Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Böyük tarixi inkişaf yolu keçmiş Azərbaycan sahibkarlığı qədim tarixə malikdir. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də milli sahibkarlığın inkişafına əvəzsiz şərait yaratmışdır. Müstəqillik qazandıqdan sonra Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatının bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan vermişdir.

Böyük tarixi inkişaf yolu keçmiş Azərbaycan sahibkarlığı qədim tarixə malikdir. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də milli sahibkarlığın inkişafına əvəzsiz şərait yaratmışdır. Müstəqillik qazandıqdan sonra Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatının bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan vermişdir. Sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə bu sahənin hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilmişdir. Danılmaz  faktdır ki, Azərbaycanda sahibkarlıq institutunun formalaşıb inkişaf etmə strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü iqtisadi siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olundu, sahibkarlar institunun formalaşması üçün hüquqi baza yaradıldı, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Məhz ümumilli liderin təşəbbüsü ilə dövlət mülkiyyətinin özəlləşdirilməsi barədə  dövlət proqramının qəbulu sahibkarlığı inkişafı üçün hüquqi bazanın yaradılmasında xüsusi əhəmiyyət kəsb etmişdir. Ardınca sahibkarlığın inkişafı məqsədilə vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılmışdır. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılmışdır. "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" bu istiqamətdə həyata keçirilən dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına böyük təkan vermişdir. Ölkəmizdə sahibkarlığın müdafiəsi və inkişafı dövlət sistemi daxilində əlaqələndirilərək Azərbaycan modeli yaradılmışdır. Məhz bu modelin tərbiqi dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini zərurətə çevirmişdir. Bu məqsədlə yaradılmış mexanizmlər (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Sahibkarlar Şurası, Biznes Tədris Mərkəzləri və s.) dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı üstünlük təşkil edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev demşdir:  "Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz".

Sahibkar-dövlət münasibətlərinin əsasları

Azərbaycanda  sahibkarların hüquqlarının müdafiəsi daim dövlətin diqqət mərkəzində olub. Ulu öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyevin də iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri sahibkarlığın inkişafıdır. Hazırda dövlət başçısının "Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir. Məhz bu məqsədlə dövlət başçısının təşəbüsü ilə qəbul edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna əsasən bu sahədə aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılmışdır. Qanunun 2-ci maddəsinə əsasən bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparıla bilər. Ardınca prezidentin müvafiq fərmanı ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək uzadılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılmış, onların fəaliyyətini tənzimləyən əsasnamələr təsdiq edilmişdir. Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkə iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyəti nəzərə alınaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə hər il aprelin 25-i "Sahibkarlar Günü" kimi təsis edilmişdir. Həmçinin 2015-ci ilin 2 noyabr tarixindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların verilməsinin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsinə başlanmışdır. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuşdur. Lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilmişdir. 2016-cı il iyunun 1-dən qüvvəyə minmiş "Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin dairəsi dəqiq müəyyən edilmiş, onların sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmişdir. Bundan başqa,Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanunda nəzərdə tutulmuş güzəştlər sahibkarlar üçün əlavə imtiyazlar yaradıb. Belə ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisini, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilmişdir. "Gömrük tarifi haqqında" edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən idxal edilən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumlarından azad edilmişdir. Həmçinin dövlət başçısının Fərmanı ilə "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası" təsdiq edilmişdir.

Kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi

Azərbaycan dövləti kiçik və orta sahibkarlığın inkişafını prioritet hesab etdiyindən bu sahənin inkişafı üçün lazım olan bütün şəraiti yaradıb. Belə ki, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və fındıqçılığın inkişafının sürətləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şəhər və rayonların tələbatı nəzərə alınmaqla məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılması nəzərdə tutulmuşdur. Paralel olaraq kiçik və orta sahibkarlara edilən güzəştlər də bu sahənin inkişafına təkan vermişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, həmçinin quş ətinin satışı 2017-ci ilin yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdir. Sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə  "Kredit büroları haqqında" Qanun qəbul edilmişdir. Sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədilə "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC yaradılmışdır. Yeri gəlmişkən xatırladaq ki, təkcə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2018-ci ilin birinci rübü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 362 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 52,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5550-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb. Regionlarda ailə təsərrüfatlarına dəstək məqsədilə "ABAD" mərkəzlərinin yaradılması həyata keçirilən məqsədyönlü islahatların tərkib hissəsidir. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə kiçik və orta sahibkarlığın inkişafı məqsədilə 5 strateji hədəf müəyyən edilmişdir. Hər bir hədəf üçün prioritetlər, onların əsaslandırılması, həmçinin həyata keçirilməsini təmin etmək məqsədilə görüləcək tədbirlər ehtiva olunmuşdur. Qeyd edək ki, Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə yaradılan şərait nüfuzlu beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilir. Belə ki, "Doing Business 2018" hesabatında Azərbaycan "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 22 pillə irəliləyərək 10-cu pilləyə, "Əmlakın qeydiyyatı" göstəricisi üzrə 1 pillə irəliləyərək 21-ci pilləyə, "Vergilərin ödənişi" göstəricisi üzrə 5 pillə irəliləyərək 35-ci pilləyə, "Müqavilələrin icrasının təmin edilməsi" göstəricisi üzrə 6 pillə irəliləyərək 38-ci pilləyə, "Müəssisənin bağlanması" göstəricisi üzrə 39 pillə irəliləyərək 47-ci pilləyə yüksəlmişdir. Hesabatda bir sıra göstəricilər üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlar xüsusi qeyd edilmişdir. Belə ki, Azərbaycan "Doing Business 2018" hesabatında Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri kimi qiymətləndirilmişdir. Bu isə deməyə əsas verir ki, yeni dövrün yeni liderinin- Prezident İlham Əliyevin Ulu Öndərin srtategiyasından qaynaqlanan sosial-iqtisadi siyasəti keyfiyyətcə yeni prioritetləri müəyyən edərək innovasiya əsaslı inkişaf modelinə keçidi şərtləndirmiş, yüksək rəqabət qabiliyyətli və diversifikasiya olunmuş iqtisadiyyatın formalaşmasını sürətləndirmişdir. Artıq Azərbaycanın iş adamları ölkənin ərzaq təhlükəsizliyinin təminatında vacib amil kimi çıxış edir, xarici ölkələrdə həyata keçirilən layihələrdə fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, xaricdə etibarlı tərəfdaş kimi tanınırlar. Bu gün ixracın təşviqi məqsədilə  "MADE İN AZERBAİJAN" brendinin xarici bazarlara çıxarılması qarşıda duran əsas məsələlərdəndir. Qətiyyətlə demək olar ki, Azərbaycanda yaradılmış böyük iqtisadi potensial və aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər kiçik və orta sahibkarlığın inkişafını təmin edir.

Alim Hüseynli

Məqalə "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31