“Hiss etmişdim ki, nizam-intizam azərbaycanlılara baha başa gələ bilər”
11 Oktyabr 2013 13:17 İdman"Azərbaycana qarşı yaxşı oynadıq. Onların seçmə mərhələyə çox hazırlaşmasından hiss etmişdim ki, çox çətin qarşılaşma olacaq". Apasport.az saytının məlumatına görə, bunu İrlandiyanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Pol Dulin deyib.
Dünən İsveçdə 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsinin 3-cü qrup görüşlərinə start verilib. Millimiz ilk sınağında İrlandiyaya 0:2 hesabı ilə məğlub olub.
Görüşün 36-cı dəqiqəsində millimizin "Zenit"li futbolçusu Elvin Bədəlov meydandan qovulsa da, UEFA-nın saytı sonradan bu qırmızı vərəqəni səhifəsindən silib. Ancaq maraqlıdır ki, Dulin də yığmamızla oyun haqda açıqlama verərkən bu "qırmızı"dan da danışıb: "Azərbaycan pis təsir bağışlamadı. Hər iki tərəfin bərabər sayda şansları vardı. Azərbaycan yığması yaxşı oyunçuları olan aqressiv və sürətli komandadır. Ancaq hiss etmişdim ki, nizam-intizamı onlara baha başa gələ bilər. Belədə hiss etdiyim kimi çıxdı və onlardan bir futbolçu meydandan qovuldu. Biz yaxşı oynadıq və qapımızı toxunulmaz saxladıq ki, bu da müsbət haldır".
Qeyd edək ki, U-19 növbəti oyununu sabah Bosniya və Hersoqovina millisinə qarşı keçirəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.