Arif Əsədov: Bütün ümidlər bizədir – MÜSAHİBƏ
3 Oktyabr 2013 04:00 İdman19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi
- Oktyabrın 10-da Avropa çempionatının seçmə qrup mərhələsinin görüşlərinə start verəcək. Rəhbərlik etdiyiniz komanda oyunlara nə dərəcədə hazırdır?
- Latviyada keçirəcəyimiz təlim-məşq toplanışı ilə rəsmi görüşlərə hazırlığımızı yekunlaşdıracağıq. Latviyada bir qarşılaşma keçirəcəyik. Ümumi götürdükdə, son bir il ərzində böyük seleksiya işi apardıq. 60-a yaxın futbolçunu baxışdan keçirdik. Latviyaya 19 futbolçu ilə yollanırıq. Bu müddət ərzində müxətlif turnirlərdə iştirak etdik, yoldaşlıq oyunlarında gücümüzü sınadıq. Ümumi hazırlıqdan razıyam. Futbolçuları bir yerə yığmaq, tam heyətlə hazırlıq keçmək baxımından müəyyən problemlərimiz oldu. Amma keçirdiyimiz oyunlar bizə gələcəyə ümidlə baxmağa əsas verir.
- Təxminən bir ilə yaxındır milliyə rəhbərlik edirsiniz. İstədiyiniz komandanı qura bildinizmi?
- Heyətlə bağlı problemlərimiz var. Düzdür, Samir Məsimovu son anda da olsa, gətirə bildik. Əvəzində əsas heyətin üzvlərindən olan qapıçı Eyyub Əliyevi apar bilmirik. O, hərbi xidmətdədir. Tural Rzayevi də analoji səbəbdən özümüzlə apara bilmirik. Belə deyək də, bizə lazım olan 3-4 futbolçu var ki, müəyyən səbəblərdən onlar komandaya qoşula bilməyib. Onların əvəzinə digər futbolçuları heyətə cəlb etmişik.
- Futbolçular arasında anlaşma necədir? Klublardan fərqli, yığma üzvləri hər gün bir komandada çıxış etmirlər...
- Futbolçular təlim-məşq toplanışına yeni gələn vaxt bu baxımdan əziyyət çəkirik. Çünki heyətə cəlb etdiyimiz futbolçuların bir qismi klublarında oynayır, bəziləri isə ehtiyatda qalır. Toplanışın sonrakı günlərində məşq prosesində, eləcə də oyunlar keçirməklə xətlərarası əlaqəni qurmağa çalışırıq. Rəsmi oyunlardan əvvəl Latviyada toplanış keçirməkdə də məqsədimiz həmin əlaqələri yaratmaq, inkişaf etdirməkdir.
- Latviyada hansı komanda ilə qarşılaşacaqsınız?
- Klublardan biri ilə.
- Rəqiblərlə bağlı fikrinizi bilmək istərdik. Oyunlarını izləmisinizmi?
- Rəqiblərimizin iştirakı ilə təxminən 5-6 ay əvvəl keçirilən oyunların videoyazısı var. Əsas problemimiz birinci oyunla bağlıdır. Çünki Bosniya və Hersoqovina, eləcə də İsveçin iştirakı ilə keçiriləcək oyunu canlı izləmək imkanımız olacaq. İrlandiya haqda da müəyyən məlumatımız var. Hansı üslubda oynadıqlarını bilirik. Güclü və zəif tərəflərini özümüz üçün müəyyənləşdirmişik.
- Necə düşünürsüz, Azərbaycan yığması uğurlu nəticə əldə edə biləcəkmi?
- Əgər futbol reytinqi əsasında müqayisə aparsaq, bəli, biz onlardan geri qalırıq. Ancaq reallığı nəzərə alsaq, heç də belə deyil. Şansları 50-nin 50-yə hesab edirəm. Komandama güvənirəm. Uşaqlarda da inam var.
- Aşağıyaşlı futbolçulardan ibarət yığmalarımızın üçü mübarizəni başa çatdırıb və heç biri mərhələ adlaya bilməyib. Ümid U-19-a qalib. Bu futbolçular üzərində əlavə təzyiq yaratmır?
- Bu da məsuliyyətimizi artırır. Uşaqlarla bu haqda danışacağıq. Onlar da başa düşürlər ki, bütün ümidlər bizədir və Azərbaycanı layiqincə təmsil etməliyik.
- Oyunların fərqli iqlimə malik ölkədə keçirilməsi hansısa əngəl yarada bilərmi?
- Latviyaya yollanmağımız həm də bununla bağlıdır. Bu ölkəni ona görə seçdik ki, İsveçin iqliminə nisbətən uyğundur. Həm də İsveçə 3 gün əvvəl gedəcəyik. Vaxt amilini nəzərə almışıq. İsveçlə Bakı arasında 3 saatlıq fərq var. Planımızı da buna uyğun quracağıq ki, uşaqlar adaptasiya olsunlar.