Regionların sosial iqtisadi inkişaf proqramları bölgələrin inkişafına təkan verib
Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq Azərbaycan dövlətinin prioritet məsələlərindən hesab edilir. Etiraf edilməlidir ki, ölkədə həyata keçirilən regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları sadalanan məqsədlərə nail olmaq baxımından ən uğurli variant hesab edilir. Xatıırladaq ki, bütün iqtisadi göstəricilər və potensial imkanlar nəzərə alınmaqla hazırlanmış dövlət proqramlarında ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi,
11 İyun 2018 16:19 İqtisadiyyatÖlkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq Azərbaycan dövlətinin prioritet məsələlərindən hesab edilir. Etiraf edilməlidir ki, ölkədə həyata keçirilən regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları sadalanan məqsədlərə nail olmaq baxımından ən uğurli variant hesab edilir. Xatıırladaq ki, bütün iqtisadi göstəricilər və potensial imkanlar nəzərə alınmaqla hazırlanmış dövlət proqramlarında ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu Dövlət Proqramlarının nəticəsi Azərbaycanda bütün infrastrukturun dünya səviyyəsinə çatmasına və Avropa Birliyinin meyarlarına bərabər olmasına şərait yaradacaq. Bu baxımdan Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə indiyədək həll olunmamış bütün məsələlərin, o cümlədən bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda, eləcə də paytaxtda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidən qurulması, əlil və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur.
Yeri gəlmişkən qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu edilməsinin bir neçə səbəbi var idi. İlk növbədə, bölgələrin inkişafı diqqət mərkəzində duran vəzifə idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi sözügedən proqramların əsas mahiyyətini təşkil edirdi. Yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, iş yerlərinin yaradılması və beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri sözügedən proqramların əsas qayəsini təşkil edir. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Yəni, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda (2004-2008-ci illər), "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamışdır.
Artıq regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası öz müsbət nəticələrini verməkdədir. Belə ki, prezident İlham Əliyevin tapşırığı ilə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda diqqət mərkəzində saxlanılır. Rayonun ərazisinin böyük hissəsinin işğal altında olmasına, yaşayış məntəqələrinin çoxunun təmas xəttində yerləşməsinə baxmayaraq, baramaçılığın keçmiş şöhrətinin qaytarılmasını, barama istehsalına görə ölkədə ön sırada olmağı hədəfləyən füzulililər istəklərinə nail olublar. Belə ki, Füzuli kümçüləri barama tədarükünə görə nəzərdə tutulan planı respublikada birinci olaraq yerinə yetiriblər. Bu günədək 35 tona yaxın barama tədarük edilərək, "Azəripək" MMC-yə təhvil verilib. Cari ildə 832 qutu ipəkqurdu toxumu yetişdirən rayon kümçüləri hazırda barama tədarükünü davam etdirirlər. Baramaçılıq xüsusilə 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilmişdir. Həmin il rayonda 3,3 ton, 2017-ci ildə 25 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 50 min ədəddən çox tut tingi əkilibdir. Dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Çünki baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. Rayon kümçüləri ötən il barama istehsalından 230 min manata yaxın gəlir əldə etmişdilərsə, bu il 350 min manat gəlir götürülməsi nəzərdə tutulur. Rayon ərazisindəki yeni tut ağaclarının əkilməsini, əhalinin baramaçılıq sahəsindəki təcrübəsini və kümçülərin baramaçılıqdan gəlir əldə etməsinin nəzərə alaraq, növbəti illərdə rayonda barama istehsalının daha da artacağını proqnozlaşdırmaq olar.
Regionların sosial-iqtisadi inkişaf proqramları ayrı-ayrı rayonların sisial infrastrukturunun yeniləşməsində də əhəmiyyətli rol oynayıb. Məlum olduğu kimi, Ölkə Prezidenti İlham Əliyev 4 sentyabr tarixdə Cəlilabad -Yardımlı yerli əhəmiyyətli avtomobil yolunun tikintisi ilə əlaqədar sərəncam imzalamışdır. Artıq, Sırıq kəndindən Ərus kəndi istiqamətində 6 km məsafədə suötürücü qurğular quraşdırılmış, torpaq işləri görülərək yolun eni 10 metr genişləndirilmişdir. Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Azəravtoyol" ASC tərəfindən dərhal yenidənqurma işlərinə start verilib. Sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr daxildir. Avtomobil yolunun ümumi uzunluğu 72 km təşkil edir. Yolun 51 km-i Cəlilabad rayonu, 21 km- isə Yardımlı rayonu ərazisindən keçir. Bundan öncə yolun Cəlilabad rayonu ərazisinə düşən 51 km-lik hissəsinin 35 km-də yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb. İki rayonu birləşdirmək baxımından mühüm əhəmiyyətə malik avtomobil yolunun tikintisinin 2-ci mərhələsi hazırda Cəlilabad rayonu ərazisində qalan 16 km-lik hissədə aparılır.Tikinti işləri zamanı yol yatağı hazır vəziyyətə gətirilir, yeni yol əsası tikilir. Hazır olan hissələrə isə yeni asfalt-beton örtük döşənir. Ümumilikdə Cəlilabad rayonu ərazisində 16 km-lik hissəyə 2 qat olmaqla asfalt örtük döşənəcək. Bu isə öz növbəsində 100 min m2-ə yaxın sahə deməkdir. Layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün zəruri olan yerlərdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də aparılır. Artıq 10 yerdə 500, 800 və 1500 mm diametrli boruların quraşdırılması işləri aparılaraq yekunlaşdırılıb. Hazırda yol boyu zəruri olan digər yerlərdə də bu istiqamətdə işlər davam etdirilir. Cəlilabad rayonu ərazisində aparılan yenidənqurma işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılıb. Növbəti, 2018-ci ildə isə yolun digər hissəsinin, yəni Yardımlı rayonu ərazisinə düşən 21 km-lik hissəsinin tikintisi nəzərdə tutulub. Bütün işlər "Azəravtoyol" ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlıq qüvvə və texnika cəlb olunub. Tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlər çəkiləcək. Qeyd edək ki, Cəliabad və Yardımlı rayonları arasında yeni bir bağlantı yaradacaq yolun yenidən qurulması ilə 59 yaşayış məntəqəsinin 60 mindən çox əhalisinin gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması isə asanlaşacaq. Bundan başqa yeni yolun salınması ilə yol boyu yaşayan əhalinin yetişdirdikləri məhsulları istər Yardımlı, istərsə də Cəlilabad rayon mərkəzlərinə rahat şəkildə daşımasına imkan yaranacaq, bu isə sözügedən bölgədə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir