Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunur
Noyabrın 21-də Bakı Biznes Mərkəzində Azərbaycan şirkətlərinin ilk dəfə olaraq “Made in Azerbaijan” vahid ölkə stendi ilə Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən 10-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində iştirakına, həmçinin Çin Xalq Respublikasının Şanxay və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərlərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
22 Noyabr 2017 11:36 İqtisadiyyatNoyabrın 21-də Bakı Biznes Mərkəzində Azərbaycan şirkətlərinin ilk dəfə olaraq "Made in Azerbaijan" vahid ölkə stendi ilə Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən 10-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində iştirakına, həmçinin Çin Xalq Respublikasının Şanxay və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərlərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.
AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev bildirib ki, Azərbaycan şərabları ilk dəfə olaraq "Made in Azerbaijan" vahid ölkə stendi ilə Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən 10-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində nümayiş olunub. Azərbaycan şərabları, şampanlar, meyvə və otlardan hazırlanmış spirtli içkilər xüsusi dizaynda hazırlanmış, 126 kvadratmetrlik "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunub. Sərgi çərçivəsində Azərbaycan iş adamları potensial müştərilərlə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olublar. 13-15 noyabr tarixlərində isə növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərinə təşkil olunub. İxrac missiyası şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələrindən ibarət olub.