ƏDV ləğv olunsun?

Ekspertlər bu barədə nə düşünür?

Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra bütün neft istehsal edən ölkələr kimi Azərbaycan iqtisadiyyatında da müşahidə edilən mənfi tendensiya bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi. Ötən dövr ərzində həyata keçirilən antiböhran tədbirləri, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün atılan addımlar müəyyən mənada mövcud  çətinliklərin aradan qaldırılmasına kömək etdi. Hazırda da bu istiqamətdə tədbirlər davam etdirilir. Bu arada bir sıra iqtisadçı ekspertlər də müəyyən təkliflərlə çıxış edirlər. Həmin təkliflər sırasında Əlavə Dəyər Vergisinin (ƏDV) bəzi sferalar üzrə tamamilə ləğvi də yer alır. Ancaq hökumətin buna gedib-getməyəcəyi hələlik bəlli deyil.

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, Əlavə Dəyər Vergisi (ƏDV) hökumət üçün istehlak bazarında qiymətləri tənzimləməkdə guya, əsas vasitə sayılır: "Məsələn, taxıl məhsulları üzrə dünya bazarlarında yaranan vəziyyətlə əlaqədar, Nazirlər Kabinetinin hər dəfə verdiyi məlum qərarları yada salmaq kifayətdir.  Belə ki, daxili bazarda taxıl və un məhsullarının qiymətlərini sabit saxlamaq məqsədilə ƏDV-in hər dəfə tədbiq edilib, sonra da ləğv edilməsi ortada əslində, başqa vasitənin olmadığını göstərir". İqtisadçı bildirir ki, ölkəmizdə vergi mexanizminin təkmilləşdirilməsi sahəsində əsas təkliflərdən biri həmişə, məhz bu vergi növünün dərəcəsinin (hazırda 18 %-dir) getdikcə aşağı endirilərək dəyişdirilməsi və yaxud da ləğv edilməsi təşkil edib: "Çünki ƏDV əslində, maya dəyərin yaranmasında deyil, qiymətlərin formalaşmasında iştirak edir. Ümumiyyətlə, ƏDV istehlakçılardan tutulan dolayı vergi olmaqla, məhsulun istehsalı, işlərin görülməsi, həmçinin xidmətlər göstərilməsi zamanı əlavə edilən dəyər kimi hesablanmaqla, malların istehsalı və göndərilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinin bütün mərhələlərində qeydə alınaraq, son nəticədə əslində, konkret olaraq dövlət büdcəsinə bir mədaxil vasitəsi olaraq mümkün olandan çox az vəsait cəlb edilməsi ilə xarakterizə olunur. Belə ki, məsələn, qanunla hər bir vergi ödəyicisi ay ərzində göstərdiyi fəaliyyət nəticəsində aldığı və satdığı mallara görə, ƏDV-in məbləğlərini əvəzləşdirmək hüququna malikdir ki, vergi ödəyicisi əməliyyatların gedişində ödədiyi və ya ödəyəcəyi ƏDV haqqında Bəyannamə tərtib etməklə bundan öhdəliyi yaranarsa, onu mütləq ödəyir. Yox əgər, dövlətin ona ƏDV borcu yaranarsa, həmin borc sonrakı ödəmələrdə nəzərə alınır. Ancaq, heç də bütün hüquqi və fiziki şəxslər ƏDV ödəyicisi sayılmır. Yalnız ƏDV məqsədləri üçün qeydiyyata alınan ödəyicilər onun ödəyicisi sayılırlar ki, onların da illik dövriyyəsi üçün bəlli limit mövcuddur.  Bundan başqa, məsələn, iri neft layihələrinin iştirakçısı sayılan şirkətlər də ƏDV ödəmirlər. Belə olan şəraitdə isə, ƏDV-in dövlət büdcəsi mədaxilindəki mövcud rəqəmlərə rəğmən, heç də ciddi yükə sahib olmadığı və onun real büdcə gəlirlərində payının da, əhəmiyyətsiz xarakter daşıdığını qətiyyətlə söyləmək mümkündür. Bunu, bilavasitə mühasibatla məşğul olanlar da təsdiq edə bilərlər. Maraqlıdır ki, bəziləri hətta, ƏDV-nin mahiyyətini belə açıqlaya bilmirlər. Doğrudur, bu vergi növü təkcə bizdə deyil - bir çox inkişaf etmiş ölkələrdə də mövcuddur". Pərviz Heydərovun sözlərinə görə, dünyanın heç bir ölkəsində həmin vergi növü bizdəki kimi ümumi vergi siyasəti və mexanizmində bu qədər mürəkkəblik yaratmır: "Sözün qısası, ölkəmizdə mövcud ƏDV mexanizmi çox da etibarlı mexanizm deyil və ona, bazarda qiymətləri tənzimləməkdə yeganə və ən əlverişli vasitə kimi yanaşmaq, əslində, heç də düzgün sayılmır. Odur ki, ƏDV bəzi sferalarda həqiqətən də ləğv edilsə daha yaxşıdır.  Ümumiyyətlə isə, adı çəkilən vergi növünün faiz dərəcəsi aşağı salınmaqla, tədbiqi mexanizmi satışın üzərinə sürüşdürülməlidir".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31