Bank kartlarının verilməsi zamanı hansı qanun pozuntuları ola bilər?

Son illər ölkədə nəğd hesablaşmaların tədricən ləğvi, bu və ya digər ödənişlərin kart vasitəsilə həyata keçirilməsi bir sıra üstünlüklərə səbəb olub. Bir sıra sahələrdə ödənişlərin tədricən kartla həyata keçirilməsi ilk növbədə rüşvətxorluq, əlavə vəsait mənimsəmə kimi halların aradan qaldırılmasına yol açıb. Amma ekspertlər hesab edirlər ki, əldə edilən nəticələrlə yanaşı, müəyyən mənfi tendensiyalar da mövcuddur. İqtisadçı ekspert Əkrəm Həsənov hesab edir ki, Azərbaycanda əmək haqqı, pensiya, müavinət və təqaüd kartları həm milli qanunvericiliyin, həm də beynəlxalq aləmdə qəbul edilmiş sağlam bank praktikası tələbləri baxımdan misli görünməyən hüquq pozuntusu ilə buraxılır.

Əkrəm Həsənov: "Bankın sərbəst seçilməsi istehlakçıların hüquqlarından biridir"

"Ancaq istehlakçı seçim imkanından məhrum edilərək zorla konkret bankın müştərisi edilir"

Son illər ölkədə nəğd hesablaşmaların tədricən ləğvi, bu və ya digər ödənişlərin kart vasitəsilə həyata keçirilməsi bir sıra üstünlüklərə səbəb olub. Bir sıra sahələrdə ödənişlərin tədricən kartla həyata keçirilməsi ilk növbədə rüşvətxorluq, əlavə vəsait mənimsəmə kimi halların aradan qaldırılmasına yol açıb. Amma ekspertlər hesab edirlər ki, əldə edilən nəticələrlə yanaşı, müəyyən mənfi tendensiyalar da mövcuddur.

İqtisadçı ekspert Əkrəm Həsənov hesab edir ki, Azərbaycanda əmək haqqı, pensiya, müavinət və təqaüd kartları həm milli qanunvericiliyin, həm də beynəlxalq aləmdə qəbul edilmiş sağlam bank praktikası tələbləri baxımdan misli görünməyən hüquq pozuntusu ilə buraxılır. Onun sözlərinə görə, Mərkəzi Bankın "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na əsasən belə kartlar üzrə hər bir vətəndaşla bank ayrıca bank hesabı müqaviləsi bağlamalı və kart həmin hesaba bağlanmalıdır.Əkrəm Həsənov deyir ki, lakin reallıqda müqavilə bağlanmır, kart isə işəgötürənə və ya pensiya/müavinət/təqaüd buraxan təşkilata mənsub olan vahid bank hesabına bağlanır: "Vətəndaşlara sadəcə kartlar paylanır, vəssalam. Nəticədə sözügedən Qaydalarla yanaşı bir neçə qanunun da tələbləri pozulur, o cümlədən çirkli pullarına yuyulmasına rəvac verilir". İqtisadçı bildirib ki, mövcud problemlə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib: "Palata müraciətimə cavab verib. Maliyyə Bazarlarına Nəzarət Palatası baş verən bu kütləvi və kobud pozuntunu sözügedən Qaydaların 3.6-cı bəndi ilə əsaslandırmağa çalışır. Həmin bənddə deyilir: "Sosial layihələr çərçivəsində (pensiya, müavinət və digər sosial ödənişlər) və ya işəgötürən tərəfindən işçilərin əmək haqlarının verilməsi üçün sifariş edilmiş kartlar üzrə xidmətin şərtləri bu Qaydaların 3.5-ci bəndinin tələbləri nəzərə alınmaqla sifarişçi ilə emitent arasında bağlanan müqavilə ilə müəyyən edilir". Maraqlısı odur ki, Palataya müraciət edərkən mən həmçinin xüsusi vurğulamışdım ki, həmin bənd "problemi aradan qaldırmır. Çünki orada söhbət yalnız kart üzrə xidmət şərtlərindən gedir. Yəni ödəniş kartı hər bir halda müştərinin bank hesabına bağlı olmalıdır. Deməli, müştəri ilə mütləq bank hesabı müqaviləsi bağlanmalıdır". Yəni Palata mənim ona qabaqcadan əsassızlığını bildirdiyim arqumentə söykənir". İqtisadçı deyib ki, verilən cavab onu qane etmədiyi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına növbəti dəfə müraciət göndərib: "Orada Palatanın mövqeyinin 3 səbəblə tam əsassız olduğunu diqqətinə çatdırmışam. Birincisi,elə həmin Qaydaların 2.1.6-cı bəndinə əsasən kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün cari bank hesabı (kart hesabı) açılmalıdır. İkincisi, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi istehlakçıların hüquqlarından biridir. Sözügedən halda isə istehlakçı seçim imkanından məhrum edilərək zorla konkret bankın müştərisi edilir. Buna görə də istinad edilən Qaydalar heç bir halda Milli Məclisin qəbul etdiyi və Cənab Prezidentin təsdiq etdiyi Qanundan üstün ola bilməz. Üçüncüsü, hər hansı şəxsin bank hesabına malik olmadan bankın müştərisi hesab olunması və bu halda bank tərəfindən eyniləşdirilməməsi beynəlxalq aləmdə qəbul edilmiş sağlam bank praktikasına ziddir. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən bank müştərisinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməlidir. Lakin sözügedən halda bu baş vermir ("Müştərini tanı!" prinsipi pozulur) və, deməli, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riski yaranır. İstinad edilən Qaydalar heç bir halda Milli Məclisin qəbul etdiyi və Cənab Prezidentin təsdiq etdiyi Qanundan üstün ola bilməz. Ümumiyyətlə, Nizamnaməsinin 2.2.6-cı bəndinə əsasən Palatanın fəaliyyət istiqamətlərindən biri "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarətin təmin edilməsi"dir. Buna görə Palata Qanunun tələblərinə əməl edilməsini təmin etməlidir.
Yekunda Palatadan bir daha baş verən kütləvi qanun pozuntularına son qoyulması ilə bağlı tədbirlərin görülməsini xahiş etmişəm".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31