Aİ-nin Orta Dəhliz planı: Azərbaycan üçün hansı iqtisadi imkanlar yaranır?- ÖZƏL
16:21 Siyasət" Aİ-nin "Orta Dəhliz"ə 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb etmək planı Azərbaycan üçün əhəmiyyətli iqtisadi imkanlar yaradır. Burada söhbət yalnız yeni dəmir yolu və logistika infrastrukturu qurulmasından getmir. Aİ-nin açıqladığı məqsəd marşrut üzrə ticarət axınlarını 2030-cu ilədək üç dəfə artırmaq və yükdaşıma müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır.
Azərbaycan bu layihənin coğrafi baxımdan ən mühüm həlqələrindən biridir. Xəzər üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa bazarlarına bağlayan marşrutda Azərbaycanın dəmir yolları, limanları, avtomobil yolları və logistika imkanları xüsusi əhəmiyyət daşıyır. Aİ də Azərbaycanla əməkdaşlıq çərçivəsində nəqliyyat, rəqəmsal bağlantı, enerji və ticarət sahələrini prioritet istiqamətlər kimi müəyyənləşdirib. Naxçıvan dəmir yolu ilə bağlı texniki-iqtisadi əsaslandırma işlərinin başlaması da bu yanaşmanın konkret nümunəsidir".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
" Bu investisiyaların əsas iqtisadi nəticələrindən biri Azərbaycanın tranzit ölkədən daha çox regional logistika mərkəzinə çevrilməsi ola bilər. Yük yalnız Azərbaycan ərazisindən keçməməli, ölkə daxilində çeşidlənməli, anbarlaşdırılmalı, emal edilməli və müxtəlif istiqamətlərə paylanmalıdır. Bu halda tranzit gəlirlərindən əlavə, logistika, anbar, sığorta, gömrük, nəqliyyat və digər xidmət sahələrində əlavə iqtisadi dəyər yaranacaq.
Digər mühüm məsələ Azərbaycanın tranzit gəlirlərinin şaxələnməsidir. Neft və qaz gəlirlərindən fərqli olaraq, tranzit və logistika gəlirləri daha çox xidmət ixracı xarakteri daşıyır və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına təsir göstərə bilər. Dəhliz üzrə yük həcmi artdıqca Azərbaycan dəmir yolu, liman, logistika terminalları və digər infrastruktur obyektlərindən daha çox gəlir əldə edə bilər. Lakin bunun həcmini indidən konkret rəqəmlə proqnozlaşdırmaq düzgün olmaz; gəlir yük həcmi, tariflər, rəqabət və dəhlizin digər marşrutlarla müqayisədə nə dərəcədə səmərəli olacağından asılı olacaq.
Burada Azərbaycanın qarşısında əsas vəzifələrdən biri də dəhlizin yalnız tranzit imkanlarından deyil, onun yaratdığı biznes imkanlarından istifadə etməkdir. Əgər ölkə üzərindən keçən yükün müəyyən hissəsinin emalı, qablaşdırılması, saxlanılması və yenidən ixracı Azərbaycanda həyata keçirilərsə, dəhlizin iqtisadi effekti sadəcə tranzit haqqından dəfələrlə böyük ola bilər. Bu baxımdan Ələt ətrafında logistika və sənaye imkanlarının genişləndirilməsi, regional anbar və paylama mərkəzlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Aİ-nin 2026-cı ilin iyununda Cənubi Qafqaz və Qara dəniz regionunda bağlantı layihələri üçün beynəlxalq maliyyə institutları ilə 2 milyard avroyadək investisiyanın səfərbər edilməsini nəzərdə tutan mexanizm yaratması da göstərir ki, proses təkcə siyasi bəyanat səviyyəsində qalmır. Aİ Transxəzər marşrutunda infrastruktur, sərhəd-keçid məntəqələri və ticarət prosedurlarının yaxşılaşdırılmasını prioritet hesab edir.
Amma 12 milyard avronun Azərbaycanın iqtisadiyyatına birbaşa daxil olacaq vəsait kimi təqdim edilməsi düzgün olmaz. Bu məbləğ bütün Orta Dəhliz üzrə dövlət və özəl investisiyaların səfərbər edilməsinə yönəlmiş hədəfdir. Azərbaycanın bundan əldə edəcəyi pay konkret layihələrdən və investisiya qərarlarından asılı olacaq.
Əsas məsələ də budur ki, Orta Dəhliz Azərbaycanın ərazisindən keçən sadəcə bir nəqliyyat xətti kimi qalmamalıdır. Azərbaycan bu marşrutun logistika, istehsal, rəqəmsal xidmətlər və regional ticarət platformasına çevrilməsinə nail ola bilsə, dəhlizin ölkəyə təsiri tranzit haqlarından daha geniş olacaq. Belə halda Orta Dəhliz Azərbaycanın həm tranzit gəlirlərini artıran, həm qeyri-neft sektoruna investisiya cəlb edən, həm də ölkənin Avropa və Mərkəzi Asiya bazarları arasında iqtisadi əlaqələrini gücləndirən uzunmüddətli iqtisadi aktivə çevrilə bilər".
Zeynəb Mustafazadə