Yeniyetmə və gənc cudoçularımız yeni qələbələrə imza atırlar
3 Oktyabr 2013 14:35 İdmanOktyabrın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov cari ildə mötəbər beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş yeniyetmə və gənc cüdoçularla görüşüb. Görüşdə cari ildə beynəlxalq səviyyəli yarışlarda ölkəmizi uğurla təmsil etmiş cüdoçular mükafatlandırılıb.
Qeyd edək ki, Azərbaycan cüdo üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandaları 2013-cü ilin ötən dövründə Beynəlxalq Cüdo Federasiyasının təqvimində olan ən önəmli yarış və çempionatlarda 66 medal qazanıblar. O cümlədən yeniyetmə cüdoçularımız 17 qızıl, 13 gümüş, 11 bürünc, gənc cüdoçularımız isə 8 qızıl, 2 gümüş, 15 bürünc medal əldə ediblər.
2013-cü ilin 21-23 iyun tarixlərində Estoniyanın Tallin şəhərində keçirilən Yeniyetmələrin Avropa Çempionatında komandamız 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazandılar. Çempionata 40 ölkədən 438 iştirakçı qatılmışdı və yeniyetmə cüdoçularımız 6 medalla komanda hesabında 3-cü yer tutdular.
Cüdoçularımızın hazırlıq səviyyəsi özünü Dünya Çempionatında da göstərdi. Mayamidə keçirilmiş Yeniyetmələr arasında Dünya Çempionatında 1 qızıl və 1 gümüş medal əldə olundu. Həmin yarışda dünyanın 91 ölkəsindən 608 yeniyetmə cüdoçu mübarizə aparırdı. Millimiz Dünya birinciliyini komanda hesabında 7-ci yerdə başa vurdu. Eyni zamanda iki cüdoçumuz 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazandı.
Gənclərdən ibarət yığma komandamız da bu il Avropa çempionatında böyük uğurla çıxış etdi. 2013-cü ilin 20-22 sentyabr tarixlərində Bosniya və Hersoqovinanın Saraevo şəhərində keçirilən Gənclər arasında Avropa Çempionatında 5 medal qazanıldı - 2 qızıl və 3 bürünc. 416 cüdoçunun mübarizə apardığı Avropa Çempionatında Azərbaycan 43 ölkə arasında 3-cü yeri tutdu.
Şübhə yoxdur ki, qarşıda yeni-yeni belə qələbələrimiz olacaq və yüksək nəticə göstərən cüdoçularımız 2015-ci ildə keçiriləcək Bakı Avropa Oyunlarında xalqımıza qələbə sevincləri bəxş edəcəklər. Azərbaycanın gənclərdən ibarət cüdo üzrə milli yığma komandasını cari ilin 24-27 oktyabr tarixlərində Sloveniyanın Lublyana şəhərində keçiriləcək Dünya Çempionatı gözləyir.
Həmin yarışlarda milli cüdo yığmamıza uğurlar diləyirik.