Valyutadəyişmə məntəqələri yeni qaydalarla fəaliyyət göstərəcək

Məlum devalvasiya prosesi və ondan sonra maliyyə bazarlarında yaranan ajiotajı aradan qaldırmaq üçün atılan mühüm addımlardan biri də valyutadəyişmə məntəqələrinin ləğvi oldu. Hər nə qədər doğru və səhv addım olduğunu şərh etmədən hazırkı vəziyyətə nəzər yetirdikdə aydın olur ki, bir müddət əvvəl valyutadəyişmə məntəqələri ilə bağlı qəbul edilmiş qərara yenidən baxmaq zərurəti meydana çıxıb.

Valyuta mübadiləsi fəaliyyətiylə məşğul olan və yaxud olmuş bütün subyektlər dəqiq uçotda olacaq

Məlum devalvasiya prosesi və ondan sonra maliyyə bazarlarında yaranan ajiotajı aradan qaldırmaq üçün atılan mühüm addımlardan biri də valyutadəyişmə məntəqələrinin ləğvi oldu. Hər nə qədər doğru və səhv addım olduğunu şərh etmədən hazırkı vəziyyətə nəzər yetirdikdə aydın olur ki, bir müddət əvvəl valyutadəyişmə məntəqələri ilə bağlı qəbul edilmiş qərara yenidən baxmaq zərurəti meydana çıxıb. Elə iqtisadçı ekspert Pərviz Heydərov da bu qənaətdədir. O, bildirib ki, tezliklə ölkədə valyutadəyişmə məntəqələri bərpa olunacaq. İqtisadçı hesab edir ki, bu məsələ "Valyuta tənzimi haqqında" qanunda əksini tapacaq: "Sözügedən məntəqələrin fəaliyyətləri təxminən 1 il öncə dayandırıldı, nəticədə müəyyən narazılıqlar və problemlər ortaya çıxdı. Hazırda bunların çoxu aradan qalxıb. Valyutadəyişmə məntəqələri də yenidən fəaliyyət göstərməyə başlayacaq. Hərə buna bir cür yanaşır. Əvvəla, bir sıra ekspertlər valyutadəyişmə məntəqələrinin nəyə görə bağlandığını düzgün izah etmirlər. İkincisi, bu, çox səhv olaraq, az qala faciə kimi dəyərləndirilir. Üçüncüsü, bunların fəaliyyətlərini bərpa etməyin ümumiyyətlə, nə dərəcədə vacib olduğu özü də ətraflı izah olunmur". Pərviz Heydərov bildirib ki, hazırda valyutadəyişmə məntəqələrinin yoxluğunun ölkədə valyuta alqı-satqısı və mübadiləsi sahəsində ciddi problem yaratdığını müşahidə etmir: " Banklar və onların filialları bu işi əla yerinə yetirirlər. Lakin, birinci və ikinci suallara cavab olaraq qeyd edirəm ki, bəli, valyutadəyişmə məntəqələrinin bərpası ölkədə valyuta bazarında yeni qaydaların və mexanizmin yaradılması, təşkili işlərinin tərkib hissəsi olmaqla, onun növbəti mərhələsini təşkil edir. Yəni, bu addım nə vaxtsa atılmalıdır. Amma yeni əsasda və tamamilə yeni şərtlər çərçivəsində. Çünki əvvəl bu sahədə çox böyük bir kortəbiilik var idi. Valyuta bazarında, başqa sözlə desəm, ölkədə ümumən valyuta alqı-satqısı prosesində heç bir gərginlik mövcud olmadığından isə həmin kortəbiilik özünü əyani olaraq büruzə vermir və göstərmirdi. Elə ki, ölkəyə xarici valyuta axını azaldı və dollar qıtlığı yaranmağa başladı, bu, neqativ təsirini dərhal göstərməyə başladı. Belə ki, valyutadəyişmə məntəqələri spekulyasiya əməllərinin bilavasitə icraçısına çevrildilər. Odur ki, məntəqələrin bağlanması zərurətə çevrildi. Bu, qaçılmaz idi. Çünki bu sahədə heç bir hüquqi tənzimləmə yox idi və valyutadəyişmə məntəqələrində 6 min nəfər çalışırdı deyənlərdən isə bir soruşan yox idi ki, onların fəaliyyətinı və gəlirlərinə nəzarət edilirdi, yoxsa yox?..Sözün qısası, qeyd edilən məntəqələrin fəaliyyətləri "dondurulmasa" idi, ölkədə valyuta bazarında çox ciddi xaos yarana və xaotik prosesi yığıb-yığışdırmaq mümkün olmaya bilərdi. İndi bunlar yeni qaydada bərpa olunacaq. Valyuta alqı-satqısı lisenziyalaşdırılan fəaliyyət növlərindən biri sayılacaq. Və buna görə, müvafiq qaydada rüsum ödəniləcək". İqtisadçı bildirib ki, ümumiyyətlə, ölkədə valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunla tənzimlənəcəkdir: "Və buna icazəni, yəni lisenziyanı maliyyə bazarlarına nəzarət orqanı verəcək ki, həmçinin fiziki şəxslər

də bu işlə məşğul ola biləcəklər. Yəni, yerli banklar, xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru və rezident hüquqi şəxs və qeyri-rezident hüquqi şəxslərin filialları (valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) ilə yanaşı, fiziki şəxslərin də valyuta alqı-satqısı həyata keçirtmək hüququna malik olacaqlar. Amma yalnız, lisenziya əldə etdikdən sonra. Əsas şərtlərdən biri də bu olacaqdır ki, valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməklə, həm də bankda xüsusi hesaba müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti də yerləşdirməli olacaqlar. Və həmin girov depozitdə saxlanılmaqla, lisenziya qüvvədə olduğu müddət ərzində geri qaytarılmayacaq. Bir sözlə. valyuta mübadiləsi fəaliyyətiylə məşğul olan və yaxud olmuş bütün subyektlər dəqiq uçotda, başqa sözlə desəm, qeydiyyatda olacaqdır. Bütün bular çox müsbət cəhətlərdir. O ki qaldı məntəqələrin bərpasının valyuta bazarına və manatın məzənnəsinə təsirinə, başlanğıcda qeyd etdiyim kimi bizdə əvvəl bu sahəyə nəzarət yox idi. Valyutadəyişmə məntəqələri ölkədə dollar qıtlığı yaranan kimi spekulyasiya əməlləriylə məşğul olmağa başladılar. Ancaq bundan sonra bu, mümkün olmayacaq". Pərviz Heydərov deyib ki, ölkədə valyuta mübadiləsi üzrə vəziyyət daha açıq, sərbəst, rahat, əlçatan və şəffav olmaqla yanaşı, bu gün sözügedən sahədə "qara bazar" üçün cüzi də olsa zəmin yaradan amillər qalıbsa, onları da aradan qaldırmaq üçün də əlavə yardım vasitə rolunu oynayacaq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31