“Rusiya yığmasına qalib gəlsək...” - Nazim Süleymanov
“Rusiya yığmasının futbolçularının güclü və zəif tərəfləri meydanda görünür”
14 Oktyabr 2013 15:16 İdman"Sheraton Baku Airport Hotel"də Azərbaycan milli komandasının məşqçiləri Nazim Süleymanov və Aslan Kərimovun DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya milli komandaları arasında keçiriləcək oyuna həsr olunmuş mətbuat konfransı keçirilib. Bu barədə "OLAYLAR" İA xəbər verir. Milli komandanın məşqçisi Nazim Süleymanov: "Oyuna yaxşı hazırlaşırıq. Qələbə qazanmaq istəyirik. Rusiya yığmasının futbolçularının güclü və zəif cəhətləri meydanda görünür. Ona görə də diqqətli olmalıyıq. Futbolçularımız Rusiyada oynaya bilər. Sadəcə, istək olmalıdır. Qol vurmaq üçün zərbə, zərbə vurmaq üçün isə istək olmalıdır. Rusiyada futbolçuların sürəti artıb. Biz oynadığımız dövrlə müqayisədə maliyyə baxımından da yüksəliş var".
"Rusiya yığmasına qalib gəlsək, bu, sensasiya sayılmayacaq. Çünki istənilən rəqiblə oynaya bilərik. Millinin üzvlərinin ustalıq baxımından güclü çempionatlarda oynamasını istərdik. Futbolçularımız Rusiyada oynasa, bizim üçün də rahat olar. Ruslar bizdən təcrübə baxımından üstündür. Bizim üstünlüyümüz isə doğma meydanda oynamağımızdır. Bəlkə də motivasiya baxımından bizim qələbəmiz daha vacibdir. Heyətdə bəzi dəyişikliklər olacaq. Bu, Rasim Ramaldanovla bağlıdır. O, oyunu buraxacaq. Bundan başqa, digər səbəblərdən də heyətdə dəyişikliklər olacağı istisna olunmur"- bu sözləri milli komandanın məşqçisi Aslan Kərimov mətbuat konfransı zamanı jurnalistlərə açıqlamasında bildirib.