Supermarketlərin absurd istəyi

Hökumətdən vergi dərəcələrini aşağı salmaq istəyi qiymətləri ucuzlaşdıracaqmı?

Son günlər iri supermarket şəbəkələri rəhbərlərinin hökumətə ünvanladığı müraciətlər ətrafında müəyyən fikir mübadiləsi aparılır, bu müraciətdə onların haqlı və ya haqsız olmaları barədə fikirlər səsləndirilir. Hər halda hökumət də öz növbəsində həmin müraciətlər əsasında müəyyən addımlar atır. Elə bir neçə gün əvvəl iqtisadi sahəni əhatə edən bir neçə nazirin biu təbəqədən olan iş adamları ilə görüşünü buna misal göstərmək olar. İqtisadçılar isə supermarket şəbəkələri rəhbərlərinin hökumətə ünvanladıqları müraciətlə bağlı tamamilə fərqli düşünürlər.
İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, sahibkarlar həmin müraciətdə 2015-ci ilin fevralın 21-i tarixdə baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərini əsas gətirərək, rəhbərlik etdikləri supermarket şəbəkələrinin mənfəət marjalarının minimuma endiyini, qiymətləri qaldırmadıqlarından rentabelliyi, işçi sayını qoruyub saxlamaq mümkün olmadığını - mağazaları bağlamaq və fəaliyyətlərini məhdudlaşdırmaq məcburiyyəti qarşısında qaldıqlarını bəyan ediblər: "Qeyd olunanlar sözsüz ki, həqiqətdir. Ancaq burada bəzi məqamlar var. Belə ki, supermarket rəhbərləri hazırda tətbiq olunan effektiv vergi dərəcələri və digər ödəmələrin qiymətləri sabit saxlamağa imkan vermədiyini bildiriblər ki, yaranmış vəziyyətə əsasən də hökumətdən iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq, pərakəndə satış sahəsində vergi yükünün azaldılmasını istəyiblər. Bu isə fikrimcə, düzgün tələb deyil... Məsələ bundadır ki, iri supermarketlərin 2015-ci ilin həm fevralın 21-i, həm də dekabrın 21-i tarixdə devalvasiyalardan sonra yaranmış situasiya ilə əlaqədar hökumətdən vergi dərəcələrini aşağı salmasını istəməsi absurddur. Və bəlkə də çox təhlükəli bir tendensiyanın əsasını qoya bilmək iqtidarındadır. Çünki, ölkədə devalvasiya səbəbindən irəli gələn qiymət artımından söhbət gedərsə, bu, idxal mallarında qaçılmaz idi və heç bir halda da bunun qarşısı inzibati yolla alına da bilməzdi". İqtisadçı bildirib ki, devalvasiyalardan sonra hökumət təbii deyil, məhz süni qiymət artımının qarşısını almağa çalışıb: "Yəni, manat ucuzlaşdırıldıqdan sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında sui-istifadə hallarına və süni qiymət artımına qarşı nəzarəti gücləndirdi. Və sözügedən istiqamətdə digər qurumların da müvafiq tədbirlər həyata keçirməyə başlaması həm alıcıların maraq və mənefələrini qorumaq, həm də elə o sözügedən supermarketlərin özlərini və ümumiyyətlə, pərakəndə satış obyektlərinin bazarda satış üzrə mövcud təkliflərini müvafiq tədiyyə qabiliyyətli tələblə qarşılanması baxımından böyük əhəmiyyət daşıdı. Digər tərəfdən, sual olunur ki, süni qiymət artımını yaradanlar kimlərdir və hansı qurumlardır? Sözsüz ki, inhisarçılar. Supermarketlər özləri də pərakəndə satış sahəsində fəaliyyət göstərən obyektlər sırasında əslində, bir növ inhisarçı qurumlardır. Yəni, belə demək mümkündürsə, təbii inhisarçıdırlar. Başqa cəhət isə həm də ondan ibarətdir ki, dərəcələr, tutaq ki, yumşaldıldı, buna adekvat olaraq, pərakəndə satış qiymətləri də cüzi də olsa ucuzlaşacaqmı?! Şübhəsiz ki, yox. Çünki ən azı o səbəbə görə ki, güzəşt istəyən tərəf bunu texniki səbəblərlərlə əsaslandırır və personalını saxlamaq məqsədilə irəli sürür".


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31