Jan-Pyer Papen: Hafiz Məmmədov “Lans”ı seçibsə...

"Mənə Hafiz Məmmədovu "Lans"la əməkdaşlığı boynuna götürməsinə inandırmaq lazım gəlmədi. Çünki bundan öncə mən onunla görüşəndə Məmmədov artıq bu işi görəcəyinə əmin idi". Apasport.az saytının məlumatına görə, bunu Fransa futbolunun canlı əfsanəsi Jan-Pyer Papen deyib.

Yaxınlarda Fransanın paytaxtı Parisdə "Bakı" ilə "Lans" klubları arasında əməkdaşlıq müqaviləsi imzalandı. Həmin tədbirdə yer alan isimlərdən biri də "Bakı"da müəyyən vəzifələrdən birini alacağı deyilən Papen idi. 1991-ci ildə ilin Avropada ilin futbolçusu seçilən 50 yaşlı veteran bu əməkdaşlıqdan danışıb.

O, Bakıya səfəri zamanı Hafiz Məmmədovun bu məsələdə razılığını almağa çalışmadığını bildirib. Papenin sözlərinə görə, bu əməkdaşlıqdan 2 tərəf də fayda götürəcək: "Sadəcə, Olivye Dakur kimi mən də Jerve Martelə kömək etməyə çalışdıq. Çoxlu pulu olan və ilk növbədə öz ölkəsinin inkişafını istəyən bir neçə şəxs vardı. Hafiz Məmmədov Madrid "Atletiko"su, "Portu" və "Lans"ı seçdi. Bu, adi bir şey deyil.

Əgər Hafiz Məmmədov "Lans"ı seçibsə, deməli, hesab edir ki, bu klubla nəsə əldə etmək mümkündür! İstənilən halda, 2 təcrübəli şəxsin bir komandaya rəhbərlik etməsi onların bir-birini tamamlamasına xidmət edir. Onların futbolçuları bizdən təcrübə qazanacaq, "Lans" isə maliyyə dəstəyindən faydalanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31