Heydər Əliyev Kuboku başlanır

Gəncə şəhərində "Heydər Əliyev kuboku - 2014" mini futbol turniri start götürür. "OLAYLAR"-ın xəbərinə görə, turnirdə Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqları, şirkətlər, banklar, idarələr ,müxtəlif müəssisələr və təşəbbüs qruplarının iştirakı ilə oğlan və qızlardan ibarət 16 komanda çempionluq uğrunda mübarizə aparacaq. Reqlamentə əsasən turnir play-off sistemi ilə keçiriləcək. Keçirilən oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlər briqadası tərəfindən idarə olunacaq. Həmçinin komandalara tanınmış futbol ulduzları, məşqçilər və hakimlər tərəfindən "Heydər Əliyev kuboku - 2014" layihəsi çərçivəsində sağlam həyat tərzini təbliğ edən maarifləndirmə işləri aparılacaq və futbol haqqında geniş məlumatlar veriləcək. Qalib komandalar "Heydər Əliyev Kuboku" , fəxri fərman və medalla təltif olunacaq. Layihənin rəsmi açılış mərasimi 22 iyul tarixində Gəncə şəhərində keçiriləcəkdir.

Qeyd edək ki, turnir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi , "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının tərəfdaşlığı ilə baş tutacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31