Bank sektoru üzrə yol xəritəsi hazırlana bilər

Artıq bir neçə ildir ki, dünyanı bürüyən neft böhranından sonra maliyyə sektorunda, xüsusilə bu sektorun ayrılmaz hissəsi sayılan banklarda vəziyyət normal məcraya keçmir. Düzdür, dövlət bank sektorunun vəziyyətinin yaxşılaşdırılması məqsədilə müəyyən addımlar atsa da, lakin yaranmış problemi tam aradan qaldırmaq hələ də mümkünsüzdür. İqtisadçı ekspert Pərviz Heydərov da deyir ki, bank sektorunda vəziyyət hələ düzəlməsə də, bəzi göstəricilər ümid yaradır.

Artıq bir neçə ildir ki, dünyanı bürüyən neft böhranından sonra maliyyə sektorunda, xüsusilə bu sektorun ayrılmaz hissəsi sayılan banklarda vəziyyət normal məcraya keçmir. Düzdür, dövlət bank sektorunun vəziyyətinin yaxşılaşdırılması məqsədilə müəyyən addımlar atsa da, lakin yaranmış problemi tam aradan qaldırmaq hələ də mümkünsüzdür. İqtisadçı ekspert Pərviz Heydərov da deyir ki, bank sektorunda vəziyyət hələ düzəlməsə də, bəzi göstəricilər ümid yaradır. Onun sözlərinə görə, növbəti ildə vəziyyətin daha da yaxşı olacağı haqda proqnozlar verilir: "Məsələn, problemli kreditlərin azalmağa doğru gedəcəyi, likvidliyin artacağı, kapitallaşma səviyyəsinin yüksələcəyi deyilir. Eyni zamanda, kapital dayanıqlığı bərpa olunmayan bankların restrukturizasiyası, likvidliyin verilməsi alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi istiqamətində də tədbirlər görülməyə başlanacağı bəyan edilib. Ümumiyyətlə, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bank sisteminin kapitallaşması və likvidliyin təmin edilməsi, emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması, kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımların davam etdiriləcəyi qeyd olunur". İqtisadçının sözlərinə görə, daha bir sevindirici məlumat isə ondan ibarətdir ki, bankların xalis mənfəti müsbət dinamika üzrə inkişaf edir, həmçinin xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il oktyabrın 1-nə 2 706,5 milyon manat təşkil edib: "Bu da, sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 3 721,8 milyon manat və ya 2,38 dəfə azdır, keçən ilin analoji dövrü ilə müqayisədə isə 2,35 dəfə. Bank sektorunun normal fəaliyyəti, başqa sözlə desəm, gəlirliyi mövcud sərbəst vəsaitləri nə dərəcədə cəlb edərək, dövriyyəyə buraxa bildiyi ilə ölçülür. Çünki hər bir bankın gəlirini bütün mənbələr üzrə qəbul etdiyi əmanətlər və digər növ vəsaitlər üzrə dövriyyəyə buraxdığı kreditlərə əsasən əldə etdiyi faiz məbləğləri təşkil edir. Odur ki, bank əgər, kredit verə bilmirsə deməli, vəsaiti yoxdur, yəni onu cəlb edə bilmir, yox əgər, krediti verib onu geri qaytara bilmirsə deməli, gəliri yoxdur, ona görə də fəaliyyəti iflic vəziyyətə düşür. Məsələ bundadır ki, keçən ayın əvvəlinə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 857 milyon manat təşkil edib. Sentyabrın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 824 milyon manat idi. Demək, oktyabr ərzində problemli kreditlərin həcmi 33 milyon manat artıb. Qeyd edim ki, 2017-ci ilin əvvəlində problemli kreditlərin həcmi 1 milyard 472,6 milyon manat təşkil edirdi. Fevralda bu məbləğ 1 milyard 633,1 milyon manata qalxdı. Yola salınmasına cəmi 1 ay qalan bu il ərzində yalnız, martda azalma baş verib, yəni 1 milyard 556,4 milyon manata düşüb". Pərviz Heydərov deyib ki,
aprelin əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 590,3 milyon manata, mayın 1-nə 1 milyard 594 milyon manata, iyunun 1-nə 1 milyard 739,8 milyon manata, iyulun 1-nə 1 milyard 810,7 milyon manata, avqustun 1-nə 1 milyard 812,8 milyon manata yüksəlib. Yanvar-sentyabr aylarında problemli kreditlər 384,4 milyon manat artıb: "2015-cil 21 fevral dekabr devalvasiyalarından sonra 13 bank bağlanıb - 11-nin lisenziyası geri alınıb, 2-si isə birləşib. Real olaraq, mövcud banklardan 20-dən çoxunun vəziyyəti də heç də o bağlanmış bankların vəziyyətlərindən geri qalmır.
Hər halda 14-ü zərərlə işləyir. Qeyd edim ki, bu problem, yəni kredit məsələsi neftin qiymətinin enməsi, yaxud devalvasiya nəticəsində yaranmayıb. Yəni, onun əsası 2012-ci ildən də əvvəl qoyulub: banklar kreditləri necə gəldi payladıqları dövrdə. Bu da ona görə baş verdi ki, ölkədə neftin dünya bazar qiymətləri ilə bağlı gəlir bolluğu, əhalidə banklara inam var idi, əmanət qoyanlar çox idi. Üstəlik, xarici maliyyə qurumları ölkənin maliyyə vəziyyətinin yaxşı olmasını nəzərə alaraq banklara aşağı faizlə kreditlər ayırırdılar, başqa sözlə desəm, böyük səxavət nümayiş etdirirdilər". İqtisadçı hesab edir ki, bank sektorunda vəziyyəti normallaşdırmaq üçün hökumət tərəfindən kompleks tədbirləri əhatə edən böyük bir plan hazırlanmalı və bütün banklar restrukturizasiya olunmalı, problemli kreditlərin bağlanması üçün məsuliyyət əhali-Mərkəzi Bank-kommersiya bankları arasında ədalətli şəkildə bölüşdürülməlidir: "Mərkəzi Bank və ya digər dövlət qurumu kreditlərin mühüm bir hissəsini əhali adından banklara ödəyə bilər. Bunun üçün Dövlət Neft Fondunun vəsaitlərindən də istifadə oluna bilər. Əslində, ən əlverişli mənbə də elə Neft Fondudur. Bu halda əhaliyə ödəniş üçün daha uzunmüddətli dövr müəyyənləşdirmək imkanı yaranar. Çünki bankların hazırkı vəziyyəti uzunmüddətli dövrdə ödənişləri gözləməyə imkan vermir, dövlətin isə buna imkanı var: dünya bazarında neftin qiyməti artır, iqtisadiyyat böhrandan çıxmağa başlayır. Yəni, indi sözügedən problemi dediyim yolla həll etmək üçün ən münbit şərait mövcuddur. Ən geci 2018-ci ilin birinci yarısında bu istiqamətdə konkret addımlar atılmalıdır. Əks halda, yaxın müddətli dövrdə bank sistemini böhrandan çıxarmaq çətin olacaq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31