“Hakimliyi Superkubok görüşünün səviyyəsinə uyğun saymıram” - MÜSAHİBƏ
24 Oktyabr 2013 12:42 İdman"Xəzər Lənkəran"ın malili yarımmüdafiəçisi Sadio Tounkaranın apasport.az saytına müsahibəsi
- Superkubokda əzəli rəqibiniz "Neftçi"ni məğlub etdiniz. Bu qarşılaşma ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Oyun çox yaxşı keçdi. Xüsusilə də ilk hissədə yaxşı çıxış etdik. Fasiləyə qədər daha çox qol vura bilərdik. İkinci hissəyə də yaxşı başladıq. Ancaq mənə verilən qırmızı vərəqə hər şeyi korladı. İstənilən halda, qələbəyə layiq olan tərəf biz idik. Nətiəcədə də haqlı olaraq qələbə qazanan tərəf biz olduq.
- Sizə verilən ikinci sarı vərəqəni haqsız sayırsınız?
- Həmin epizoda təkrarda da baxa bilərsiniz. Rəqib oyunçu gəlib mənimlə üzbəüz dayandı və sonra birdən özünü yerə çırpıb yıxıldı. Baş hakim isə buna görə mənə qırmızı vərəqə göstərdi.
- Ümumiyyətlə necə düşünürsünüz, bu matçın hakimliyi Superkubok matçının səviyyəsinə uyğun idimi?
- Əvvəl hakimlik yaxşı idi. Ancaq sonrakı dəqiqələrdə baş hakim bizə qarşı qeyri-adi qərarlar verməyə başladı. O əvvəl verdiyi penalti qərarını ləğv etdi. Daha sonra mənə yersiz vəziyyətdə qırmızı vərəqə göstərdi. Ona görə də bu hakimliyi Superkubok görüşünün səviyyəsinə uyğun saymıram.
- "Xəzər Lənkəran"da ilk titulunuzu qazandınız. Bu haqda nə deyə bilərsiniz?
- Burda 3-cü mövsümümü keçirirəm. Ancaq buna baxmayaraq, Superkubok "Xəzər Lənkəran"da ilk titulumdur. İstəyirəm ki, bu komandada titullarımın davamı gəlsin.
- Qırmızı vərəqə almaqla komandanızı azlıqda qoydunuz. Buna görə komandanız uduzsaydı, özünüzdə müəyyən qədər günah görəcəkdiniz?
- Təbii ki, həmin an çox əsəbi idim. Özümə güc-bəla ilə nəzarət edə bilirdim. Yersiz qırmızı vərəqə almışdım. Buna görə komandam məğlub ola bilərdi. Ancaq sonda haqq zəfər çaldı və biz layiqli şəkildə 10 futbolçu ilə belə "Neftçi"yə qalib gəldik.