Əli Mustafa: Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzinə çevrilir – ÖZƏL
15:52 Siyasət"Prezidentin Türk Dövlətləri Təşkilatını aparıcı təşkilatlardan biri kimi görməsi çox əhəmiyyətli hadisədir. Türk Dövlətləri Təşkilatı yeni yaranmasına baxmayaraq, kifayət qədər uğurla inkişaf edir və türk dövlətlərini birləşdirir. Dünyada 300 milyondan çox türkün və onları təmsil edən dövlətlərin bir araya gəlməsi, tədricən bir güc mərkəzinə çevrilməsi, əlbəttə, olduqca önəmli məsələdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, burada bir neçə vacib məqam var. Əvvəla, türk dövlətləri arasında əməkdaşlıq kifayət qədər uğurla inkişaf edir. Amma bu əməkdaşlıq əsasən dövlətlər, dövlət rəhbərləri və rəsmi qurumlar səviyyəsində həyata keçirilir. İndi isə bu əməkdaşlığın daha aşağı səviyyələrə də aid olunması, yəni xalqlararası əməkdaşlığın inkişaf etdirilməsi, xüsusilə gənclər arasında inteqrasiyanın gücləndirilməsi, təhdidlərə qarşı birgə mübarizə və bu kimi məsələlərin gündəmə gətirilməsi olduqca əhəmiyyətlidir.
"Mən hesab edirəm ki, artıq Türk Dövlətləri Təşkilatı cəmiyyətlərarası inteqrasiyanı da ehtiva etməlidir. Yalnız dövlət qurumlarının və liderlərin əməkdaşlığı bizim istədiyimiz mənada qaynayıb-qarışmanı təmin etmir. Əlbəttə, hüquqi baza yaranır, mənəvi-psixoloji zəmin, siyasi və ictimai-siyasi baza formalaşır. Amma bu birliyin gerçək birliyə, gerçək gücə və güc mərkəzinə çevrilməsi üçün xalqların qaynayıb-qarışması, cəmiyyətlərin bir-birini tanıması və onların bir-biri ilə inteqrasiyasının baş tutması olduqca vacibdir. Odur ki, düşünürəm ki, Azərbaycanın bu məsələdə təşəbbüskar olması çox əhəmiyyətlidir. Eyni zamanda hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının strukturlaşması və inkişafı da vacibdir. Yəni bu birliyi təmin edən mütləq təsisatların meydana gəlməsi şərtdir. Xüsusilə Türk Dövlətləri Təşkilatının parlamentinin formalaşması həqiqətən lazımdır və yəqin ki, bunu etmək o qədər də çətin olmaz. Həm də bu parlamenti birbaşa seçkilərlə formalaşdırmaq lazımdır. Olduqca vacibdir ki, artıq xalqlar heç olmasa burada təmsil olunsunlar və inteqrasiya, qaynayıb-qarışma prosesi başlasın. Bu da, əlbəttə, platformanın daha da güclənməsinə və alternativ güc mərkəzi kimi formalaşmasına gətirib çıxaracaqdır. Bu isə bizi və digər türk dövlətlərini təhdid edən təhlükə və risklərə qarşı, əslində, etibarlı bir blokun meydana gəlməsi anlamını verir", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova