İKT-nin tətbiqi ənənəvi iqtisadi sahələrin inkişafında mühüm rol oynayır
5 Sentyabr 14:00 İKTİstiqamət: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Müasir dünyada informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.
Azərbaycan da bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Xatırladaq ki, Azərbaycanda "elektron hökumət"in formalaşdırılması ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya ilə qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində "elektron hökumət" ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaratmışdır.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ölkəmizdə bu sahənin inkişafına yeni təkan vermişdir. Azərbaycan İlk telekommunikasiya peykini məhz bu ildə orbitə çıxarmağa nail olmuşdur. 8 fevral 2013-cü il tarixində Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən peykin texniki xüsusiyyətlərini əks etdirən sənədlərdə onun orbitdə yararlı ömrünün 15 il olduğu qeyd edilib. Lakin peykin uğurlu buraxılışı və orbitdə olduğu ötən iki il ərzində aparılan effektiv idarəetmə nəticəsində peykin proqnozlaşdırılan ömrü 16,7 ilədək artırılıb. Peykin operatoru, Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti fəaliyyət göstərdiyi dövr ərzində "Azerspace-1" vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir. "Azerspace-1" peykinin əlverişli orbital mövqedə (46˚ Şərq uzunluğu) yerləşməsi, "Azərkosmos" ASC-nin operativliyi və müştəri məmnuniyyəti siyasəti buna zəmin yaradır. İlk peykimiz Mərkəzi Asiya, Avropa və Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır.
Bütün sadalananlara baxmayaraq müasir dövrdə informasiya kommunikasiya texnologiyaları inkişaf mərhələsini yaşamaqdadır. Son zamanlar dünya miqyasında süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi fiziki və hüquqi şəxslərə sosial-iqtisadi üstünlüklər qazandırmışdır. Buna görə də bir çox dövlətlər süni intellekt sahəsi üzrə ayrıca strategiyalar qəbul etmişlər və onların icrası həyata keçirilməkdədir. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları ölkəmizin iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Odur ki, bu sahədə sistemli yanaşmaya ehtiyac vardır. Süni intellektin dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirəcəyi, eləcə də bununla bağlı yaranacaq çağırışlar və təhdidlər nəzərə alınaraq, süni intellekt üzrə milli strategiyanın hazırlanması zərurəti yaranmışdır.
Bu məqsədlə hazırlanmış "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" ölkədə süni intellekt üzrə mövcud vəziyyəti təhlil edir, daha sonra əldə olunan nəticələrə uyğun olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir.
2025-2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində ilkin mərhələdə süni intellekt üzrə idarəetmənin təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması, məsul dövlət orqanlarının müəyyən edilməsi və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə, süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün normativ hüquqi baza hazırlanamalı, insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi diqqət yetirilməlidir.
Süni intellektin effektiv inkişafı məqsədilə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması və süni intellekt modellərinin sürətli işlənməsi üçün bulud əsaslı resursların artırılması planlaşdırılır. Eyni zamanda, açıq mənbəli süni intellekt kitabxanalarının yaradılması və Azərbaycan dilində süni intellekt həllərinin inkişaf etdirilməsi bu sahədə mühüm irəliləyişlərə yol açacaqdır. Kadr hazırlığı və bacarıqların inkişafı istiqamətində isə süni intellekt sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanması üçün təlim və elmi proqramların genişləndirilməsi, ali təhsil müəssisələrində süni intellekt üzrə yeni tədris proqramlarının hazırlanması nəzərdə tutulur. Tədqiqatçılar üçün süni intellekt üzrə xüsusi fondların yaradılması və beynəlxalq institutlarla əməkdaşlığın genişləndirilməsi də bu sahədə əsas hədəflərdən biridir. Bundan əlavə, dövlət qulluqçuları və rəhbər şəxslər üçün süni intellekt və məlumatların idarə edilməsi üzrə təlimlər keçirilməsi süni intellektin dövlət idarəçiliyində səmərəli tətbiqini təmin edəcəkdir.
Artıq Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025 - 2028-ci illəri əhatə edən "Süni İntellekt Strategiyası" təsdiq edilib. Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır. Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.
Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır. Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi də nəzərdə tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır. Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.
Süni intellekt texnologiyalarının etik istifadəsi və təhlükəsizliyinin təmin edilməsi strategiyanın mühüm istiqamətlərindən biridir. Bu məqsədlə tənzimləyici çərçivənin yaradılması, süni intellekt alqoritmlərinin şəffaflığının təmin edilməsi, məlumat qərəzinin aradan qaldırılması və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Eyni zamanda ictimaiyyətin süni intellekt texnologiyalarına dair məlumatlılığının artırılması və onlardan istifadənin cəmiyyət üçün faydaları barədə maarifləndirici kampaniyaların aparılması nəzərdə tutulur. Yeni strategiyanın həyata keçirilməsi Azərbaycanı süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlər sırasına daxil edəcək və ölkənin rəqəmsal inkişafına mühüm töhfə verəcək. Bu strategiya, həmçinin süni intellekt ekosisteminin formalaşdırılması və ölkənin qlobal süni intellekt platformalarında aktiv iştirakını təmin etmək üçün bir yol xəritəsi kimi çıxış edəcək. Qeyd edək ki, İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi bütün dünyada olduğu kimi Azərbaycanda da ənənəvi iqtisadi sahələrin inkişafında mühüm rol oynadığı şübhəsizdir. Belə ki, internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.