“Neftçi”də ilk istefa. "Hazırkı heyətdən heç kimin komandada qalmağa ixtiyarı yoxdur"
18 İyul 2014 11:27 İdmanAvropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Sloveniya "Koper"inə uduzan "Neftçi"də ilk istefa baş verib. Klubun vitse-prezidenti Tahir Süleymanov komandadan ayrıldığını açıqlayıb. Apasport.az saytına müsahibəsində o, digər rəsmilərə də mesaj göndərməyi unutmayıb.
- Oyunun sonlarına yaxın azarkeşlər "istefa" qışqırırdılar. Bu hansısa addıma səbəb oldumu?
- Bütün məsuliyyəti üzərimə götürürəm və istefa verirəm. İnanıram ki, "Neftçi" səfərdə daha yaxşı oynayacaq və mərhələ adlayacaq. Komanda bu mərhələni adlamasa, hazırkı heyətdən heç kimin komandada qalmağa ixtiyarı yoxdur.
- Sloveniyaya getməyəcəksiniz?
- Xeyr, artıq komandadan ayrılmışam. Bu, etiraz əlaməti deyil. İstefa vermək özü bir mədəniyyətdir. Bütün yükü üzərimə götürdüyüm üçün bu addımı atıram. Yeni "Neftçi" qurulmalıdır. Yeni komanda quranlara isə işlərində uğurlar arzulayıram.
- Yeni "Neftçi"ni mövsüm başa çatdıqdan dərhal sonra qurmaq olmazdı?
- Keçmişə qayıtmaq istəmirəm. Bu gün komandamız zəif oyun nümayiş etdirsəydi, ayrı söhbət olardı. Tək qapıya futbol oynadıq. "Neftçi" özü-özünə məğlub oldu. Amma qarşıda cavab oyunu var. "Neftçi" "Koper"in cavabını verəcəyinə inanıram.
- Nəyə ümid edib, bu cür düşünürsünüz?
- "Neftçi" zəif oynamadı. Braziliya yığması da 1:7 hesabı ilə yenildi. Futbolda belə hallar olur. Bu nə büdcə, nə də ölkələrin adı ilə ölçülmür. Müasir futbolda mübarizə aparmaq, sona qədər döyüşmək lazımdır. Belə uşaq səhvləri buraxmaqla uduzmaq "Neftçi"yə yaraşmadı. 90 dəqiqə hücumda olduq, qapıçıları yaxşı oynadı, dirəkdən dönən topumuz oldu. Hakimlik haqda isə danışmaq istəmirəm. Necə oyun idarə etdiklərini gördülər. İki oyunun nəticəsinə görə, "Neftçi" "Koper"i mübarizədən kənarlaşdırmalıdır.
- "Neftçi"nin hücumlarından danışdınız, amma boşluqlar da kifayət qədər idi. Yararsız Nfor, cinahlarda yer alan oyunçuların zəif çıxışı və kobud qapıçı səhvi. Fasilədə komandanı yeni transferlərlə gücləndirmək olmazdımı?
- Komanda büdcəsinə uyğun transfer etdi. Yenə deyirəm, "Neftçi" pis oynamadı. Bruno Bertuççinin səhvindən sonra buraxılan qol sanki komandanı sındırdı. Hələ heç nə itirilməyib. Bu gün bütün məsuliyyəti üzərimə götürür və gedirəm. Hər kəsin getmək zamanı var. Bəlkə də bir qədər gec ayrıldım.