Fransalı iş adamları turizm sektoruna maraq göstərir

Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Nazim Səmədov ilə ölkəmizdə səfərdə olan "Accor" şirkətlər qrupunun Rusiya və MDB ölkələrindəki bölməsinin baş direktoru Aleksis Delaroff arasında görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə, Fransanın Azərbaycandakı, eləcə də Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri də iştirak edib. Görüşün keçirilməsində əsas məqsəd sözügedən şirkətin Azərbaycan Turizm sənayesinə verə biləcəyi töhfələri müzakirə etmək, əməkdaşlıq perpektivlərini müəyyənləşdirmək olub. Görüş əsnasında nazir müavini Nazim Səmədov qeyd edib ki, ölkəmizdə artıq kifayət qədər müasir 5 ulduzlu, lüks otel brendləri fəaliyyət göstərsə də, orta sinif və büdcə turistləri üçün nəzərdə tutulan yeni otel brendlərinin artırılmasına böyük ehtiyac var. Şirkətin Rusiya və MDB ölkələrindəki bölməsinin baş direktoru Aleksis Delaroff da öz növbəsində, görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, şirkət artıq Azərbaycanın müvafiq kateqoriyada olan bir neçə yerli otelindən təkliflər alıb. Hazırda həmin otellərlə əməkdaşlıq imkanları təhlil edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31