Almaniya çempion oldu, dünya Şimali Koreyadan danışır

Məşədi Cəfər

Futbol üzrə dünya çempionatı başa çatdı. İdman şərhçilərinin dili ilə desək mundial tarixə çevrildi. Qurtardı, daha gecə saat 3-ə qədər oyaq qalmayacağıq. Səhər işə gecikməyəcəyik. Sabiq spikerin sözü olmasın, sayıram ki, çempionat ədalətli nəticə ilə bitdi. Güclü alman komandası dünya kubokunu başı üzərinə qaldırdı.  Finala qədər Allah ümidinə, təsadüfən gəlib çıxan Argentina finalda möcüzə göstərə bilmədi və almanlara uduzdu. Almaniyanın baş məşqçisi İohim Löv güclü heyət yarada bilmişdi. Almanlar qrup oyununda Portuqaliyanı 4:0, yarımfinalda Braziliyanı 7:1 hesabı ilə məğlub etmişdilər. Öncədən bəlli idi ki, finalın favoriti Almaniyadır. Löv ikinci hissədə yaşlı və yorğun Klozeni gənc Hötze ilə əvəz etdi. Əlavə vaxtda gənc və yaraşıqlı Hötzə qolunu vuraraq almanlara çempionluq yaşatdı. Mövzumuz almanların çempion olması deyil. Almaniya komandası dünyanın ən güclü komandasıdır, bu günə qədər çoxsaylı mükafatlar qazanıb. Alman maşını hər zaman, istər Avropa çempionlarında, istərsə də, dünya çempionatlarında baxımlı, zövqlü oyunlar sərgiləyib. Mövzu heç almanların qələbə topunu vurmuş Hötzenin (Əslində Götzedir, biədəb çıxmasın deyə, Höte kimi, bunu da H ilə yazırıq) soyadı ilə alay edilməsi də deyil. Bizim bir para səviyyəsiz insanlar öyrəşiblər vedrə bağlamağa. Guya elə Hötzenin vecinə idi ki, onun adı bizim dildə necə səslənir. Bu kimi məsələlərə önəm verməyin özü doğru deyil.
Bəhs edəcəyimiz hadisə nə Braziliyada baş verib, nə də Almaniyanın çempionluğuna aiddiyyatı var. Çempion Almaniya olub, ancaq özündən söz etdirən Şimali Koreyadır. Xəbər saytları məlumat verir ki, Şimali Koreya KİV-ləri yalan xəbərlər yayaraq komandalarının dünya çempionatında iştirak etdiyini və parlaq qələbə qazandığını yazıb. Halbuki Cənubi Koreyadan fərqli olaraq, Şimali Koreya son dəfə dünya çempionatının final mərhələsində 2014-ü ildə deyil, 2010-cu ildə iştirak edib və bütün oyunlarda məğlub olub. Diktatura rejimi altında yaşayan və internetə çıxış imkanı qadağan edilən ölkədə bir telekanal belə bir xəbər yayıb ki, komandaları Braziliyada keçirilən dünya çempionatının qrup mərhələsinin bütün oyunlarında qalib gəlib. Guya Şimali Koreya millisi qrupda Yaponiyanı 7:0, ABŞ-ı 4:0, Çinə isə 2:0 hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb. Şimali Koreya KİV-lərı insanları inandırmağa çalışırlar ki, DÇ-2014-ün finalında komandaları Portuqaliya ilə qarşılaşacaq.  Şimali Koreya millisinin "tarixi uğuru" ilə bağlı reportajda komandanın cari mundialda "vurduğu" qolların bəziləri nümayiş etdirilib, ölkənin gənc lideri Kim ir Senin Braziliyadakı oyunları izlədiyinə dair uydurma xəbər verilib. Adamın əli üzündə qalır. Diktatura-diktatura, daha bu qədər də yox da! Tutaq ki, sən dünyadan bixəbər yazıq Koreya xalqını aldatdın, bəs dünya? İnternet əsridir, sosial şəbəkələr dövrüdür. İnsanları bu cür avam yerinə qoymaqla hara qədər getmək olar? Bir də ki futbol belə strateji bir şeydirsə Koreya üçün, yaxşı məşqçilər gətir, infrastruktur yarat, oyunçular yetişdir, oyna da. Daha yalan danışmaq nə üçün...Kim nə deyir, desin, 2014-cü il dünya çempionatı nə Messi ilə, nə Hötze ilə, nə Noyerlə, nə də Müllerlə yadda qalmayacaq. Şimali Koreya ilə, Kim İr Senlə yadda qalacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31