət qədər çətin və məşəqqətli keçdiyi üçün Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək o qədər də asan deyildi. Ən başlıca səbəb isə ümumiyyətlə ölkədə iqtisadi inkişaf üçün zəminin olmaması idi. Sovetlərdən qalan iqtisadiyyatın tamamilə çökməsi, ayrı-ayrı sahələr üzrə inkişafdan daha çox geriləmənin müşahidə edilməsi ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün müsbət heç nə vəd etmirdi. Digər tərəfdən müstəqilliyin ilk illərində ölkəyə səriştəsiz hakimiyyətlərin rəhbərlik etməsi də proseslərə öz mənfi təsirini göstərirdi.
Azərbaycanda iqtisadi sahədə mənfi tendensiya 1993-cü ilə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər davam etdi. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə olduğu ki, iqtisadi sahədə də inkişaf tendensiyası müşahidə edildi.
Heydər Əliyevin müdirk və uzaqgörən siyasəti, yorulmaz və prinsipial fəaliyyəti nəticəsində 1994-cü il, sentyabrın 20-də Bakıda imzalanan "Əsrin müqaviləsi" ilə demək olar ki, müasir dövrdə, müstəqillik illərində iqtisadi inkişafın təməli atılmış oldu. Tədricən neftdən gələn gəlirlər ölkə iqtisadiyyatının inkişafına zəmin yaratdı.
İqtisadiyyatın inkişafı istər-istəməz regionların da inkişafında özünü göstərirdi. Neftdən gələn gəlirlərin yerlərdə qeyri-neft sektorunun inkişafına yönəldilməsi Azərbaycanın regionlarının inkişafından da yan keçmirdi.
Azərbaycan iqtisadiyyatının inkişafı ilk növbədə özünü regionlardakı qaçqın şəhərciklərinin ləğvində göstərdi. Belə ki, "Əsrin müqaviləsi"ndən gələn gəlirlər düzgün istiqamətə sərf edilərək regionlarda infrastrukturun yaradılmasına yönəldildi və tədricən qaçqın şəhərcikləri ləğv olundu. Bu həm neft sektorundan əldə edilən gəlirlərin əhalinin sosial durumunun yaxşılaşdırılmasına yönəltmək anlamı verirdi. Həm də regionlarda infrastrukturun yaradılmasına sərf edilməsi demək idi.
Regionlardakı qaçqın düşərgəsi, çadır şəhərciklərinin ləğvi bu təbəqədən olan insanlar üçün yeni yaşayış binaları, fərdi evlərin tikilməsi ilə nəticələnirdi ki, bu da yerlərdə mövsümü xarakterli də olsa çoxsaylı iş yerlərinin yaradılmasını şərtləndirirdi. Bir sözlə artıq regionlarda inkişafın parametrləri özünü göstərirdi. Bu həm də regionlarda əhalinin sosial rifah halının yaxşılaşdırılması, iş yerlərinin yaradılması, işsizlik probleminin aradan qaldırılması demək idi. Demək olar ki, Azərbaycan iqtisadiyyatında, eləcə də regionların inkişafında birinci mərhələyə start verilmişdi. Hər nə qədər bu proses ağır və istənilən səviyyədə getməsə də, ümumilikdə müsbət dəyərləndirilməli idi və ilk addımlar, təməl yaxşı qoyulmuşdu.
Azərbaycan iqtisadiyyatı, eləcə də regionların inkişafında ikinci mərhələ 2004-cü ildən başladı desək yanılmarıq. Bu mərhələ ən mühüm, ən nəticəli, perspektivli bir mərhələ idi. Eyni zamanda qarşıya qoyulan hədəflər də çoxşaxəli və nəticəyə hesablanmışdı.
Beləliklə, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında 2004-2008-ci illər Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiq edildi. Bu proqramın icrası regionlara hansı yeniliklər gətirdi? Birinci Dövlət Proqramı çərçivəsində regionlarda görülən işlər və əldə edilən nəticələri görmək, onu dəyərləndirmək üçün proqramın icrası müddətində görülən işlərə nəzər yetirmək kifayətdir. Diqqət edək.
Hər şeydən əvvəl Dövlət Proqramı regionlarda infrastrukturun yaradılmasına yol açdı. Yeni yollar çəkildi, rayon mərkəzləri, mərkəzə yaxın ərazilər, hətta qəsəbə və kəndlərdə yol infrastrukturu yenidən quruldu, yollar asfaltlaşdırıldı. Xüsusilə onu qeyd etmək lazımdır ki, Dövlət Proqramları çərçivəsində yol infrastrukturunun yenidən qurulması təkcə rayon mərkəzləri və ətraf əraziləri deyil, eləcə də ucqar dağ rayonlarını da əhatə etdi. Əgər ilk Dövlət Proqramı çərçivəsində rayon mərkəzinə yaxın ərazilər, qəsəbələrdə yeni yollar çəkilir, nisbətən ucqar dağ kəndlərində yol infrastukturu yenidən qurulurdusa, artıq sonrakı Dövlət Proqramlarında bu proses əhatə dairəsini bir qədər də genişləndirərək uzun illər heç bir nəqliyyat vasitəsi getməyən, yalnız at və at-araba ilə gedilməsi mümkün olan ucqar dağ kəndlərində müasir tələblərə cavab verən yol infrastrukturu quruldu. Məsələn Qubanın Xınalıq, İsmayıllının Lahıc, Qaxın İlisu kimi yaşayış məntəqələrində yol infrastrukturunun yenidən qurulması və yolların asfaltlaşdırılmasını buna əyani sübut kimi göstərə bilərik. Bu gün adlarını qeyd etdoyimiz hər üç rayonun yaşayış məntəqəsinə asanlıqla getmək, istənilən nəqliyyat vasitəsilə heç bir çətinlik, problemlə üzləşmədən getmək mümkün olur. Bu da məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının verdiyi dəyərli töhfələrdəndir. Xüsusilə bir məqamı qeyd etmək lazımdır ki, bu da yol infrastrukturunun yenilənməsi, müasir standartlara cavab verən yolların çəkilib istifadəyə verilməsinin turizmin inkişafına müsbət təsiridir. Belə ki, məhz Xınalığa, Lahıca, İlisuya müasir standartlara cavab verən yeni yolların çəkilməsi adlarını qeyd etdiyimiz bölgələrə turist axınını gücləndirib. Nəticə etibarilə bu həm yerli əhalinin sosial durumunun yaxşılaşdırılmasına yol açıb, həm də həmin ərazilərdə yeni-yeni turizm istirahət zonalarının yaradılmasına stimul verib, imkan yaradıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının digər mühüm istiqaməti və müsbət nəticəsi regionlarda yeni-yeni istehsalat və emal müəssisələrinin yaradılması ilə bağlıdır. Belə ki, 2004-cü ildən mərhələli şəkildə icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində İmişlidə Şəkər zavodu, Xaçmazda Konserv zavodu, Bərdədə süd emalı müəssisəsi, Yevlaxda "Gilan" Tekstil, Neftçalada balıqartırma zavodu, eləcə də digər şəhər və rayonlarda bu kimi istehsal və emal müəssisələrinin yaradılmasıbir tərəfdən həmin şəhər və rayonlarda işsizlik probleminin aradan qaldırılmasına yol açırdısa, digər tərəfdən yerli istehsalı artırırdı. Bu isə təbii ki, ölkədə hazırda da əsas prioritet sayılan ərzaq təhlükəsizliyinin təmin olunmasına yol açır.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində yerlərdə istehsal müəssisələrinin açılması ərzaq təhlükəsizliyinin təminatı və daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də Azərbaycan brendi olan məhsulların dünya bazarlarına çıxarılması üçün də əlverişli zəmin yaradır. Bu gün dünya bazarlarında böyük tələbat görən çay məhsulları, Azərbaycan istehsalı olan şərablar, eləcə də digər ərzaq və yeyinti məhsulları məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində istifadəyə verilmiş müəssisələrin istehsal etdiyi məhsullardır. Bu sırada "Azərsun Holding" Şirkətlər Qrupunun istehsal etdiyi şəkər və çay məhsulları, eləcə də bitgi yağları, "Gəncə Şərab" və "Tovuz Şərab"ın istehsal etdiyi spirtli içkilər, həmçinin "AzQranata"nın istehsal etdiyi məhsulları qeyd etmək olar. Bu gün dünya bazarlarında, ayrı-ayrı ölkələrdə keçirilən sərgilərdə, yarmarkalarda Azərbaycan məhsullarına olan tələbatın artması fonunda bunu aydın görürük.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının digər bir mühüm cəhəti, müsbət nəticəsi isə məhz yuxarıda qeyd etdiyimiz istehsal və emal müəssisələrinin yaradılması nəticəsində yeni iş yerlərinin açılmasıdır. Təsadüfi deyil ki, elə ilk Dövlət Proqramının qəbulu zamanı qarşıya qoyulan əsas vəzifələrdən biri də ölkədə yeni iş yerlərinin açılması idi. Hətta Dövlət Proqramının qəbulu zamanı ilk 4 ildə 600 min yeni iş yerinin açılması nəzərdə tutulurdu. Proqramın uğurla icrası nəticəsində hətta 600 min iş yerinin açılması göstərilən müddətdən əvvəl reallaşdı. Nəticə etibarilə ölkədə işsizlik səviyyəsi əsaslı dərəcədə aşağı düşdü, yeni iş yerlərinin açılması ilə ölkədə məşğul insanların sayı nəzərə çarpacaq dərəcədə artdı. Daimi iş yerləri ilə yanaşı bölgələrdə mövsümü xarakter daşıyan iş yerləri də açıldı ki, bu da məşğul insanların sayının artmasına öz müsbət təsirini göstərdi. Bir məqamı xüsusi qeyd etmək yerinə düşər ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində yaradılan mövsümi xarakterli iş yerləri daha çox kənd təsərrüfatını əhatə edib. Xüsusilə, pambıqçılıq, baramaçılıq, meyvəçilik sahəsində mövsümi xarakter daşıyan iş yerlərinin sayı kifayət qədər artıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir