Ramin Musayev: Belə iradı ilk dəfə sizdən eşidirəm – MÜSAHİBƏ
7 Oktyabr 2013 17:54 İdmanPeşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi
- Yeni formatda keçirilən Topaz Premyer Liqasında I dövrə başa çatdı. Əksəriyyət cari çempionatın digərlərinə bənzəməyəcəyini söyləyir. Geridə qalan IX tura əsasən belə demək olar?
- Sevindirici haldır ki, mövsümün əvvəli olmasına rəğmən, komandalar gərgin mübarizə aparırlar. Sanki çempionatın sonudur. Allah köməyi ilə yarışı gözəl və ədalətli keçirəcəyik.
- "İnter" və "Xəzər Lənkəran" kimi klubların turnir cədvəlinin alt sıralarında qərarlaşması rəqabətin artmasının göstəricisidir?
- Qarşıda hələ 3 dövrə var. "İnter" artıq öz oyununu tapıb. "Xəzər Lənkəran" isə pis oynamır. Bu komandanın matçlarını izləmişəm, ortada iş var. İnanıram ki, "Xəzər Lənkəran" mükafatçılar sırasına düşəcək. Yaxşı, təqdimata ehtiyacı olmayan baş məşqçiləri var. Heyət də pis deyil. Komanda hazırda adına layiq yerdə olmasa da, uğur qazacağını düşünürəm.
- "İnter"dən söz düşmüşkən, komanda uğursuz çıxış etsə də, rəhbərlik baş məşqçi Kaxaber Sxadadzenin müqaviləsinin müddətini uzatdı. "Rəvan" isə artıq cari mövsümdə ikinci çalışdırıcısını istefaya göndərdi. Bu iki fərqli vəziyyətlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- "O olmasın, bu, olsun" filmində bir epizod var: biri deyir oxu, o biri deyir oxuma. Bax, baş məşqçi dəyişikliyi buna bənzəyir. Hər mütəxəssisin öz metodu, futbola öz yanaşması var. Tez-tez məşqçi dəyişmək kluba və oyunçulara zərbədir. Hər bir adama vaxt verilməlidir ki, nəticə də olsun.
- Son həftələrdə hakimliklə bağlı ciddi narazılıq yoxdur. Ancaq çempionatın əvvəlində bir sıra qalmaqal yaşandı. İş o yerə çatmışdı ki, IV turdan sonra 5 klub hakim səhvləri ilə bağlı videoçarx hazırlayıb rəsmi saytında yerləşdirdi. Ədalət təmsilçilərinin işini necə qiymətləndirirsiniz?
- Elə görüntülər vardı ki, klublar haqsız idilər. Lakin haqlı olduqları epizodlar da vardı. Hər 2-3 turdan sonra hakimlərlə görüşüm olur. İstərdim ki, keçirdiyimiz çempionat ədalətli olsun, kiminsə haqqı tapdalanmasın. Hansısa hakimin yol verdiyi səhvin fəsadları böyük olur. Futbolçu ruhdan düşür, məşqçinin əziyyəti hədər gedir, rəhbərlik dilxor olur. Mən hakim səhvi ilə üzləşən klubları başa düşürəm və haqlı sayıram. Ancaq unutmayaq ki, hakim də insandır. Bilərəkdən səhvə yol verənlər cəzasız qalmır. Bilirsiniz ki, artıq neçə hakim işindən uzaqlaşdırılıb. Klublar milyonlar xərcləyir, əziyyət çəkir. Biz onların haqsızlıqla üzləşmələrinə imkan verməməliyik. Bəzən də görürsən ki, hakim düz qərar qəbul edib, ancaq klublar onun səhvə yol verdiyini iddia edirlər. Bu, düzgün deyil. Lakin təbii ki, haqsızlıqla üzləşən adam səsini çıxartmalıdır. Biz demokratik respublikada yaşayırıq. Hər kəs öz haqqını tələb edə bilər.
- Demokratik respublikada yaşadığımızı söyləyirsiniz. Ancaq rəhbərlik etdiyiniz qurum baş məşqçilərə qarşı senzura tətbiq edir. Oyundan sonra təşkil edilən mətbuat konfranslarında məşqçilərin səsləndirdikləri fikirlər niyə olduğu kimi PFL-in rəsmi saytına yerləşdirilmir?
- Etik normalara uyğun olmayan sözləri saytda necə yerləşdirək?
- Təbii ki, söyüş və ya təhqiri yazmaq olmaz. Biz baş məşqçilərin hakimlikdən və ya digər məsələlərdən narazılığını nəzərdə tuturuq. Özünüzün də dediyi kimi, haqsızlıqla üzləşən adam səsini çıxartmalıdır da. Yaxşı olar ki, PFL baş məşqçilərin fikirlərini saytda olduğu kimi versin və kimin haqlı, kimin haqsız olduğuna ictimaiyyət qərar versin...
- Belə bir iradı ilk dəfədi eşidirəm. Sizinlə danışandan sonra bununla bağlı ölçü götürəcəyik. Sizə söz verirəm, iradınız nəzər alınacaq.
- Anar Niyazov, Babək Quliyev, Elçin Məmmədov, Anar Salmanov kimi hakimlər ən çox təyinat alan və bunun müqabilində ən çox qazanan referilər hesab olunurdular. Ancaq onlar ciddi səhvə, bəlkə də qərəzə görə cəzalanıblar. Başqalarından çox pul alanları bu cür səhvlərə nə vadar edir?
- Yəqin pul çox olanda insan özünü itirir.
- Superkubok məsələsi hələ də açıq qalıb. Həm "Xəzər Lənkəran", həm də "Neftçi" istənilən vaxt oynamağa hazır olduqlarını açıqlayıblar. PFL kimi gözləyir?
- Superkubok hazırdır, özünüz də görmüsünüz. Belə bir oyunu keçirmək şərəfdir. Problem vaxt məhdudiyyətidir, təqvim çox sıxıdır. Onu da hər iki klub rəhbərliyi ilə danışıb yoluna qoyacağıq.
- Son illər PFL ölkə çempionatının mükafatçılarını təltif edən zaman fərdi mükafatlar da təqdim edirdi. Ancaq bu il mövsümün ən yaxşıları seçilmədi. Cari birinciliyin sonunda bununla bağlı planının necədir?
- Bildiyiniz kimi, əvvəllər medalları çempionat başa çatandan bir neçə ay sonra verilirdi. Lakin məsləhət oldu ki, bunu elə çempionatın son oyununda edək. Çünki bir oyunçu "Neftçi" ilə çempion olur, 2 ay sonra "Xəzər Lənkəran"ın formasıyla medal almağa gəlir. Bu isə yaxşı çıxmır. Həm də gec olanda medalları verməyin dadı-duzu da qaçır. Qaldı ki, fərdi mükafatlara, bir söz soruşum: ötən mövsümün bombardiri kimdir?
- Nikolas Kanales.
- Mən iyulda, avqustda onu haradan tapım?
- Bunu bir qədər tez etmək olmaz? Məsələn, mövsüm başa çatandan 3-5 gün sonra...
- Həmin vaxt Bakıda legioner futbolçu tapmaq olur ki? Hamısı tələsik evlərinə gedir. Kanales bir mükafatdan yana heç vaxt bura gəlməz. Açığı, bir yenilik etmək istəyirdim. Düşünürdüm ötən mövsüm kubokun bombardiri olan "Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanovu sabah püşkatmada xüsusi mükafatla təltif edəm. Öz balamızdı, perspektivli futbolçudur. Ancaq soruşdum, dedilər burada yoxdur. İndi çağırıb həmin mükafatı klubun nümayəndəsinə versəm, bu həmin ləzzəti verməyəcək.