Orta Dəhlizə milyardlıq investisiya – Bakı hansı qazancları əldə edəcək? – ÖZƏL
17:08 Siyasət"Avropa İttifaqı 2021-2027-ci illər üçün "Gateway" proqramı çərçivəsində 300 milyard dollara yaxın vəsaitin ayrılmasını planlaşdırırdı. Eyni zamanda, 2024-cü ilin iyun ayında Mərkəzi Asiya üçün Transxəzər layihəsinin maliyyələşdirilməsinə 10 milyard avro vəsait nəzərdə tutulmuşdur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, yuxarıda qeyd etdiyim 300 milyard dolların 125 milyard dolları bilavasitə Avropanın müxtəlif maliyyə institutları tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan vəsaitdir. Avropa İttifaqı təkcə Orta Dəhliz kontekstində deyil, ümumiyyətlə, logistika və dəhliz strategiyasının maliyyələşdirilməsinə çox böyük önəm verir. Azərbaycan strateji tərəfdaş, etibarlı tərəfdaş və dəhliz infrastrukturunu region ölkələri ilə müqayisədə ən yaxşı səviyyədə yaratmış bir ölkə kimi Avropa İttifaqının onsuz da marağındadır. Eyni zamanda, ötən il ABŞ və Ermənistan arasında yaradılmış beynəlxalq inkişaf şirkəti var idi. Bu şirkət Zəngəzur dəhlizində yaradılırdı və faktiki olaraq Zəngəzur dəhlizi üzərində nəzarəti həyata keçirəcək, burada işləri görəcək bir şirkətdir. Həmin şirkətin 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistana məxsus olacaq. Yəni belə bir məsələdə, belə bir durumda Avropa İttifaqı kənarda qalmaq istəmir. Eyni zamanda, Yaxın Şərqdə baş verən problemlərdən dolayı Avropanın enerji təchizatı, məhsul təchizatı və digər istiqamətlərdə, həmçinin ixracının daha qısa müddətdə həyata keçirilməsi üçün daha səmərəli dəhlizlərə ehtiyacı var. Bu baxımdan, Orta Dəhliz Avropa üçün son dərəcə önəmlidir.
"Düşünürəm ki, Avropa İttifaqı bu kontekstdə məsələyə yanaşaraq Orta Dəhlizin ötürücülük gücünün artırılması, imkanlarının genişləndirilməsi, infrastrukturun təkmilləşdirilməsi və digər məqsədlərlə 12 milyard avroya qədər vəsaitin ayrılmasını planlaşdırıb. Bunun Azərbaycanın ərazisinə düşəcək payı 2 milyard, maksimum 3 milyard avro həcmində ola bilər. Bu da təbii ki, ölkəmiz üçün müsbətdir. Yəni dəhliz əvvəlki dönəmlərdə bir ölkə üçün yalnız tranzit gəlir vasitəsi kimi qiymətləndirilə bilərdi. Amma hazırda dəhliz keçdiyi ölkə üçün həm tranzit gəlirləri təmin edir, həm də orada müxtəlif xidmətlərin - sığorta, nəqliyyat, ictimai iaşə və digər xidmətlərin - getdikcə genişlənməsinə imkan yaradır. Təbii ki, Azərbaycan üçün də bütün bunları söyləmək olar", - deyə iqtisadçı əlavə edib.
Səidə Ramazanova