Futbol sehrbazlarının məğlubiyyəti də hadisədir

Almaniya sıradan bir komandanı udsaydı, belə ajiotaj yaranmayacaqdı

Futbol üzrə dünya çempionatı finala yaxınlaşır. Mundial finala yaxınlaşdıqca yarışların gərginliyi də artır. 20-ci dünya çempionatında bir neçə oyun baxımlılığı ilə yadda qaldı. Bu sıraya qrup oyunları da, pley-off matçları da aiddir. Ancaq Braziliya-Almaniya yarımfinal oyunu çempionatın bəzəyi oldu desək, məncə yanılmarıq. 8 qolun vurulduğu, saysız-hesabsız qol epizodlarının yarandığı bu matç hələ uzun illər danışılacaq, müzakirə olunacaq. Bu oyunun favoriti 5 qat dünya çempionu olan Braziliya sayılırdı. Hətta futbol mütəxəssisləri Braziliyanın çempion olacağını proqnozlaşdırırdılar. Yarımfinalda ev sahiblərini 7-1 hesabı ilə darmadağın etmiş Almaniyanın baş məşqçisi İohim Löv belə mundialın əvvəlində Braziliyanın çempion olacağını demişdi. Ancaq əbəs yerə deməyiblər ki, meydança hamar, top yumrudur. 90 dəqiqəlik oyunda matçın taleyini futbolçular həll edir. Braziliya oyuna ciddi itki ilə çıxmışdı.  Neymar zədə üzündən,  Tyaqo Silva cəza səbəbindən oynamırdı. Braziliya bu matça qədər özünü o qədər də yormamışdı. Qrupda Xorvatiyanı 3-1 hesabı ilə udmuş, Meksika ilə qolsuz bərabərliyə qalmış, Kamerunu 4-1 hesabı ilə üstələmişdi. Futbol azarkeşlərinin parlaq oyun gözlədikləri braziliyalılar 8/1 mərhələsində Kolumbiyanı 2-1 hesabı ilə məğlub etdilər. 4/1-də Çili komandası ilə 120 dəqiqə ərzində bərabərə qalan sambaçılar yalnız penaltilərlə növbəti mərhələyə çıxmağı bacardılar. Almanlar isə çempionata Portuqaliya üzərindəki 4-0 hesablı parlaq qələbə ilə başlamışdılar. Qana ilə 2-2 hesablı bərabərə qalan almanlar üçüncü oyunda ABŞ-ı 1-0 hesabı ilə məğlub edərək növbəti mərhələyə qrup lideri olaraq vəsiqə qazanmışdılar. 8/1-də Əlcəzairə çətinliklə qələbə qazanan bundestim 4/1-də Fransa ilə qarşılaşmada inamlı təsir bağışladı:1-0. Futbol azarkeşləri yarımfinalda almanlardan belə parlaq oyun gözləyirdilər, ancaq Braziliya yığmasından belə biabırçı nəticəni heç kim gözləmirdi. Almanlar oyunun taleyini ilk hissədə həll etdilər. Sürətli hücumlar, məhsuldar ötürmələr və dəqiq zərbələr bundestimi ilk yarıda 5-0 önə çıxardı. Braziliya o qədər zəif təsir bağışlayırdı ki, ikinci hissədə bu komandanın toparlanmasını az adam proqnozlaşdırardı. Belə də oldu. İkinci hissə də almanların üstünlüyü ilə keçdi. Hesabı və gücünü qoruyub saxlamağa çalışan İohim Lövün yetirmələri yenə baxımlı oyun göstərdilər və daha 2 qol vurdular. 90-cı dəqiqədə Oskarın vurduğu qol zəif təsəllidən başqa bir şey olmadı. Almaniya milli komandasının (o cümlədən, Hollandiyanın) parlaq oyunu "Avropa futbolu çökür" deyə proqnoz verən "şərhçilərin" yanlışını üzə çıxardı.  Bir sıra "ekspertlər" Braziliya yığmasının bilərəkdən uduzduğunu, bununla da oyunçuların mundialın keçirilməsini ölkə büdcəsi üçün israfçılıq hesab edib hökumətə qarşı etiraz aksiyaları keçirən xalq kütlələrinə dəstək verdiyini iddia edirlər. Qarışıqlıqdan istifadə edib "ərəb baharı"nı Braziliyaya keçirmək istəyən supergüclərin hansısa məxfi planından da danışılır. Fikrimizcə, bunlar elə ehtimal olaraq da qalacaq. İyulun 8-də The Mineyrao stadionunda əsl futbol oynandı. Güclü qalib gəldi. Braziliya zəif təsir bağışladı, tarixində ikinci bu cür acınacaqlı məğlubiyyətə uğradı (ilk dəfə sambaçılar 1920-ci ildə 0-6 hesabı ilə Uruqvay millisinə uduzmuşdu). Bundestimi "Hitlerin komandası" adlandıranlar da yanlış edirlər. Bu oyunda gözəl, baxımlı futbol oynandı, deməli futbol da qalib gəldi! Bu məğlubiyyətə baxmayaraq, Braziliya yenə dünyanın ən güclü futbol ölkəsidir, ən güclü futbol komandalarından biridir. Və bu, belə də davam edəcək. Kimlərsə, Braziliyanın məğlubiyyətindən qəzəblənmiş azarkeşləri harasa istiqamətləndirə, siyasi məqsədlər güdə bilərlər. Ancaq futbol tarixinə bu cür cılız hisslər düşmür. Gözəl oyunlar, baxımlı qollar düşür. Dünənki gözəl oyuna görə, həm də Braziliyaya təşəkkür düşür. Hər halda Almaniya sıradan bir komandanı udsaydı, belə ajiotaj yaranmayacaqdı. Futbol sehirbazlarının məğlubiyyəti də hadisədir.

Elman Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31