Bakıda I Avropa Oyunları ilə bağlı yeni avtomobil yolunun tikintisinə başlanılıb - FOTO

I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına müvafiq olaraq Stend Atıcılığı İdman Kompleksinə giriş avtomobil yolunun tikintisinə artıq başlanılıb.Nəqliyyat Nazirliyi "Azəryolservis"ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başlanğıcını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yerləşən 1 səviyyəli qovşaqdan götürməklə Stend Atıcılığı İdman Kompleksinə qədər uzanacaq 1-ci texniki dərəcəli 4-zolaqlı avtomobil yolunun ümumi uzunluğu 1,4 km, eni isə 22 m təşkil edəcək.Layihə üzrə çiyinlərin eni 2,5 m, ayrıcı zolağın eni isə 1 m olacaq.Hazırda ərazidə torpaq-qazma və torpaqtökmə işləri davam etdirilir.Müasir işıqlandırma sistemi ilə təhciz olunacaq yoldan yaxın gələcəkdə dairəvi avtomobil yoluna 2-zolaqlı birləşmə də planlaşdırılır. Beləliklə, yeni tikilən avtomobil yolları Stend Atıcılıq Kompleksinə, eyni zamanda respublikanın şimal, şimal-qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin 20 Yanvar dairəsinə daxil olmadan Bakı şəhərinə girişini təmin edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31