Regional proqramların uğurlu icrası yeni istehsal və emal müəssisələrinin yaradılmasına yol açıb
6 İyun 2018 16:46 İqtisadiyyatÖlkədə ərzaq təhlükəsizliyinin təmin olunması son illərdə dövlətin əsas prioritetləri sırasında yer alır. Və bu da danılmaz faktdır ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün ən vacib məqam kənd təsərrüfatını inkişaf etdirməkdir. Etiraf etmək lazımdır ki, bu sahədə Azərbaycanda kifayət qədər işlər görülüb. Xüsusilə, 2004-cü ildən etibarən ölkədə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının səmərəli icrası kənd təsərrüfatının inkişafına təkan verib. Dövlət Proqramları çərçivəsində regionlarda yaradılan istehsal və emal müəssisələri kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb.
Xüsusilə, ikinci Dövlət Proqramı çərçivəsində bu sahədə kifayət qədər işlər görülüb. Belə ki, aqrar sahəni daha da inkişaf etdirmək və gələcəkdə bu yolla məhsul bolluğunu yaratmaq məqsədilə kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara müxtəlif layihələrin həyata keçirilməsi üçün maliyyə vəsaitinin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2009-2013-cü illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 46,0 milyon manat məbləğində vəsait ayrılıb. Aqrar bölmədə lizinqin idarə edilməsinin təkmilləşdrilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 iyul tarixli 392 nömrəli Sərəncamı ilə "Aqrolizinq" ASC Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilib. Lizinq xidmətinin inkişaf etdirilməsi, kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması və mineral gübrələrin güzəştlə satılması üçün 2009-2013-cü illərin dövlət büdcəsindən 186,8 milyon manat məbləğində vəsait ("Aqrolizinq" ASC-yə 177,5 milyon manat və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,3 milyon manat) ayrılıb.
Bununla bərabər lizinq xidmətlərinin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2009-2013-cü illərin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 67,0 milyon manat məbləğində ("Aqrolizinq" ASC-yə 61,3 milyon manat, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,7 milyon manat), o cümlədən: regionlarda aqroservis filiallarının, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə və xüsusi anbarlarının tikintisinin davam etdirilməsi üçün müvafiq olaraq 14,0 milyon manat, xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün müvafiq olaraq 28,0 milyon manat, taxılçılılqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 25,0 milyon manat məbləğində vəsait ayrılıb.
Məhz ayrılan vəsaitlər və bu sahədə görülən işlər nəticəsində regionlarda. Eləcə də paytaxt ətrafı ərazilərdə emal müəssisələri yaradılıb. Belə ki, Abşeronda duz emalı, AZMDF, birdəfəlik plastik qablar və priforminqlər istehsalı, polistirol və polipropilen kisələr istehsalı, süd məhsulları və dondurma istehsalı, Zaqatalada süd və tütün emalı, Ağcabədi və Tovuzda süd emalı, Qəbələdə limonad, üzüm emalı, Ağsuda çörək, şirə və şərab zavodları, Naxçıvanda Daş Məhsulları Kompleksi, Lənkəranda çay və dondurma, Qəbələdə piano, Abşeronda mebel, İmişlidə yem və bitki yağları, İsmayıllıda tikiş fabrikləri, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qarğıdalı emalı və qlükoza istehsalı müəssisələri, Ağcabədidə "Atena" süd istehsalı və emalı kombinatı, Qəbələ və Sumqayıtda aqrar-sənaye kompleksləri istifadəyə verilib.
Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə 2011-ci ildə Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarının yaradılması ilə bağlı cənab Prezidentin müvafiq fərman və sərəncamları ölkəmizdə sənayeləşmə sahəsində yeni dövrün başlanmasına səbəb olub. Ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi istiqamətində 2012-ci ilin dekabrında təməli qoyulub Balaxanı sənaye parkında plastik, məmulat, şin, elektrik və elektron cihaz tullantıları, akkumulyator, əlvan metal, kabel və s. məişət tullantılarının təkrar emalı yaradılıb. Sənaye parkının yaradılmasında məqsəd ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Sənaye parkları idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracını artıracaq, ölkədə sahibkarlığın, xüsusilə də kiçik sahibkarlığın inkişafını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasında önəmli olmaqla, həm də rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına ciddi təsir göstərəcək, yeni iqtisadi artım mərkəzləri rolunu oynayacaq.
Eyni zamanda, iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən 2012-ci ilin noyabr ayının 5-də müvafiq Fərman Imzalanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 23 aprel tarixli Sərəncamı ilə Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən Azərbaycan Polad İstehsalı Kompleksi Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Eyni zamanda, 2013-cü ilin 3 oktyabrında dövlətimizin başçısı tərəfindən Sumqayıt Kimya Sənaye Parkının təməli qoyulub, investorların cəlb olunması, Parkın ölkə daxilində və xaricində tanıdılması, fəaliyyətinin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirilib və artıq iki rezident qeydə alınıb.
Regionların ənənəvi istehsal sahələrinin inkişafı perspektivlərini və xammal bazasının mövcudluğunu nəzərə alaraq, Gəncə və Mingəçevir şəhərlərində də sənaye şəhərciklərinin yaradılması istiqamətində işlər görülür. Bu da gələcəkdə həmin regionlarda innovativ və yüksək texnologiyalar əsasında müasir
sənayenin inkişafına təkan verəcək, qeyri-neft sektorunun davamlı inkişafını təmin edəcək və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına imkan yaradacaq.
Sənayeləşmə siyasətinə uyğun olaraq, 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 730 milyon manatadək olan 104 sənaye (qida və qeyriqida sənayesi) müəssisəsinin maliyyələşdirilməsinə 323,3 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən 80-i istifadəyə verilib, digər 24 müəssisə üzrə tikinti-quraşdırma işləri davam etdirilir.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən inkişaf etmiş ölkələrin ən son texnologiyalarının tətbiqi ilə Sumqayıt şəhərində Tekstil Parkı, Azərbaycanda ilk dəfə yaradılan kağız emalı və karton istehsalı fabriki, Qaradağ rayonunda Müasir Tikinti Materialları və metal konstruksiya istehsalı zavodları, Hacıqabul rayonunda Seramik pilitələrin istehsalı Parkı, Mingəçevir şəhərində polietilen borular, Masallıda, Şəkidə, Abşeronda və İsmayıllıda kərpic zavodları, Suraxanı rayonunda Yeni Transformatorlar zavodu, Xəzər rayonunda respublikada ilk dəfə yaradılan və idxalı əvəz edən istixana konstruksiyaları və qida sənaye avadanlıqları istehsalı zavodu, Qaradağ rayonunda uşaq bezi və salfet istehsalı zavodu, Sumqayıt şəhərində Yağ Fabriki və sair digər istehsal və emal müəssisələri maliyyələşdirilib. Bu müəssisələr qeyri-neft sənayesinin inkişafında mühüm rol oynamaqla, istehsal etdikləri məhsullar yüksək keyfiyyətli, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixrac yönümlüdür və respublikanın daxili tələbatının ödənilməsində, regionların sənaye potensialının reallaşdırılmasında və investisiya cəlbediciliyinin artırılmasında, həmçinin yeni iş yerlərinin yaradılmasında xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir