Heç kim zamin olmaq istəməyəcək

Onun öhdəliyi az qala borclunun məsuliyyətini üstələyir

Maliyyə Bazarlarına Nəzarət Palatasının son qərarına əsasən, Azərbaycanda istehlak kreditləri verilən zaman müştərinin digər şəxslərə zaminlik üzrə öhdəlikləri də nəzərə alınacaq. Bu metodika palata tərəfindən "scoring" formasında tətbiq ediləcək və bankın müştəriyə verə biləcəyi maksimum məbləği müəyyən edəcək. Qeyd olunan məbləğdən artıq bankların müştəriyə kredit ayırması qadağan edilir. Başqa sözlə, zaminlər kredit ödəməsə də borclu ilə eyni məsuliyyəti daşıyacaq, üstəlik özləri kredit götürdükləri halda zamni durduqları məbləğ öhdəlik kimi hesablanacaq. Yəni, 1000 manata zamin duran şəxs kredit götürmək istəsə, bu vəsait onun üçün öhdəlik kimi nəzərə alınacaq ki, nəticədə həmin vətəndaş bankdan istədiyi məbləğdə kredit əldə edə bilməyəcək. Məlumat üçün qeyd edək ki, hazırda tərbiq edilən kredit müqavilələrində az qala borcludan çox zamnini boynuna məsuliyət yüklənir. Son zamanlar problemli kreditlərin sayı artıdığından banklar əsas borculuya verilən pulu zaminlərdən tələb edirlər. Lakin bankların özləri müqavilə bağlandıqda əksər hallarda zaminlərə hüquqlarını başa salmır və buna maraq göstərmirlər. Halbuki, qanunvericilikdə zaminləri məsuliyyətdən azad edən xüsusi hallar mövcuddur. Banklar əksər hallarda kredit götürən şəxsin müqaviləsini uzatdığı halda bu barədə zamin duran şəxslərə məlumat vermirlər. Ödəməylə bağlı bir problem yarananda isə vəsaiti zamindən tələb edirlər. Əslində isə bu kimi hallara yol vermək ciddi qanun pozuntusudur. Bəzən zaminliyə müddət qoyulması banklara sərf etmədiyindən zaminliyi müddətsiz təyin edirlər. Qanunvericiliyə görə, şəxs müddətsiz zamin durarsa kredit ödənişi bitən son tarixdən 1 il müddətə qədər bank yenə də zaminə qarşı hüquqi tələblər irəli sürə bilər. Buna görə vətəndaşların müqavilədə bu məsələyə diqqətli yanaşmaları vacibdir. Bankların zamin duran şəxslərə qarşı daha çox tələb qoya bilməsi üçün atdığı addımlardan biri də əlavə zaminlik olduğu halda yalnız birgə zaminlik müqaviləsi bağlamalarıdır. Çünki birgə zaminlik zaminin üzərinə kredit alanla eyni məsuliyyəti qoyur. Ancaq subsidar zaminlik yəni əlavə zaminlik zaminin də hüquqlarını qoruduğu üçün bu banklara sərf etmir. Maraqlı məqamlardan biri isə birdən çox zamin olduğu halda, əgər krediti alan şəxs bu pulu ödəyə bilməzsə məsuliyyətin zaminlər arasında bölünməsidir. Mütəxəssislər bildirir ki, bu halda bank zaminlərin hamısından və ya digərlərinə toxunmadan sadəcə 1 nəfərdən bu vəsatiləri geri istəyə bilər. Yəni krediti alan, borcu ödəyə bilmədiyi halda bank istədiyi zamini seçə və vəsaiti ondan tələb edə bilər. Onu da qeyd edək ki, kredit verilişi çətinləşdirildikdən sonra zaminlərin məsuliyyəti də artırılıb. Zamin olan vətəndaşlar bir sıra hallarda sonradan borcu qaytarmaq məcburiyyətində qalırlar. Bəzən kredit üzrə aylıq ödəniş zaminin bankda olan kart hesabından çıxarılır. İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, əksər hallarda zamin olan şəxslər müqaviləni oxumadan imzalayırlar: "Məsələn, bizim mərkəzə müraciət edən vətəndaşlarımızdan biri qeyd edir ki, onun əmək haqqı kartı olan bankdan başqası kredit götürüb və o da zamin durub. Cəmi 1-2 ay sonra kredit götürən borcu qaytarmaqdan imtina edib. Bəlli olub ki, zamin olan vətəndaşımızın oxumadan imzaladığı müqavilədə borc götürənin pulu qaytara bilmədiyi halda pulun onun hesabından çıxılması barədə bənd var. Borc götürən isə pulu banka ödəməkdən imtina edib. Bu isə o deməkdir ki, formal prosedura kimi bildiyi zaminlik müqaviləsi onun üçün ciddi xərc yaradıb". İqtisadçının fikrincə, əksər hallarda kredit götürən şəxs zaminliyin formal olduğunu deyərək zaminlər cəlb edir: "Bəzi hallarda isə müraciət edilən şəxs zaminlik ilə bağlı ona müraciət ediləndə utanır və yox demir. Nəticədə isə krediti bir şəxs götürür xərcləyir qaytarmır, o puldan xəbəri olmayan zaminin hesabından isə aylıq pul çıxılır. Buna görə də, zamin olmadan öncə fikirləşin: kredit qaytarıla bilməyəndə həmin pulu qaytarmağa hazırsınızmı? Bankla bağlıdığınız müqaviləyə əsasən zamin təxminən borc götürən qədər məsuliyyət daşıyır. Kredit qaytarıla bilməyəndə zamin həmin borcun qaytarılmasına şərik edilir. Ona görə də, çalışın yaxından tanımadığınız, ödəmə qabiliyyətini tam bilmədiyiniz insana zamin olmayın. Nəzərə alın ki, çox fərqli səbəblərdən istənilən kreditin ödənilməsində problemlərin olması heç zaman istisna edilmir". Məsələnin qanunvericilik tərəfinə gəlincə, Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 470-ci maddəsində zaminliyin birbaşa anlayışı verilib. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Şərh olunan maddənin bəndinin bir qədər şərti olmasını qeyd etmək lazımdır. Əslində zaminlik öhdəliyi başqa şəxsin kreditorunun qarşısında həmin şəxsin (borclunun) öhdəliklərinin icra etməməsi nəticəsində əmələ gəlir və zaminin öhdəliyi yalnız borc pulun qaytarılmasından ibarətdir. Qeyd olunan öhdəlik, borclunun zaminliklə təmin edilmiş əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi kimi hüquqi faktın əsasında yaranır. Maraqlıdır, bəs zaminlər bu öhdəlikdən necə imtina edə bilərlər? Xatırladaq ki, qanunvericiliyə əsasən bir sıra hallara görə zaminlikdən imtina etmək mümkündür. Əksər vətəndaşlar isə bundan xəbərsizidirlər. Bunun ilk yolu borculunun, zaminin başqa biri ilə əvəz edilməsi üçün banka müraciət etməsidir. Ancaq bunun qəbul edilməsi üçün mütləq qaydada bankında razılıqı olmalıdır. Bundan başqa məhkəmə üsulu ilədə zaminlik ləğv edilə bilər. Belə ki, müqavilə bağlandıqdan sonra zamin, aldadıldığını hesab etdikdədə zaminliyin ləğvi üçün məhkəməyə müraciət edə bilər. Əsas borclunun ödəmədiyi vəsaiti banka ödəyən zamin isə daha sonra ödədiyi vəsaiti və əlavə faizlərini borcludan məhəkəmə yolu ilə tələb edə bilər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31