Regional proqramlar ekoloji mühitin yaxşılaşdırılmasında mühüm rol oynayıb

2004-cü ildən ölkədə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkə iqtisadiyyatının sürətli inkişafı, xalqın rifahının yüksəldilməsi ilə yanaşı, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və  təbii sərvətlərdən səmərəli istifadə məsələlərində də mühüm rol oynayıb.

Ümumiyyətlə, bu proqramların əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial tələbatlarının daha dolğun təmin olunmasına, regionların inkişafına, ölkənin iqtisa­di təhlükə­siz­liyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilmiş döv­lət əhəmiyyətli inves­tisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçiril­mə­sini təmin etməkdən ibarətdir.

Son illər Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji  problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkədə prioritet olduğunu göstərir.

Yüksək iqtisadi inkişafla bərabər balanslaşdırılmış ekoloji siyasətin həyata keçirilməsi məqsədi ilə ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının müasir üsullarla idarə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların istifadəsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin, xüsusilə biomüxtəlifliyin qorunub saxlanılması qarşıya qoyulmuş vəzifələrdəndir.

Bu istiqamətdə qısamüddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla  qərarların qəbul edilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması, ətraf mühit sahəsində qərarlar hazırlanarkən bütün maraqlı tərəflərin cəlb edilməsi, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin  mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsipləri tətbiq edilir.

Ümumilikdə ölkəmizdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin  ekoloji siyasətinin əsas istiqamətləridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.

Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilmiş və onların icrası istiqamətində tədbirlər görülmüşdür. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarət olmuşdur. Ətraf mühitlə bağlı qəbul olunmuş proqramların uğurla reallaşdırılması, ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına aydın misaldır.

Təbii ehtiyatların istismar intensivliyi nəzərə alınaraq Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarıb.

Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.

Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının  təmin edilməsi naminə  mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.

İnsanların sağlam təbii mühitdə yaşamaları və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşması naminə istifadəsi məsələləri ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir və regional proqramlarda bu öz əksini tapır. Ekologiyanın və təbii mühitin tarazlığının qorunması, əhalinin təmiz suya və havaya olan ehtiyaclarını təmin etmək məqsədilə son illər ərzində bir sıra tədbirlər həyata keçirilib.

Məhz regional proqramların uğurlu icrası nəticəsində ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və ekoturizmin inkişaf etdirilməsi məqsədilə 2003-cü ildən başlayaraq Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu, Eldar şamı, Korçay dövlət təbiət qoruqları, eləcə də Abşeron, Ağgöl, Göygöl, Şahdağ, Şirvan, Akademik Həsən Əliyev adına Zəngəzur, Hirkan, Altıağac və Samur-Yalama milli parkları yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektaradək artırılmışdır. Bu dövrdə yaşıllıqların salınması sahəsində 20 milyon ağac və kol əkilmiş, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Bakı şəhərinin Balaxanı qəsəbəsində təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları istifadəyə verilib. Heydər Əliyev Fondunun "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində 130 baş ceyran tarixi ərazilərə buraxılıb.

Qarşıdakı illərdə regionlarda mədəni irsin qorunması, qloballaşma şəraitində mədəni çeşidliliyin daha da inkişaf etdirilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, regionlarda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər davam etdiriləcəkdir. Dövlət Proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkə regionlarının davamlı inkişafında və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

Müasir dövrdə yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas istiqamətlərini müəyyənləşdirmək olar. Ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə Davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi, indiki və gələcək nəsllərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müyyənləşdirilməsi, Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsi.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31