Azərbaycanın TDT-dəki rolu: “Təşkilat region üçün aparıcı platforma olacaq”- ÖZƏL
17:05 SiyasətPrezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat dəhlizlərinin gücləndirilməsi, üzv ölkələr arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi və regional təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın TDT çərçivəsində etibarlı və təşəbbüskar tərəfdaş kimi çıxış etdiyini qeyd edib. O, gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin, həmçinin xarici ideoloji təhdidlərə qarşı birgə mübarizənin əhəmiyyətini diqqətə çatdırıb.
Prezidentin TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirmək hədəfi hansı imkanları yaradır? Azərbaycanın TDT daxilində təşəbbüskar və mərkəzi platforma rolunu necə qiymətləndirirsiniz?
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:
" Türk Dövlətləri Təşkilatının yaranmasında, formalaşmasında və inkişafında Azərbaycan hər zaman lider dövlətlərdən biri olub. Azərbaycan hər zaman kifayət qədər bu təşkilatın inkişafı üçün öz töhfələrini verib. Biz görürük ki, bu təşkilatın müxtəlif dövrlərində Azərbaycan hər zaman onun inkişafına, aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilməsi üçün bütün imkanlarından istifadə edərək, onu pillə-pillə o səviyyəyə qaldırmağa çalışıb. Vaxtilə bu qurumun möhkəmlənməsinə, nüfuzunun artırılmasına, təsir imkanlarının genişlənməsinə Azərbaycan öz imkanları daxilində hər zaman əlindən gələn bütün imkanlardan istifadə edib.
Bizim heç yadımızdan çıxmaz, mən düşünürəm ki, bu fikri biz hər zaman səsləndirməliyik: Azərbaycan Prezidentinin gözəl fikirləri var ki, Türk dövlətləri bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.
Bugün dünyada, xüsusən Türk dövlətlərinin yerləşdiyi ərazilərin ətrafında baş verən təlatümlər, müharibələr, bunların hamısı, əlbəttə ki, bizim qarşımızda müəyyən çağırışlar qoyur. Bu baxımdan Türk dövlətləri birliyi bu çağırışlara hazırlıqlı olmalıdır, bu çağırışların qarşısını almaq imkanı da olmalıdır.
Bu baxımdan Azərbaycan təhlükəsizlik sahəsində, hərbi quruculuq sahəsində, iqtisadi inkişaf sahəsində, kommunikasiyaların genişlənməsi sahəsində və böyük dünya güclərinin bizim maraqlarımıza uyğun olaraq cəlb olunmasında kifayət qədər iş görür və iş görməkdə davam edir.
Biz bilirik ki, bunu artıq səsləndirir ABŞ, Avropa Birliyi liderləri və s. Bu baxımdan düşünürəm ki, Azərbaycan kifayət qədər bu sahədə iş görüb. Türk Dövlətləri Təşkilatının formalaşmasına, birləşməsinə və gələcəkdə, mən əminəm, Türk Dövlətləri Təşkilatı doğrudan da güclü bir beynəlxalq təşkilata çevriləcək. Bəli, dünyada bir çox beynəlxalq təşkilatlar təşkilatlar mövcuddur. Amma Türk Dövlətləri Təşkilatının onlardan fərqi ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər özlərinin daim tarixi, milli-etnik, birgə milli-etnik köklərinə arxalanaraq inkişaf edirlər. Bizim mədəniyyətlərimiz, dədə-baba qaydalarımız, keçmişdən qalan dəyərlər-bunların hamısı məhz doğrudan da bizi bir ailəyə çevirir. Bu baxımdan əlimizdə olan iqtisadi potensialdan, imkanlardan və s. əlbəttə ki, səmərəli istifadə olunacaq və biz görürük ki, bu sahədə kifayət qədər işlər görülür. Xüsusilə Azərbaycan ilə Türkiyə arasında, Azərbaycan ilə Özbəkistan arasında, Azərbaycan ilə Qazaxıstan arasında, Azərbaycan ilə Qırğızıstan arasında böyük işlər gedir. Əlbəttə ki, bu təşkilat doğrudan da bizim region üçün regionda aparıcı beynəlxalq təşkilata çevriləcək. Artıq bu barədə danışmaq olar. Zaman sonra isə hesab edirəm ki, artıq nəzərdə tutulan fəaliyyətləri biz gördük, Qəbələdə keçirilən TDT liderlərinin görüşündə yol xəritəsini biz görsək, bilərik ki, hansı məqsədlər dayanıb. Türk Dövlətləri Təşkilatı, əminəm ki, qarşısına qoyduğu bütün hədəfləri həyata keçirəcək. Yenə də deyirəm ki, mən tam əminliklə hesab edirəm ki, nüfuzlu bir beynəlxalq təşkilata çevriləcək".
Zeynəb Mustafazadə