Vüqar Bayramov: “Təqaüdçülərə kreditin verilməsinin dayandırılması diskriminasiyadır”
22 Aprel 2016 16:10 İqtisadiyyatTanınmış iqtisadçı bankların manatla kreditləri bərpa etməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsini vacib sayır. Ötən ilin fevralında və dekabrında baş vermiş devalvasiyadan sonra yerli banklar manatla kreditlərin verilməsini dayandırdılar və bu qərar hələ də qüvvədə qalır.Maliyyə Bazarlarına Nəzarət Palatasının bu il aprelin 5-də xarici valyuta ilə kreditlərin verilməsini qadağan etməsi kredit bazarını tam "dondurub". Bu qərardan sonra manatla kreditlərin bərpa olunacağına yönəlik gözləntilər də özünü hələ doğrultmayıb. Manatla kreditlərin bərpa ehtimalını dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, bunun üçün bır sıra şərtlərin yerinə yetirilməsinə ehtiyac var: "Əvvəlcə onu deyim ki, xarici valyutada kreditlərin verilməsinin qadağan edilməsi manatla kreditlərin bərpa olunması anlamına gəlməməlidir.Bunun üçün müəyyən şərtlərin yerinə yetirilməsi lazımdır. Nəzərə alaq ki, nə banklar, nə də vətəndaşlar manatla bağlı kredit verməyin və ya götürməyin riskli olduğunu düşünürlər. Bu məsələdə banklar daha çox narahatlıq keçirirlər. Ona görə də, banklarda kifayət qədər manat kütləsinin toplanması da onların kreditlərə yönəldilməsinə əsas yaratmır. Dəqiq desək, banklar manatın məzənnəsinin dəyişməsi ilə bağlı özlərini risk altında qoymaq istəmirlər. Ona görə də hesab edirəm ki, bu məsələnin yoluna qoyulması üçün banklara manatın məzənnəsi ilə təminat verilməlidir. Yalnız bundan sonra manatla kreditlərin bərpa edilməsindən danışmaq mümkün ola bilər".V.Bayramöv Maliyyə Bazarlarına Nəzarət Palatasının ötən gün təqaüdçülərə kredit verilməsinin dayandırılması haqqında qərarına da münasibət bildirib:"Bu addımın nəyə əsasən atıldığını başa düşmək çətindir. Belə bir qərarın verilməsi ilk növbədə vətəndaşlar arasında diskriminasıyaya yol açır.Yəni hansı kateqoriyaya mənsubluğundan asılı olmayaraq, vətəndaşın ödəmə qabiliyyəti imkan verirsə, ona kredit ayrılmalıdır.Konkret təqaüdçülərə gəldikdə isə ölkədəki mövcud problemli kreditlərdə bu təbəqənin payı olduqca azdır. O baxımdan, Maliyyə Bazarlarına Nəzarət Palatasının təqaüdçülərlə bağlı belə bir qərar qəbul etməsini doğru addım saymıram".