Bəxtsiz Hollandiya yarımfinalda dayandı
Argentinanı finalda çətin sınaq gözləyir
10 İyul 2014 15:27 İdman20-ci dünya çempionatının daha bir finalçısı bəlli oldu. Bu,Hollandiya millisini penaltilərdə yenmiş Argentinadı. Lionel Messi, İquain kimi ulduz futbolçuların forma geyindiyi Argentina mundialın adlı-sanlı yığmalarındandır və haqlı olaraq əsas favoritlərdən hesab olunur. Bu çempionatda uğurlu çıxış etmiş argentinalılar qrup mərhələsində 9 xal toplamışdılar. Cənubi amerikalılar Bosniya yığmasını 2:1, İran yığmasını 1:0, Nigeriya millisini isə 1:0 hesabı ilə məğlubiyyətə uğratmışdılar. 8/1-də İsveçrəni, 4/1-də Belçikanı 1:0 hesabı ilə məğlub etməyi bacarmış Argentina o qədər də baxımlı futbol sərgiləyə bilmədi. Amma bu futboldur və son sözü nəticə deyir. Ola bilsin ki, Argentina yığmasının baş məşqçisi bilərəkdən bu taktikanı seçib ki, komandasını finala daşıya bilsin. Qeyd edək ki, argentinalılar buna qədər 2 dəfə dünya çempionu olmağı (1978, 1986) bacarmış, 2 dəfə gümüş mükafatlarla (1930, 1990) kifayətlənmişdilər. Latın Amerikası təmsilçisini finalda çətin oyun gözləyir. Argentinalılar yarımfinalda həmyerliləri olan dünya futbol nəhəngi Braziliyanı ağır məğlubiyyətə (7:1) uğratmış Almaniya qarşısında duruş gətirməlidir. Ekspertlər alman maşınının digər Latın Amerikası təmsilçisini də əzəcəyini yazırlar. Bu baxımdan Argentina həm özünün, həm də qitəsinin şərəfini qorumalıdır. Avropa təmsilçiləri də mundialın əsas favoritlərindən sayılırdı. Qrup oyunlarnı yüksək səviyyədə keçirmiş Hollandiya ispanlardan ötən mundialın qisasını artıqlaması ilə almış (5:1), Avstraliyanı gözəl, baxımlı oyunla 3:2 hesabı ilə məğlub etmiş, Belçikanı 1:0 hesabı ilə məğlub etmişdi. 8/1-də Meksika (2:1), 4/1-də Kosta-Rika ilə prinsipial oyunlar da avropalıların qələbəsi ilə bitmişdi. Hollandiya finala layiq komanda idi. Buna qədər hollandiyalılar 3 dəfə (1974, 1978, 2010) dünya çemionatının finalında oynayıblar. Stajlı futbol azarkeşləri bilir ki, Hollandiya millisi istər Avropa çempionatlarında, istərsə də dünya birinciliklərində statistikaya deyil, tamaşaçı zövqünə oynayıb. Hollandiya millisi gözəl, baxımlı oyunları ilə futbolun gözəlliyinə xidmət edib. Avropa və dünya çempionatlarının qrup mərhələlərində öz parlaq oyunları ilə diqqəti çəkmiş və erkəndən favorit olaraq göstərilmiş Niderland yığması bütün enerjisini xərcləyərək 4/1-də, bəzən də yarımfinalda dayanırdılar. Bu dəfə də belə oldu. Bütün çempionat boyu azarkeşlərin sevimlisinə çevrilmiş zanbaqlar ölkəsinin komandası yarımfinalda dayandı. Argentinaya yalnız penaltilər seriyasında məğlub oldu. Argentina da sıradan bir komanda deyil və bu nəticə o qədər də ədalətsiz görünmür. Amma bir məqamı vurğulamaqda fayda var ki, təəssüf ki, hazırkı futbol qaydaları əsil güclünü mütləq şəkildə üzə çıxarmağa imkan vermir. İki futbolçunun qeyri-dəqiqliyi bütün komandanın əməyini heçə endirir. Penaltilərdə bu mundialda komandasının uğuru üçün hər şeyi etmiş, bütün enerjisini qoymuş van Persi, Robben əllərindən gələni etsələr də, qələbə mümkün olmadı. Amma yarımfinalda güclü Argentinaya uduzmuş Hollandiya üçün bu, pis nəticə deyil. Könül istərdi ki, futbol azarkeşlərinə sonsuz zövq bəxş etmiş bu talesiz komanda finalda oynasın, hətta dünya kubokunu başı üzərinə qaldırsın. Ancaq futbolun da öz qaydaları var, bir oyunçunun xətası 10 futbolçunun, məşqçilər heyətinin 4 illik əziyyətini heçə endirir. Bununla belə Hollandiyanı dünya çempionatının yarımfinalına, ilk dördlüyə çıxarmış Lui van Qall, Robben, Snayder, van Persi və digərlərinə sonsuz təşəkkürlər düşür! Hollandiya onların sayəsində mundialın bəzəyi oldu. Hollandiya dünya futbolunun güclüləri sırasındadır və bu bu uzun illər belə də davam edəcək.
Elman Cəfərli