Messini gözdən qoymayın, Robbeni yıxmayın

Bu gecə yarımfinalda Argentina millisi Hollandiya ilə qarşılaşır; argentinalı ulduz üç oyundur ki, fərqlənə bilmir.Braziliyada bir aya yaxındır davam edən dünya çempionatı sona çatır. Bakı vaxtilə iyunun 10-na keçən gecə, saat 01:00-da sonuncu yarımfinal matçında Argentina millisi Hollandiya yığması ilə qarşılaşacaq.Argentina millisi bu çempionatda parlaq oyun nümayiş etdirməsə də, yarımfinaladək irəliləməyi bacardı. Argentina 1994-cü ildə bəri keçirilən dünya çempionatlarında yarımfinala çıxa bilmirdi. Bu dəfə isə "F" qrupunda İran, Bosniya və Nigeriya ilə mübarizədə 9 xal toplaya bildi. 1/8 finalda İsveçrəni, 1/4 finalında isə Belçikanı mübarizədən kənarlaşdıran Argentina bu mundialda daha güclü rəqiblə gücünü sınamalıdır. Argentina və Hollandiya komandaları indiyə kimi dördü dünya çempionatlarında olmaqla 8 dəfə qarşılaşıblar. Bu oyunlarda hollandların aşkar üstünlüyü var: 4 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət.Hollandiya milli komandası argentinalılara dünya çempionatının 1974-ün ikinci qrup mərhələsində 4:0, 1998-in 1/4 finalında 2:1 hesabıyla qalib gəlib. Argentina isə yalnız 1978-ci il mundialının  finalında, əlavə vaxtda 3:1 hesabıyla qələbə qazanıb. Rəqiblərin 2006-cı il dünya çempionatının  qrup mərhələsində baş tutan son oyunu qolsuz bərabərliklə başa çatıb - 0:0.

Argentina millisinin oyununda problemlər olduğu barədə dəfələrlə yazılsa da, komanda hər mərhələdə "sudan quru çıxa" bilib. Argentinanın keçirdiyi oyunlarda sadəcə, bəxti gətirib demək də ədalətsizlik olardı. Amma keçirdiyi bütün oyunlarda minimal hesablı qələbə qazanması Argentinanın komanda olaraq gücünün yetirincə olmadığını və yalnız bəzi oyunçularının fərdi ustalığı sayəsində yarımfinaladək irəlilədiyini  göstərir. Komanda qrup mərhələsi də daxil olmaqla cəmi 8 top vurmasının başqa necə izah etmək olar? Səkkiz topun 4-nü Leonel Messi vurub, Gonzalo, Roxo və Anxel di Mariya isə hərəyə bir dəfə fərqləniblər. Bosniya ilə oyunda isə bir avtoqol olub. Müqayisə üçün qeyd edək ki, Hollandiya qrup mərhələsində rəqib qapılarında 10 top vurmuşdu. Argentina yarımfinala gəlib çatsa da, hələ Hollandiyanın qrupda vurduğu qolların sayına çatmayıb. Bu fakt Argentina millisində  hücum xəttində işlərin qaydasında olmadığını bir daha təsdiqləyir. Daha bir məqam isə argentinalı ulduz oyunçusu Messinin pley-off mərhələsində hələ də qol vura bilməməsidir. Bu rəqiblərin bütün müdafiəni ulduz hücumçunun zərərsizləşdirməyə yönəltdiyi ilə də izah oluna bilər. Amma yalnız səbəb bu da deyil. Messi dahi futbolçu olsa da, ona qol vurmaq üçün komanda yoldaşları şərait yaratmalıdır. Argentinada isə komanda oyunu ya çox zəifdir, ya komandada atmosfer istənilən səviyyədə deyil.  Zənnimizcə, Argentina bu çempionatda ilk dəfə bu gecə daha ciddi sınaq qarşısında olacaq. Büdrəsə, evə gedəcək...Hollandiya ilə oyun ərəfəsi Messi ilə bağlı maraqlı statistika açıqlanıb. Məlum olub ki, Argentina yığmasının hücumçusu uğurlu aldadıcı hərəkətlərin və qol məqamlarının sayına görə dünya çempionatının lideridir.27 yaşlı futbolçu rəqiblərini driblinqin köməyi ilə 29 dəfə geridə qoyub və rəqib qapıları önündə 19 qol vəziyyəti yaradıb.Argentina millisi yarımfinal oyununa ciddi itkilərlə çıxmalı olacaq. Nigeriya ilə oyunda zədələnən  Serxio Aquerodan sonra Anxel di Mariya da sıradan çıxıb. Xüsusilə Anxel di Mariyanın sıradan çıxması Argentinanın hücum xəttinin zəifləməsi və  Messinin işinin daha da çətinləşməsi deməkdir.Hollandiya millisinin futbolçusu Bruno Martins komandasının Messiyə qarşı necə oynayacağından danışıb. O, Argentinanı  məğlub edə biləcəklərini deyib:"Argentinanın Belçika ilə oynadığı matçı izləmişəm. Belçika Argentina ilə oyunda çoxsaylı qol imkanları yaratmışdı. Düzdür, rəqib yaxşı futbolçulardan ibarət komandadır. Ancaq hər komandanın güclü və zəif tərəfləri var. Onları məğlub edə bilərik. Rəqib futbolçu Messiyə isə topun çatmasına imkan verməməliyik".

Hollandiya millisinin məşqçisi Patrik Klüyvert  Messidən çəkinmədiklərini deyib.
Onun dediklərinə diqqət yetirək: "Soruşursunuz ki, biz Messini necə dayandıracağıq? Bəli, o, vacib oyunçudur. Amma bəs Argentina Robbeni neçə dayandıracaq?" Doğrudan da 1984-cü il təvəllüdlü bu hücumçu bu mundialın ən yaxşılarından hesab olunur. Robben sanki motor kimi işləyir, hücumdan orta xəttə qaçır, oradan müdafiəyə. Meksika və Kosta-Rika ilə görüşlərdə xüsusilə onun qarşısını almaq müşkülə çevrilmişdi. Bu oyunçunun sürətli və texniki oyunu Hollandiyanın əsas gücü hesab oluna bilər. Onun Meksika ilə oyunda "yıxılaraq" penalti qazanmasından sonra ona hakimlərin diqqəti daha da artıb. Hətta hərdən adama elə gəlir ki, Robben indi "yalançının evi yandı, heç kim inanmadı" durumuna düşüb... 

Uesli Sneynder də Robben haqda müsbət fikirlər səsləndirib. O, Robbeni Hollandiya yığmasının Messisi adlandırıb: "Robben komandaya çox kömək edir.  Oyunlarda rəqibin 2-3 futbolçusu onu zərərsizləşdirməyə çalışır. Bu zaman isə  bizim istədiyimiz kimi oynağımız üçün imkan yaranır. Argentina üçün Messi necə önəmlidirsə, bizim üçün də Robben elədir". Sneyder Argentina ilə matçın asan olmayacağını deyib:  "Argentina ilə oyun asan olmayacaq. Çünki rəqibimiz çox güclüdür. Amma biz özümüzə güvənirik. Argentina yığmasının futbolçuları oyunlara yaxşı formada çıxır. Biz də ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışmalıyıq. O zaman qələbə qazanma şansımız daha çox olacaq".

Robben, Snayder və Van Persi  "trio"su  Hollandiyanın qələbə  formulasıdır. Bu formulanı isə futbolu elm hesab edən baş məşqçi Lui Van Qal tapıb. Onun "qocaları" mundiala aparmaqda qınayanlar indi holland məşqçinin ünvanına təriflər yağdırırlar. Futbol mütəxəssislərinin rəyinə görə, Van Qal Braziliya çempionatında oyunun gedişində iki-üç dəfə taktikanı dəyişir ki, bu da yeni futbol tarixində görünməmiş hadisədir. Kosta-Rika ilə oyunun uzatma dəqiqələrində qapıçını dəyişməsi və bunun nəticəsində komandanın yarımfinala yüksəlməsi Van Qalın istedadlı məşqçi olduğunun daha bir sübutu kimi qiymətləndirilib.

Yeri gəlmişkən, Hollandiya millisinin qapıçısı Yasper Silessen penaltilər seriyası öncəsi Lui van Qalın belə bir qərar verəcəyindən xəbərsiz olduğunu deyib: "Penaltilər seriyasında da qapını qorumaq istərdim. Həmin vaxt Tim Krul daha yaxşı durumda idi. Buna görə də Lui van Qalın qərarını qəbul etmək məcburiyyətində qaldım".

Van Qal da rəhbərlik etdiyi komanda haqda xoş sözlər deyib: "Hazırkı Hollandiya millisi bu günə qədər işlədiyim ən yaxşı kollektivdir. Bunu ilk təlim-məşq toplanışında da hiss etmişəm".

Van Qal qapıçı əvəzetməsini oyundan əvvəl planlaşdırdığını etiraf edib: "Hələ matçdan əvvəl Tim Kruldan istifadə etməyi düşünürdüm. Sadəcə, Sillesenin məyus etməmək üçün bunu heç kimə bildirməmişdim. Əslində hər iki qapıçının öz üstünlükləri var. Ancaq Tim Krul penaltilər seriyasına qədər də komandanın ən yaxşılarından biri idi". 
Qeyd edək ki, bu mühüm qarşılaşma türkiyəli referi Cüneyt Çakıra həvalə olunub. Onun köməkçiləri Bahəddin Duran və Tarık Ongun olacaq.

C.Çakır bunda əvvəl Əlcəzair - Rusiya və Braziliya - Meksika görüşlərini idarə edib.

Yeni Müsavat

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31